Misir Mərdanovdan gözlənilməz mövqe
Misir Mərdanovdan gözlənilməz mövqe

Təhsil naziri artıq Məleykə Abbaszadənin hegemonluğu ilə barışıb

"Orta məktəb dərslikləri ilə bağlı məsələ hər an gündəmdədir. Təhsil Nazirliyi il ərzində bu məsələyə ciddi hazırlaşır. Hazırda I-V sinif dərsliklərinin tenderi elan olunub". Bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, tenderdə iştirak edən nəşriyyatlar öz təkliflərini Təhsil Nazirliyinə təqdim edib. Nazirlikdə həmin müraciətlərə baxılıb və avqust ayında Qiymətləndirmə Şurası öz işinə başlayacaq.
Nazir dərsliklərdəki səhvlərə də münasibət bildirib: "Ümumiyyətlə, dünyanın heç bir ölkəsində səhvi, nöqsanı olmayan dərslik yoxdur. Biz bunu bilirik, bu məsələ ilə bağlı ictimaiyyətin müzakirəsini də keçiririk. Hər il aldığımız qeydləri yadda saxlayaraq, mütəxəssislərin köməyi ilə nöqsanları aradan qaldırmağa çalışırıq. Ona görə də ildən-ilə bizim dərsliklərin həm poliqrafik keyfiyyətində, həm də məzmununda çox ciddi yeniliklər olur. Əminəm ki, gələcəkdə bu səhvlərin sayı daha az olacaq".
Misir Mərdanovun açıqlamasında onun xüsusilə dərsliklərdə səhvlərin olmasını etiraf etməsi diqqət çəkir. Halbuki bu barədə iki aky əvvəl TQDK sədri Məleykə Abbaszadə sərt iradlar səsləndirəndə Mərdanovun nazirliyi inkar etmiş və konkret faktlar göstərilməsini istəmişdi.
Amma bidən-birə Mərdanovun mövqe dəyişməsi maraq doğurur. Bu, böyük ehtiimalla təhsil nazirinin artıq TQDK sədrinə məğlubiyyəti ilə barışması və onun hegemonluğunu qıəbul etməsi ilə bağlıdır. Belə görünür ki, xüsusilə attest imtahanlarının da əlindən alınaraq Məleykə Abbaszadəyə verilməsindən sonra Misir Mərdanovun TQDK sədrinə "təslim olmaqdan", onunla qarşıdurmaya girməməkdən başqa yolu qalmayıb.
Ülviyyə Qasımlı