Fəhlənin əmək hüququ dərdi
O "Azərsun"dan qanunsuz işdən çıxarıldığını bildirir

"Bir gün işə gələndə giriş kartını yaxınlaşdırıb gördüm ki, işləmir. Dedilər, işdən azad olmusan, ona görə də rəhbərliyin tapşırığı ilə giriş kartın qapadılıb. Nə qalan maaşımı, nə kompensasiyamı... heç nəyi ödəmədilər". İmişli sakini Qarabağ müharibəsi iştirakçısı olan Zaur Quliyev "Azadlıq" radiosunun "Qaynar xətt"inə belə deyib.
O, "Azərsun Holdinq" şirkətlər qrupuna daxil olan "Azərbaycan Şəkər" İstehsalat Birliyi tərəfindən əmək hüquqlarının pozulduğu deyir. O, danışır ki, 2003-cü ildən Holdinqin İmişlidəki şəkər zavodunun tikintisində fəhlə, sonralar isə paketçi və operator kimi çalışıb. Bəs sonra zavod rəhbərliyi ilə arasında nə baş verib, özü danışır: "Zavod açılan vaxt orada çalışan ilk 5 nəfərdən biri olmuşam. Heç vaxt töhmətim, xəbərdarlığım olmayıb. Vaxtlı vaxtında işə gedib, işdən gəlmişəm. Nə qulluq tapşırıblarsa yerinə yetirmişəm. 4 ay əvvəl şəkərin qablaşdırılması sexində gecə pəncərə açıq qalmışdı. Buna görə zavodun direktoru Fərhad Tuğal məni yanına çağırıb danladı. Üzrxahlıq elədim. Ancaq üzrxahlıq keçmədi. Sabahı gün giriş kartım donduruldu, mənə bildirildi ki, işdən çıxarılmışam. Mən də tələb etdim ki, əmrimi özümə versinlər, işdən çıxarıldığıma görə iki aylıq kompensasiyamı ödəsinlər. Hər gün zavoda gedir, zavodun qarşısında tələblərimi səsləndirirdim. Bakıya "Azərsun"a yazdım".
Deyir, nəhayət, 2 həftədən sonra komissiya yaradılıb və dinlənilib. Ancaq komissiya qarşısında "çox danışdığına" görə işə qaytarılmayıb. Bakıya gəlib, baş ofisdə şirkət rəhbərliyi ilə görüşəndən sonra onu şəkər zavoduna işə bərpa edirlər - bu dəfə zibilyığan işinə: "Üç aya yaxın yem zavodunda zibilyığan işlədim. Mənimlə eyni işi görənlər 600-700, mənsə 270 manat maaş alırdım. Bir gün yenə işə gələndə gördüm ki, giriş kartımı dondurublar. Məlum oldu ki, məni yenə işdən çıxarıblar. Səbəbini heç kəs anlada bilmədi. Özümsə anladım ki, məndən bir neçə ay əvvəl baş verənlərin, Bakıya qədər şikayətə getməyimin qisasını alırlar".
Bu dəfə işdən çıxarılanda Zaur Quliyev mətbuata yazıb ötürüb ki, zavod rəhbərliyi fəhlələrlə qul kimi davranır. Fəhlələri 12 saat işlədib, 8 saatın pulunu veririlər. İşçilərin təhlükəsizlik məsələlərinə diqqət göstərilmir, bu üzdən də bir neçə işçi həyatını itirib. Başqa qazanc yerləri olmadığından qul münasibətinə göz yumub burada çalışmaq məcburiyyətindədilər.
Zaur Quliyevin sözlərinə görə, bu dəfə ona bildiriblər ki: "Dedilər, bəlkə də səni işə qaytara bilərdik, ammaaa... bu açıqlamalardan sonra daha səninlə işbirliyinə imza ata bilmərik. Üstəlik, məni İmişli polisinə çağırıb mətbuata yazdıqlarımı geri götürməyimi və üzr istəməyimi tələb etdilər".
Zaur Quliyev "Azərsun Holdinq"dən işdən çıxarılması barədə əmri və kompensasiya tələb edir.
"Azərsun Holdinq"in mətbuat xidmətinin rəhbəri Afiq Səfərov keçmiş fəhlənin dedikləri ilə razılaşmayıb. O, bildirib ki, Zaur Quliyevin dedikləri həqiqətə uyğun deyil. İmişli Şəkər Zavodunda 2 minə yaxın insan işləyir. İşçilərə hər gün nahar verilir, hər ay ərzaq yardımı edilir. Zaur Quliyev işə məsuliyyətsiz yanaşdığına görə belə bir vəziyyət yaranıb. Şirkət sözçüsünün deməsinə görə, Zaur Quliyev işdən çıxarılanda ona iki aylıq əməkhaqqı mislində təzminat ödənilib.
Keçmiş fəhlə isə ona kompensasiya ödənilməsi ilə bağlı deyiləni təkzib edib.
Hüquqşünas Namizəd Səfərov məsləhət görür ki, keçmiş fəhlə əmək hüquqlarının pozulması ilə bağlı məhkəməyə müraciət etsin.