06 Dekabr 2019
05 Dekabr 2019
Ərəstun Oruclu: "Ermənistandakı indiki siyasi durum Rusiyanı tam qane edir"
Ərəstun Oruclu: "Ermənistandakı indiki siyasi durum Rusiyanı tam qane edir" MÜSAHİBƏ 12:54 2012-05-08

Ərəstun Oruclu: "Ermənistandakı indiki siyasi durum Rusiyanı tam qane edir"
Ərəstun Oruclu: "Ermənistandakı indiki siyasi durum Rusiyanı tam qane edir"

"İran səfirliyi belə bir bəyanatla çıxış edibsə, diplomatik ritorikadan kənara çıxıb"

Bu günlərdə dünyada və bölgədə baş verən olaylara bağlı müsahibimiz "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Orucludur.

- Ərəstun müəllim, Fransada prezident kreslosunun sahibi dəyişdi. Təbii ki, bu, Fransanın dövlət maraqlarının, geopolitik oyunlarının dəyişilməsinə aparmayacaq. Amma bu dəyişim Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biri kimi Fransanın davranışında hansısa bir fərqli çaların yaranmasına səbəb ola bilərmi?
-Bu sualı cavablandırmaq bir qədər çətindir. Ona görə ki Fransa Avropanın və o cümlədən Avropa İttifaqının aparıcı ölkələrindən biridir. Buna görə də istər-istəməz Fransa bir dövlət kimi öz siyasətini Avropa Birliyinin qanunları və maraqları əsasında, ən başlıcası isə özünün normativ aktlarına uyğun şəkildə qurmalı olur. Mən bunları deyəndə, ilk növbədə, Fransanın xarici siyasəti haqqında danışıram. Bu ölkənin daxili siyasətinə gəlincə isə, sosialistlər Sarkozinin daxili siyasət kursunu az-çox dəyişdirməyə çalışacaqlar. Ümumiyyətlə, seçkilər dövlət siyasətinin yox, yüksək səviyyəli kadrların dəyişilməsinə səbəb olur. Bu baxımdan yanaşanda Fransanın xarici siyasətində köklü dəyişikliklərin olacağına inanmıram. Ona görə ki, yuxarıda sadaladığım səbəblər üzündən - Avropa Birliyinin ümumi xarici siyasət prinsipləri, Fransanın özəl geosiyasi maraqları və s. - bu ölkə həmin çərçivələrdə davranmalıdır.
Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə, bizdə hər zaman belə bir yanaşma var ki, guya Fransadakı sosialistlər çox ermənipərəstdirlər. Amma biz hadisələrin gedişatında gördük ki, erməni məsələsi bu ölkədə də, sadəcə olaraq, bir siyasi təbliğat predmeti olmaqdan uzağa gedə bilmədi. Bundan artıq heç bir şey deyil. Məsələn, Sarkozidən bunu heç kim gözləmirdi, amma məhz həmin Sarkozi təşəbbüs irəli sürüb erməni soyqırımını inkarına görə ölkənin cinayət məcəlləsinə yeni maddənin əlavə edilməsinə çalışdı. Yəni mənə elə gəlir ki, Fransa Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ATƏT-in Minsk Qrupu çərçivəsində, bir il, beş il, on il bundan əvvəl tutduğu mövqeyə sadiq qalacaq və həmin xətti yenə də davam etdirəcək.
-Yeni prezidentin gəlişindən sonra Fransa-Türkiyə münasibətlərində hər hansı bir yumşalma ola bilərmi?
-Güman eləmirəm. Çünki bu iki ölkə arasında vaxtilə yaşanmış məlum gərginlikdən sonra ziddiyyətli bir durum formalaşıb. Fikrimcə, bundan sonra Fransa-Türkiyə münasibətlərində yenə də mütəmadi gərginliklər, hansısa demarşlar olacaq, amma bundan o tərəfə keçməyəcək. Göründüyü kimi, Sarkozinin dönəmində də bütün münaqişəli durumlara baxmayaraq, Fransa-Türkiyə iqtisadi əlaqələri əvvəlki kimi öz dinamik səviyyəsini qoruyub saxlaya bildi.
-Hazırda Türkiyə maraqlı bir üçbucağın, hətta belə demək mümkünsə, dördbucaqlının tən ortasındadır: İsrail-İran-Fransa və ya ABŞ-İsrail-Fransa-İran. Sizcə, qardaş Türkiyə bu mürəkkəb situasiyada daha ciddi problemlərlə üzləşə bilərmi? Çünki bu münasibətlərin bir tərəfi Azərbaycana da toxunur...
-Məsələ burasındadır ki, ABŞ-ın indiki administrasiyasının dünya üzrə yürütdüyü xarici siyasət multidoktrinasında Yaxın Şərqdəki əsas tərəfdaşı Türkiyədir. Və biz bir məqamı da müşahidə etdik ki, Türkiyə-İsrail münasibətlərinin kəskinləşməsinə, əvvəlki kontekstdən kənara çıxmasına baxmayaraq, bu hal ABŞ-Türkiyə münasibətlərinə nəinki mənfi təsir göstərdi, məncə, əksinə, bu münasibətlər bir az da möhkəmləndi. Yəni dünyanın supergüclərindən biri, bəlkə də birincisi olan ABŞ üçün Türkiyə soyuq müharibə zamanındakı tək önəmini itirməyib. Xüsusən də hazırda İslam məkanında faktiki olaraq ictimai-siyasi formasiyaların dəyişdiyi bir zamanda. Ona görə də indiki mərhələdə Türkiyənin ciddi bir probleminin olacağını düşünmürəm. Nəzərdə tutduğunuz problemlər gələcəkdə ola bilər. İslam məkanındakı proseslər başa çatanda. Amma yaxın vaxtlarda bunu gözləmirəm.
-Ermənistanda keçirilmiş parlament seçkilərinin ilkin nəticələri artıq elan edilib və məlum olub ki, hakim Respublika Partiyası seçicilərin 45 %-nin səsini toplamaqla bu sınaqdan da "qalib" çıxıb. Amma bu da məlumdur ki, Ermənistan müxalifəti də ölkədə ciddi nüfuza malikdir. Ermənistan saytları artıq həmin seçkilərdəki kütləvi qanun pozuntularından yazmağa başlayıblar. Bu faktlar Ermənistanda növbəti qarşıdurmaya səbəb olacaqmı?
-Güman ki, Ermənistanda siyasi situasiya bundan sonra tədricən gərginləşəcək. Çünki artıq qarşıdan prezident seçkiləri gəlir. Amma inanmıram ki, Rusiya amili bu gərginliyin daha da kəskinləşərək cəmiyyətdə köklü dəyişikliklərə aparacağına imkan verə. Yadda saxlayaq ki, Ermənistandakı bütün sahələr Rusiyanın ciddi nəzarəti altındadır, Rusiya yaşıl işıq yandırsa, bu ölkədə hansısa dəyişim ehtimalından danışmaq olar. Ermənistandakı indiki durum isə Rusiyanı tam qane edir. Xüsusən də indi, yəni Rusiyanın Ermənistan parlamentindəki mövqeyinin laxladığı bir dövrdə. Çünki hökumətin formalaşdırılması üçün hakim Respublika Partiyasına müttəfiq lazım olacaq. Onların topladığı 45%-lik səs bunun üçün yetərli deyil. Bu seçkilərdən sonra Ermənistandakı ictimai-siyasi gərginlik bir qədər azalacaq, çünki müxalifət lideri Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresi də artıq parlamentdə təmsil olunacaq. Hətta mənə elə gəlir ki, bu partiyanı Ermənistan parlamentinə bilə-bilə buraxdılar ki, ara-sıra İrəvanın meydanlarında üzə çıxan gərginlik parlamentə transfer edilsin. Çünki Ermənistandakı durum nəzarətdən çıxsa, Rusiya Dağlıq Qarabağ rıçaqını əldən verə bilər. Unutmayaq ki, Dağlıq Qarabağ rıçaqı təkcə Azərbaycana deyil, həm də Ermənistana qarşı təzyiq vasitəsidir. Rusiya bu rıçaqla nəinki Cənubi Qafqazdakı geosiyasi durumu müəyyən edir, həm də hər iki ölkənin daxili siyasi şəraitini nəzarətdə saxlayır. Fikrimcə, Rusiya bu kartdan uzun müddət istifadə etməyə çalışacaq.
-Sizin məntiqinizin davamı kimi olar demək olar ki, əslində Rusiya Qarabağ məsələsində Ermənistanın tərəfini saxlamır. Belə olsaydı, Rusiyanın Dövlət Duması Dağlıq Qarabağın da dövlət müstəqilliyini tanıyardı. Abxaziyanın, Cənubi Osetiyanın müstəqilliyini tanıdığı kimi...
-Dağlıq Qarabağ münaqişəsində Rusiyanın birmənalı şəkildə öz marağı var: Azərbaycanla Ermənistanı öz maraqlarına ram etmək. Rusiyanın bu bölgədəki təsiri kəsilməyincə bu belə də olacaq.
-Bu gün (dünən-red.) İranın Azərbaycandakı səfirliyi bəyanat verərək Azərbaycanın KİV-ni İran-Azərbaycan münasibətlərini gərginləşdirməkdə, xarici dövlətlərə işləməkdə, onlara satılmaqda Azərbaycan ictimaiyyətini aldatmaqda günahlandırıb...
-Dediyiniz bəyanatla tanış deyiləm. Ancaq səfirlik belə bir bəyanatla çıxış edibsə, birincisi, diplomatik ritorikadan bir qədər kənara çıxıb. İran səfirliyinin belə bir bəyanat yayması bir qədər təəccüblü görünür. Digər tərəfdən isə, Azərbaycan mətbuatının İranla bağlı, güclü şəkildə dövlət nəzarətində olan İran mətbuatının isə Azərbaycanla bağlı yazdıqlarını müqayisəli şəkildə nəzərdən keçirsək, İran borcu çıxar. İran mətbuatında mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyünə xələl gətirən materiallar dərc edilir, Azərbaycanın dövlət atributları təhqir edilir, ölkəmizin daxili işlərinə qarışılır, Azərbaycan daim təhdid olunur, hədə qorxu gəlinir. Mənə elə gəlir ki, Azərbaycan mətbuatı İranı haqlı şəkildə tənqid edir, çünki orada bizim 30 milyona yaxın soydaşımız yaşayır və onlar elementar milli-mədəni hüquqlardan məhrumdurlar. Fikrimcə, İran tərəfi sözləri seçəndə bir qədər diqqətli olmalıdır, suveren dövlətin mətbuatı ilə bu dildə danışmaq olmaz.
-İranla bağlı daha bir sualla müsahibəmizi yekunlaşdıraq. Uzun müddətdir ki, dünya mətbuatı İrana hərbi müdaxilənin vaxtlarını açıqlamaqla məşğuldur. Və bu məlumatların hamısı rəsmi mənbələrə əsaslanır. Bu informasiya yaydırması nəyə xidmət edir?
-Fikrimcə, bu, daha çox təhrikçiliklə bağlıdır. Bəzən Qərb mətbuatında İranla bağlı gedən materialların mahiyyətinə baxanda birmənalı şəkildə fitnəkarlıq müşahidə etmək mümkündür. Bu cür materiallar, adətən, daha çox İsrail mətbuatında yayılır. Məqsəd aydındır, çünki İsrail qısa müddətdə İrana qarşı hərbi əməliyyatlara başlamağın tərəfdarıdır. İsrail çalışır ki, Qərbdən və NATO-dan dəstək alsın, amma NATO və Birləşmiş Ştatlar hələ ki tələsmir. Bununla belə düşünsək ki, İsrail əl-qolunu bağlayıb oturub, bu, Yaxın Şərqdəki duruma çox sadəlövh yanaşma olardı. Nəzərə alsaq ki, artıq bu ilin sentyabr ayında İsraildə yeni parlament seçkiləri keçirilməlidir, deməli, İsraildəki hakim koalisiya İran amilindən bu seçkilərdə istifadə etməyə çalışacaq və seçkilərə qədər nələrəsə əl atacaq. Buna görə də dünya üzrə İsrailə dəstək verən müxtəlif zümrələr, qurumlar dünya mətbuatına müxtəlif tipli təhrikedici materiallar buraxırlar.

Söhbətləşdi: Savalan