Heydər Əliyevsiz 9 il...
Heydər Əliyevsiz 9 il...

Yaxud Zamansızlaşan Əbədiyyətin naxışları

Böyük ömrün 9 əsas gizgisi

I. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub.
II. 1944-cü ildə dövlət təhlükəsizliyi orqanında işləyib.
III. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur.
IV.1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur.
V. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir.
VI. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur.
VII. 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.
VIII. 1994-cü il sentyabrın 20-də "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında" Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə dünyanın tanınmış neft şirkətləri arasında saziş imzalanıb.
Təxminən, 400 səhifə həcmində və 4 dildə hazırlanmış müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adını alıb.
"Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti ("Amoco", bp, "McDermott", "Unocal", ARDNŞ, "LUKoil", "Statoil", "Ecson", "Türkiye Petrollari", "Pennzoil", "Itochu", "Remco", "Delta") iştirak edib.
IX. Dekabrın 12-də Azərbaycanın ümummilli lideri, Prezident Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etmişdir.

Rəsmi etiraflar

Heydər Əliyev bir çox dövlət orden və medallara, beynəlxalq mükafatlara layiq görülmüş, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilmişdir.
Heydər Əliyev dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını almış, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunmuşdur.
27 mart 1997-si il - Kiyevdə Azərbaycanın dövlət başçısına Ukraynanın ali mükafatı "Yaroslav Mudrı" ordeni təqdim edilmişdir.
13 aprel 1999-cu il - Prezident Heydər Əliyev Türkiyənin ən nüfuzlu mükafatı - "Atatürk Sülh Mükafatına" layiq görülmüşdür.
20 yanvar 2001-ci il - Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə Moskva Dövlət Universitetinin "Fəxri professoru" adı verilmişdir.
3 aprel 2003-cü il - Azərbaycan Prezidenti Heydər Əliyev Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru və həqiqi üzvü seçilmiş, Y.V.Andropov adına mükafata layiq görülmüşdür.
10 may 2003-cü il - Rusiyanın yüksək mükafatı - Müqəddəs Apostol Andrey Pervozvannı ordeni ilə təltif olunması barədə Fərman imzalanmışdır.

Böyüklər böyüklük
haqqında
Corc Buş, Amerika Birləşmiş Ştatlarının Prezidenti (2000-2008)
Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar. Onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır.
..Dünyada tanınmış görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm.
Bənəzir Bhutto, Pakistanın baş naziri (1988-1990 və 1993-1996)
Keçmiş Sovetlər İttifaqına daxil olmuş respublikalar arasında dövlət çevrilişi cəhdlərinin qarşısını almaq üçün ən yaxşı mexanizm Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda yaradılmışdır. Mən fikirləşirəm ki, dövlət çevrilişinə cəhd etmək istəyənlər gərək başa düşsünlər ki, onsuz da uğursuzluğa düçar olacaqlar. Çünki mən yaxşı bilirəm ki, Azərbaycanda xalq sizi dəstəkləyir. Heydər Əliyevin çox müdrik təşkilatçılıq qabiliyyəti var, ona görə də indi ölkədə hər şey maşın mexanizmi kimi işləyir.
Azərbaycanın Prezidentinə bizim dərin hörmətimiz var, onun siyasi karyerasını diqqətlə izləyirik və Azərbaycanda demokratik dəyişikliklərin aparılmasını, ölkənin bazar iqtisadiyyatına doğru addımlamasından ötrü göstərdiyi səyləri dəstəkləyirik. Bu proseslər - həm demokratik cəmiyyətin qurulması, həm də azad bazar münasibətlərinin yaradılması asan iş deyildir. Bundan ötrü vaxt gərəkdir. Biz bu işdə Heydər Əliyevi dəstəkləyirik və əminəm ki, Azərbaycan xalqı onun müdrik rəhbərliyi altında bu dəyişikliklərin bəhrəsini görəcəkdir.
Eduard Şevardnadze, Gürcüstan Prezidenti (1992-2003)
Prezident Heydər Əliyev qəhrəmanlığı, müdrikliyi, mətanəti və qarşısına qoyduğu məqsədinə sarsılmaz sədaqəti olmasaydı, Şərq - Qərb enerji dəhlizi gerçəkləşə bilməzdi. Ötən müddət ərzində Prezident Heydər Əliyev enerji dəhlizinə verdiyi dəstəkdən geri çəkilməmişdir. Onu boru kəmərlərinin reallığa çevrilməsində göstərdiyi qətiyyət bu böyük və mühüm işlərin düzgün istiqamətləndirilməsini mümkün etmişdir. Dünya miqyaslı dahi siyasətçi cənab Heydər Əliyevin uzaqgörənliyi, dövlətin və ölkə iqtisadiyyatının inkişafının əsas qanunları və yolları haqqında ensiklopedik biliyə malik olması, böyük və misilsiz rəhbərlik təcrübəsi, xalqına sədaqəti və Vətənə sonsuz məhəbbəti ona miqyasına görə dünyada analoqu olmayan çox nəhəng layihəni yaratmaq, eyni zamanda, bunun həqiqi rəhbəri və bilavasitə əsas icraçısı olmaq imkanı verdi. Bizim bədxahlarımız bu layihənin reallaşmasını istəmirdilər. Ona görə də təxribat aktlarından belə çəkinmirdilər. Məhz Azərbaycan prezidenti bütün bunlara sinə gərərək, qərarlılığını bir daha dünyaya nümayiş etdirdi. Beləliklə, həmin bədxahlar onda öz məqsədlərinə nail ola bilmədilər və gələcəkdə də nail ola bilməyəcəklər.
Əhməd Necdət Sezər, Türkiyə Respublikasının Prezidenti (2001-2008)
Uzaqgörən və istedadlı idarəçiliyi sayəsində Azərbaycanın hər sahədə inkişaf etməsini və bugünkü nüfuzlu mövqeyə çatmasını təmin edən Heydər Əliyevi şəxsən tanıdığıma görə böyük şərəf və xoşbəxtlik hissləri keçirirəm.
Azərbaycanın əmin-amanlığı və çiçəklənməsi üçün göstərdiyi səylərlə yanaşı, Heydər Əliyev bütün Qafqaz bölgəsinin sülhün bərqərar olduğu bir məkana çevrilməsi istiqamətindəki fəaliyyəti ilə də daim xatırlanacaqdır.
Heydər Əliyevin dəyərli töhfələri ilə başlanmış müştərək layihələr dost və qardaş dövlətlərimizi bir-birinə daha da yaxınlaşdıraraq, ölkələrimiz arasındakı münasibətlərin sarsılmaz təməllər üzərində qurulduğunu bir daha sübut etmişdir.
Helmut Kol, Almaniyanın federal kansleri (1982-1998)
Biz inamla deyə bilərik ki, Almaniya ilə Azərbaycan arasında, xüsusən iqtisadi sahədə olan dostluq münasibətləri son illərdə aşkar etmiş və dərinləşmişdir. Bu işdə Heydər Əliyevin səylərinin böyük rolu olmuşdur. Eyni zamanda, o, ölkəsinə çətin bir şəraitdə rəhbərlik edərək, onu azadlıq və siyasi - iqtisadi inkişaf yolu ilə aparır. Bu, dünya dövlətləri arasında ölkənizə etimadın artmasına səbəb olmuşdur.
Henri Kisincer, ABŞ-ın dövlət katibi (1973-1977)
Azərbaycan Prezidentinin Qafqazda atdığı addımları Birləşmiş Ştatlarda diqqətlə izləyirlər. Azərbaycan çox mürəkkəb coğrafi məkanda yerləşən dövlətdir. ABŞ və Qərb ölkələri ilə əlaqələri inkişaf etdirməyi, bazar iqtisadiyyatının və demokratiyanın bərqərar olması üçün əzmlə çalışmağı qarşısına məqsəd qoyan Prezident Heydər Əliyevin fəaliyyəti təqdirə layiqdir. Heydər Əliyev müstəqilliyi qoruyub saxlamaq uğrunda əzmlə, qətiyyətlə mübarizə aparır.
Xu Szintao, Çin Xalq Respublikasının Sədri
Beynəlxalq aləmdə tanınmış siyasətçi, Çin Xalq Respublikasına dostluq münasibəti bəsləyən, Çin xalqının qədim dostu olan cənab Heydər Əliyev Çin-Azərbaycan dostluq münasibətlərinin inkişafında böyük rol oynamışdır.
II İohan Pavel, Roma papası (1978-2005)
Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası son illər dünya birliyində layiqli yer tutmuşdur. Azərbaycanda hüquqi dövlət quruculuğu, iqtisadi islahatların uğurla həyata keçirilməsi sahəsində görülən işləri diqqətlə izləyir və onları dəstəkləyirəm.
Jak Şirak, Fransa Respublikasının Prezidenti (1995-2007)
Bu qeyri - adi şəxsiyyət Azərbaycanı tərəqqi yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həllində onun göstərdiyi cəsarəti, müdrikliyi və qətiyyəti yüksək qiymətləndirdim.
Azərbaycanın Avropa ölkələri ailəsində özünəlayiq yer tutmasını böyük təcrübəyə malik, şöhrətli dövlət xadimi Heydər Əliyevin uzaqgörən, müdrik siyasətinin gözəl bəhrəsi kimi dəyərləndirirəm. Azərbaycanın Avropa Şurasına qəbul edilməsi, bu ölkədə insan haqlarının qorunması, demokratiyanın möhkəmlənməsi, daim inkişafda olması məhz Heydər Əliyevin siyasətinin nəticəsidir.
...Azərbaycanın bəxti onda gətirib ki, bu ölkəyə Prezident Heydər Əliyev kimi böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik, müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərik edir.
...Prezident Heydər Əliyevi Parisdə qəbul etmək mənim üçün böyük sevincdir. Çoxdandır ki, bizim aramızda qarşılıqlı dostluq münasibətlərindən də artıq əlaqələr yaranmışdır. Mən Prezident Heydər Əliyevə dərin hörmət bəsləyirəm.

İlkin Rzazadə