Türkiyənin məşhur şirkəti Azərbaycanda pivə zavodu qurmağı düşünür

"Anadolu Efes" şirkətinin sahibi "Anadolu Qrup"u Azərbaycanda pivə zavodu qurmağı planlaşdırır.
"Marja" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu "Anadolu Qrup"unun Sədri Tuncay Özilhan bildirib.
Qadağalar səbəbi ilə pivə sektorunda Rusiya və Türkiyədə müəyyən çətinliklər olduğunu vurğulayan Tuncay Özilhan, son üç ildir sektorun geriyə getdiyini, Rusiya və Türkiyədə səmərəsiz iki zavodu bağladıqlarını, Türkiyədə sektordakı geriləmənin 8%-ə çatdığını qeyd edib. Bu bazarlarda böyümə gözləmədiklərini bildirən Özilhan, "Pivə sektorundan çıxmağı düşünmürük. Çox yaxşı fürsətlər çıxarsa, bu sahədə satınalma edə bilərik. Azərbaycan ya da Orta Asiyada zavod qurmaq düşüncələrimiz var" şərhini edib.
"Anadolu Efes", spirtli içkilər bazarında 6 ölkədə (Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan, Moldova və Ukrayna) 15 fabriki və 6 maya istehsalı təsisi ilə fəaliyyət göstərir və 100-dən çox yerli və xarici pivə markasını istehlakçılara təqdim edir.
23 ölkədə, o cümlədən Azərbaycanda da zavodu olan "Coca-Cola İçecek" (CCİ) şirkəti də "Anadolu Qrup"a daxildir. Həmçinin qrup bu yaxınlarda "Migros" supermarketlər şəbəkəsinin səhmlərinin 40,25 səhmini alıb. Meyvəçilikdə sürətlə irəliləyən "Anadolu Qrup"u, "Migros"u yetişdirdikləri almalarını satmaq üçün aldığını açıqlayıb. Tuncay Özilhan, "Migros"un şəbəkəsinin Türkiyəyə qonşu ölkələrə də genişlənəcəyini bildirib.