Milli Məclis və QHT-lərə Dövlət Dəstəyi Şurası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
Milli Məclis və QHT-lərə Dövlət Dəstəyi Şurası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Milli Məclis və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. İmzalanma mərasimində çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, Milli Məclisin sədri Oqtay Əsədovun təşəbbüsü ilə imzalanan bu Memorandum parlamentlə Şura və QHT-lər arasında münasibətləri tənzimləyəcək, parlamentin bütün komitələri vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq edəcək.

Ə. Hüseynli bu əməkdaşlıq nəticəsində QHT-lərin qanunvericilik bazasının formalaşmasına töhfə verəcəklərini vurğulayıb.
A. Quliyev isə bildirib ki, bu gün vətəndaş cəmiyyəti üçün tarixi gündür, artıq vətəndaş cəmiyyəti elə səviyyəyə çatıb ki, Milli Məclislə əməkdaşlıq edir: "On il qabaq heç kimin ağlına gəlməzdi ki, vətəndaş cəmiyyəti Milli Məclislə bərabərhüquqlu tərəfdaş kimi Memorandum imzalayacaq. Milli Məclis qanun yaradıcılığı prosesində QHT-lərin töhfəsini görmək istəyir. Oqtay Əsədova təşəkkür edirik ki, QHT-lərə belə etimad göstərib. Bu Memorandum nəticəsində QHT-lər tək qanun yaradıcılığı prosesinə töhfə verməyəcək, həm də qanunları əhali arasında təbliğ edəcək, vətəndaş cəmiyyəti ilə Milli Məclis arasında daha sıx əlaqələr qurulacaq".
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli 25 il əvvəl Azərbaycanda QHT-lər yarandığı ilkin dövrdə onlara hökumət əleyhinə təşkilatlar kimi yanaşıldığını xatırladıb: "Bu gün artıq QHT-lərə münasibət fərqlidir. Bizim komitə elə qanun layihəsi olmayıb ki, onunla bağlə QHT-lərlə əməkdaşlıq etməsin".
H. Rəcəbli parlamentdə baş verən maraqlı bir hadisəni də xatırladıb: "İlk dəfə uşaqları parlamentə gətirəndə dedilər ki, parlament uşaq-muşaq yeridir. İndi həmin uşaqlardan ikisi Milli Məclisin deputatıdır. Bu Memorandum da QHT-lərlə parlamentin əməkdaşlığını daha da inkişaf etdirəcək".
Daha sonra Şura adından A. Quliyev, Milli Məclis adından Ə. Hüseynli Memorandumu imzalayıblar.