Parlamentdə Avropa hədəfə alındı
Parlamentdə Avropa hədəfə alındı

"Türkiyə ilə işiniz olmasın"

"Türkiyənin hərbi qüvvələrinin İraqa qoşun yeritməsi üçün Ankaraya təzyiq edilir. ABŞ İraqdakı silahları İŞİD kimi terrorçu təşkilatlara qaldı". Bunu Milli Məclisin iclasında deputat Zahid Oruc deyib. O bildirib ki, Türkiyənin İraqa qoşun yeritməsi üçün ona edilən tələblər başadüşülən deyil.

Deputatın sözlərinə görə, Azərbaycan parlamentinin deputatları Türkiyənin soyuqqanlı davranışlarını dəstəkləyirlər. "Suriyadakı və İraqdakı kürd silahllılarının hədəfinin Türkiyə olmayacağına kimsə zəmanət verə bilməz. Biz Türkiyəyə siyasi, mənəvi dəstək oluruq. ABŞ və Qərb dairələri yaxı olar ki, Türkiyədəki qaçqınlara yardım ayırsın".
"Avropa Parlamentində separatçı rejimlə dostluq edənlər "qara siyahı"ya salınmalıdır"
"Avropa Parlamentində Dağlıq Qarabağdakı separatçı rejimin "parlamenti" ilə "dostluq qrupu"nun yaradılması gündəmə gəlib. Biz buna etiraz etməliyik".
Milli Məclisin iclasında deputat Fazil Mustafa belə deyib.
Onun sözlərinə görə, bu təşəbbüsü Avropa Parlamentinin Ermənistanla yaxşı münasibətləri olan şəxslər gündəmə gətirib: "Bununla yanaşı, münaqişəyə qərəzli yanaşanlar və bununla da separatçı rejimlə dostluq edənlər Azərbaycan tərəfindən "qara siyahı"ya salınmalıdır".
Fazil Mustafa onu da deyib ki, Azərbaycan prezidenti İlham Əliyev apardığı balanslı siyasətlə Qərb və Rusiya ilə əməkdaşlığı yüksək səviyyədə qura bilib.
Oqtay Əsədov Dağlıq Qarabağın Azərbaycanlı İcmasını aktiv olmağa çağırdı
"Mən bizim deputatların Avropa Parlamentinin Dağlıq Qarabağdakı separatçı rejimlə isti münasibətlərindən doğan narahatlığını başa düşürəm. Biz, əslində Azərbaycana qarşı beynəlxalq təşkilatların qərəzli mövqeyinə artıq öyrəşmişik. Lakin rəsmi təsdiqini tapmayan məsələləri müzakirə etmək lazım deyil".
Bunu spiker Oqtay Əsədov deyib. O bildirib ki, Avropa Parlamentinin Dağlıq Qarabağdakı separatçı rejimlə "dostluq qrupu" yaratması yalnız erməni saytlarında iddia olunur.
Milli Məclis sədri bildirib ki, Avropa təsisatlarında bununla bağlı heç bir informasiya yoxdur. Oqtay Əsədov Dağlıq Qarabağın Azərbaycanlı İcmasını da aktiv olmağa çağırıb: "İcma bu məsələlərdə aktiv olmalıdır. Aktiv fəaliyyətlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı şəkildə dünya ictimaiyyətinə lazımı məlumatlar verməlidir".
Səməd Seyidov: "Dünyanın bütün ölkələrində insan haqlarına qarşı vəziyyət daha acınacaqlıdır"
"Avropa Parlamentinin içərisində "Dağlıq Qarabağla dostluq qrupu"nun yaradılması erməni təbliğatının məhsuludur".
Bu fikir isə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov belə deyib.
O bildirib ki, rəsmi təşkilatlar belə bir qrupun yaradılmasına imkan verməz:
"Azərbaycanın mövqeyi beynəlxalq strukturlarda getdikcə möhkəmlənir. İş o yerə gəlib çatıb ki, Ermənistan parlamentinin üzvləri həmin məruzəçi ilə işləməyəcəklərini bəyan edirlər. Bununla da Avropa Parlamentini çıxılmaz vəziyyətdə qoyurlar. Azərbaycanın Avropa Şurasında fəaliyyəti, Fikrət Məmmədovun çıxışı nəticəsində qəbul olunmuş bəyanatdır. Orada bizim səfirimizin çıxışı da çox önəmli oldu. Qarşı tərəf, sadəcə olaraq insan haqlarından istifadə edərək, Azərbaycana təzyiqlər edirlər. Dünyanın bütün ölkələrində insan haqlarına qarşı vəziyyət daha acınacaqlıdır. Hesab edirəm ki, Azərbaycanın girov düşmüş və bir milyondan çox məcburi köçkünün insan haqlarından danışmayıb, həbsdə olan bir-iki nəfərin hüququnu qabartmaq, qərəzlidir".
Ziyafət Əsgərov: "Kiminsə qarşısında belə bir məsələ qoymamışıq ki, hansısa ittifaqa girək, sonra Qarabağı bizə versinlər"
"Azərbaycanın Rusiya ilə həm iqtisadi, həm də humanitar sahədə yaxşı münasibətləri var. Biz ikitərəfli münasibətlərə həmişə üstünlük vermişik".
Bunu açıqlamasında Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
Z. Əsgərov bildirib ki, Azərbaycanın Avropa İttifaqı və Avropa Parlamenti ilə də yaxşı münasibətləri mövcuddur: "Biz fərq qoymuruq ki, kiminləsə daha üstün münasibətlər quraq. Azərbaycan inkişafın elə mərhələsindədir ki, bir çox dövlətin, o cümlədən Rusiyanın ölkəmizə marağı artıb. Sözsüz ki, xarici siyasətimizi milli maraqlar üzərində qururuq".
Azərbaycanın Avrasiya İqtisadi Birliyinin Gömrük İttifaqına qoşulmamasının səbəblərinə toxunan Z. Əsgərov qeyd edib ki, Azərbaycan ikitərəfli münasibətlərə üstünlük verir. Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulacağı təqdirdə, Dağlıq Qarabağ münaqişəsinin həll ediləcəyi haqda fikirlərə Z. Əsgərovun münasibəti belə olub: "Qarabağa görə hansısa ittifaqa üzv ola bilmərik. Qarabağ elə bir məsələdir ki, onunla alver etmək olmaz. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Azərbaycanın əzəli torpaqlarıdır. Biz kiminsə qarşısında belə bir məsələ qoymamışıq ki, hansısa ittifaqa girək, sora Qarabağı bizə versinlər".
Z. Əsgərov onu da əlavə edib ki, xüsusi irəliləyiş olmasa da Azərbaycan və Ermənistan prezidentlərinin hər bir görüşünün əhəmiyyəti var: "ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağ danışıqları ilə bağlı səyləri artırmalıdırlar. Amma Azərbaycanın prinsipial mövqeyi dəyişməz olaraq qalır. Danışıqlar Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik rayonlarından Ermənistan silahlı bölmələrinin çıxarılması şərti müstəvisində gedir".
Dağlıq Qarabağ regionunda zorakı məskunlaşdırma haqqında ayrı-ayrı ölkələrin parlamentarilərinə məktub göndərilməsi təklif edilir
Dağlıq Qarabağ regionunda və digər ərazilərdə zorakı məskunlaşdırma və digər qanunsuz fəaliyyət haqqında ayrı-ayrı ölkələrin parlamentarilərinə məktub göndərilməsi təklif edilir.
Bu təkliflə Milli Məclisin keçirilən plenar iclasında millət vəkili Musa Qasımlı çıxış edib.
Millət vəkili bildirib: "Biz bu payız sessiyası dövründə Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri, işğal edilmiş Dağlıq Qarabağ regionunda və digər ərazilərdə zorakı məskunlaşdırma və digər qanunsuz fəaliyyət haqqında həm beynəlxalq parlament təşkilatlarına, həm də ayrı-ayrı ölkələrin parlamentləri ilə dostluq qruplarının üzvlərinə fərdi olaraq məktublar göndərək və xahiş edək ki, onlar bu məsələni öz parlamentlərində qaldırsınlar".
M.Qasımlı xatırladıb ki, ermənilər 2015-ci ildə tarixdə heç zaman olmayan qondarma "soyqrım"ın 100 illiyini qeyd etməyə hazırlaşır: "Biz də bundan istifadə edərək öz həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmalıyıq. Fikrimcə, 2015-ci ildə Xocalı soyqrımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Milli Məclis daha yüksək fəallıq göstərə bilər. Bunun bizə böyük faydası olar".
Azərbaycanın xarici ölkələrdəki konsullarının səlahiyyətləri məhdudlaşdırıldı
Milli Məclisin iclasında Azərbaycanın Konsul Nizamnaməsinə dəyişikliklər edilib. Modern.az saytı xəbər verir ki, dəyişikliyə əsasən Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən konsullarının səlahiyyətləri məhdudlaşdırılıb.
Nizamnamənin 39-cu maddəsində qeyd edilir ki, konsul Azərbaycan ərazisinə daxil olmaq, onu tərk etmək, bu ərazidən tranzitlə keçmək üçün verilən vizaların vaxtını uzatmaq və verilən vizalarda dəyişikliklər etmək hüququndan məhrum edilir.
Bununla yanaşı, "Hərbi qulluqçuların statusu haqqında", "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında", "Reklam haqqında" və digər qanunlara dəyişikliklər də qəbul olunub.
Qənirə Paşayeva I və II qrup əlillərin təhsil haqqından azad olunmasını təklif etdi
Millət vəkili Qənirə Paşayeva ali məktəblərdə ödənişli əsaslarla təhsil alan I və II qrup əlillərin təhsil haqqından azad edilmələrini təklif edib.
Parlamentin payız sessiyasının keçirilən iclasında millət vəkili Qənirə Paşayeva tələbə adını qazanmış və ali məktəblərdə ödənişli əsaslarla təhsil alan I və II qrup əlillərin təhsil haqqından azad edilmələrini təklif edib.
Dövlətin hər zaman əlillərə və sağlamlıq imkanları məhdud olanlara diqqət və qayğı göstərdiyini qeyd edən millət vəkili ali məktəblərə ödənişli əsaslarla daxil olan I və II qrup əlillərin təhsil haqqından azad edilmələrinin yaxşı addım ola biləcəyini deyib.
Millət vəkilinin fikrincə, bu addım ali təhsil müəssisələrinə üz tutan əlil gənclərinin ödəniş problemini həll etməklə yanaşı, yüzlərlə əlil gəncin ali təhsilə meyilinin artmasına və deməli, gələcəyinin təminatına, inkişafına, həyata daha çox sarılmasına önəmli dərəcədə təsir edər.
Deputatlardan yol polislərinin hərəkətinə ETİRAZ: "Hər dəfə rayona gedəndə məni cərimələyirlər"
"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib. Dəyişiklik Milli Məclisin plenar iclasında qəbul edilib. Dəyişikliyə əsasən, avtomobil sürücüləri qəza törətməmək üçün qarşılarındakı maşınla müəyyən edilən məsafə saxlamalıdır.
Qanun layihəsinin müzakirəsi zamanı çıxış edən Ümid Partiyasının sədri, deputat İqbal Ağzadə bildirib ki, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildikdən sonra millət vəkilləri problemlərlə üzləşir.
"Deputatlara bəzən inzibati protokol tərtib etmədən onlara inzibati cəza kəsilir. Bu, qanundakı boşluqlardan irəli gəlir. Bu, həm də Konstitusiyanın kobud şəkildə pozulmasıdır. Deputatlara inzibati cəza verilə bilməz".
İqbal Ağazadə bildirib ki, onlar sədəqə tələb etmirlər, sadəcə olaraq deputat toxunulmazlığının qorunmasını istəyirlər.
Deputat Ərəstun Cavadov isə qeyd edib ki, yol polisləri tez-tez onu cərimələyirlər. "Mən Ağsuya və İsmayıllıya gedəndə yol polisləri məni cərimələyirlər. Hər dəfə 150-200 manat cərimə ödəyirəm".
Deputat Ərəstun Cavadov və İqbal Ağazadə ona etiraz edib ki, yol polisləri onları cərimələməli deyil. Onlar əsas gətirib ki, bəzən əhəmiyyətli tədbirlərə gecikdikləri üçün istəmədən yol hərəkəti qaydalarını pozurlar.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə deputatların fikirlərinə etiraz edib:
"İqbal Ağazadə, deyirsiniz ki, deputatların toxnulmazlığı var. Bəli, bu belədir və Konstitusiyada öz əksini tapıb. Amma siz dediyiniz məsələ başqa şeydir. Konstitusiyada siz dedikləriniz müddəalar nəzərdə tutulmayıb".
Hüseyn İsgəndərov