İsmət Abbasovu yeni fiasko gözləyir
İsmət Abbasovu yeni fiasko gözləyir

Nazirin "taxıl vədi" vəd olaraq qalacaq?

Bu yaxınlarda kənd təsərrüfatı naziri İsmət Abbasov özünün ənənəvi populist açıqlamalarından birini verdi. Nazirin həmin açıqlamasının nədən populist olmasına gəldikdə, bu barədə bir qədlər sonra.

Əvvəlcə gəlin görək, kənd təsərrüfatı naziri nə demişdi? İsmət Abbasovun açıqlamasından sitat: "Ötən il Azərbaycanda 2,6 milyon ton taxıl istehsal olunubsa, bu il göstəricinin 2,7 milyon olması proqnozlaşdırılır".
Nazir həmçinin əlavə edib ki, əkin sahələrində zəruri gübrələmə və suvarma işləri aparılacağı təqdirdə hətta illik istehsalın həcmi də 34,6 faiz artaraq 3,6 milyon tona çata bilər. Bu isə Azərbaycan üçün rekord göstərici olacaqdır. İsmət Abbasov onu da bildirib ki, fermerlərə subsidiyaların nağd vəsait şəklində deyil, həmin vəsait həcmində gübrə şəklində verilməsi də faydalı təkliflər sırasındadır.
Bizi şübhəsiz ki, kənd təsərrüfatı nazirinin xüsusilə bu il ölkəmizdə rekord miqdarda taxıl yığılacağını anons etməsi ilgiləndirir. İsmət Abbasov ildə bir neçə dəfə belə reallıqdan uzaq açıqlamalar verir və həmin açıqlamaların gerçəkliklə örtüşmədiyini görmək üçün heç də uzun müddət tələb olunmur
Məsələn, İsmət Abbasov ötən ilin aprelində bu il ölkədə kənd təsərrüfatı məhsullarının bol olacağından, xüsusilə meyvə və tərəvəzin qiymətinin məhz bu mənada kəskin ucuzlaşacağından bəhs etmişdi. Amma biz bunun əvəzində nəyi müşahidə etdik?
Ötən ilin yayı Azərbaycanda meyvə və tərəvəzin qiyməti baxımından bəlkə də son onilliklərin ən bahalı yayı oldu, hətta yay aylarında qiyməti ənənəvi olaraq ucuzlaşan ətin belə dəyərində kəskin bahalaşma yaşandı.
Bunu ona görə xatırladırıq ki, kənd təsərrüfatı naziri bir qayda olaraq populist açıqlamalarla çıxış etməyə öyürəncəlidir, ona görə də indi İsmət Abbasovun bu il rekord miqdarda taxıl tədarükünün gözlənildiyinə dair sözlərini bəlkə ciddiyə almamaq da olardı. Amma bir neçə məqamı vurğulamaq və Kənd Təsərrüfatı Nazirliyi rəhbərinin vədinin reallıqdan çox uzaq olduğunu anlayanların varlığını göstərmək məqsədi ilə Abbasovun dediklərinə şərh verməyi doğru saydıq.
Əvvəla, bu qış havanın hədsiz anormal keçməsi taxıl və başqa əkin sahələrinə təsirini göstərib. Mütəxəssislərin fikrinsə, xüsusən Qərb bölgəsində havanın temperaturunun qış aylarında mənfi 10 dərəcədən artıq olması məhsuldarlığı xeyli aşağı salacaq.
İkincisi: fermerlərə subsidiyalaın verilməsində qeyri-şəffaflıq, sahibkarlıq fəaliyyətinə dövlət qayğısının qeyri-bərabər paylanması və digər səbəblərdən taxılçılıqla məşğul olanların sayında azalma müşahidə edilir. Düzdür, rəsmilər taxıl əkini sahələrinin artdığına rəqəmlər səsləndirirlər, amma reallıq buna inanmaq üçün əsas vermir.
Üçüncüsü, ekspertlər davamlı şəkildə əkilən taxılın satış probleminin olduğunu diqqətə çatdırırlar. Onların fikrincə, hökumət məhsulu yüksək qiymətə alacağını vəd etsə də mövsüm başlayanda məlum olur ki, fermerlərə təklif olunan qiymət əvvəlkilərlə müqayisədə bir neçə dəfə aşağıdır. Nəticədə isə ortada acı reallıq yaranır: fermerlər taxılı bu qiymətə satsalar nəinki mənfəət əldə edirlər, hətta xərclərini belə çıxara bilmirlər. Bu isə onların əlini ilbəil taxılçılıqdan soyudur.
Belə faktorların sayını kifayət qədər artırmaq olar. Bütün bunların fonunda istər-istəməz sual yaranır: bəs kənd təsərrüfatı naziri hansı məntiqlə bu il ölkəmizdə rekord miqdarda taxıvl tədarükündən danışır? Bəyəm bizə aydın olan həqiqətlər nazirin özünə məlum deyilmi?
Əlbəttə, məumdur. Sadəcə, kənd təsərrüfatı naziri bu cür açıqlamalarla görünür ki, aqrar sektorda ciddi inkişaf getdiy barədə ictimai rəy formalaşdırmaqla bərabər, həm də hökumət içindəki sarsılan dayaqlarını möhkəmlətmək arzusundadır. Amma hər halda taxıl tədarükü dönəminə çox qalmayıb və həmin vaxt reallıq İsmət Abbasovun söylədiklərinin əksini ortaya qoysa, bu "qaş qayırmaq istəyərkən vurub göz çıxarmaqdan" başqa bir şey olmayacaq.

Mehman Əzizli