Müsavatda "təmizləmə əməliyyatı" başlandı
Müsavatda "təmizləmə əməliyyatı" başlandı

Arif Hacılının Qubad İbadoğlunun adamlarını partiyadan çıxarmağa start verməsi qarşıdurma yaradacaq

Müsavat Partiyasının yeni başqanı Arif Hacılının Qubad İbadoğluna qarşı və onun tərəfdarlarına qarşı səlib yürüşü elan etdiyi barədə məlumat vermişdik. Artıq Arif Hacılı "təmizləmə əməliyyatına" start verib.
Qeyd edək ki, Arif Hacılıya yaxın olan Müsavat Məclisinin üzvü Osman Kazımov iki gün əvvəl partiya rəhbərliyini heç nədən çəkinmədən partiyada təmizləmə həyata keçirməyə çağırıb. "Unikal"ın məlumatına görə, partiyanın Məclis üzvləri arasında xeyli şəxslər var ki, başqan Arif Hacılını təcili təmizləmələrə başlamağa çağırıblar. Bildiriblər ki, partiyanın nüfuzuna xələl gətirən açıqlamalarla çıxış edən, Nizamnamə pozuntusuna yol verən şəxslər barəsində cəza tədbirlərinə start verilməlidir. Cəza tədbiri kimi isə Müsavat üzvlüyündən xaric edilmə tətbiq olunmalıdır. A.Hacılının bu təklif və tələblərə hələ ki, müsbət cavab vermədiyi, səbirli olub məsələləri müzakirələr yolu ilə yoluna qoymağın tərəfdarı olduğunu həmin şəxslərə bildirdiyi deyilir. Amma deyəsən, A.Hacılı çox gözləməyib, artıq təmizləmə işinə başlayıb.
"Unikal"ın məlumatına görə, Müsavat Partiyası Qubadlı rayon təşkilatının üzvü Məhəbbət Muradov partiyadan kənarlaşdırılıb. Bu barədə M.Muradov özü məlumat verib. O qeyd edib ki, özünün də iştirakı olmadan təmsil olunduğu təşkilatdan çıxarılması haqqında qərar verilib. M.Muradov partiyadan kənarlaşdırılmasının səbəblərini belə izah edib: "Dünən axşam mənim iştirakım olmadan rayon təşkilatının Şurasında qərar qəbul olunub. Qurultaya bir ay qalmış Qubad İbadoğlunun tərəfdarlarına olan təzyiqlər pik həddə çatmışdı. Qurultaydan sonra Arif Hacılının başqanlığını və seçkilərin legitimliyini tanımadım". M.Muradov bildirib ki, partiyaya qayıtmaq və yeni qurultayın keçirilməsinə nail olmaq üçün mübarizə aparacaq.
Onu da qeyd edək ki, Müsavat partiyasının üzvü, sabiq müşavir Hüseyn Məlik bizimlə söhbətində deyib ki, o da piket keçirməyi təklif edib: "Mən təklif etmişəm ki, Məhəbbət Muradovu müdafiyə etmək üçün Müsavat partiyasının qarşısında etiraz piketi keçirək". Onun sözlərinə görə, etiraz piketində başqanlığa sabiq namizəd Qubad İbadoğlunun tərəfdarları iştirak edəcək: "Ümümi razılıq var. Müzakirələr gedir. Təklif müəllifi mənəm. Müsavatçıları fikirlərinə görə cəzalandırmaq olmaz". H.Məlik Məhəbbət Muradovun partiyadan qovulmasının səbəbini belə izah edib: "Onu Arif Hacılını tənqid etdiyi üçün qovüblar. Arif bəyi başqan kimi tanımıram".
Müsavat Partiyasının üzvü İsmayıl Kəsəmənli son günlər baş verənlərlə bağlı kəskin etirazını bildirib. Bu barədə "Unikal"a daxil olan müraciətdə partiya rəhbərliyinə qarşı sərt ittihamlar irəli sürüb: " Müsavatda 37 davam edir. Artıq Osman Kazımovun qara siyahısı reallaşdı. Prosesə start verilib. Dünən Məhəbbət Muradovu partiyadan xaric ediblər. Sabah da yəqin növbədə mənəm. Amma unudurlar ki, bununla haqq bağıran səsimizi boğa bilməyəcəklər. Sizlərin əlinizdə bu səlahiyyət olamadığı üçün başqa cür, partiyadan xaric etmə ilə cəzalandırırsınız! Yoxsa hakimiyyət kimi "əfv gözləyirsiniz!? "Səhv etdiyimizi, xarici qüvvələrin təsiri altına düşdüyümüzü, Q. İbadoglu, V.Əyyub, Ə.Talışxanlı, H.Hacızadə tərəfindən öyrədildiymizi ehtiraf etməyimizi gözləyirsiniz"? Əgər özünüzü bu hakimiyyətlə eyniləşdirirsinizə, bizlərdən"əfv" gözləyirsinizsə, sizlərdən fərqli olaraq biz hec kimə müraciət etməyəcəyik! Bundan tam arxayın ola bilərsiniz. Özünüzə qıymadığınızı başqalarına da qıymayın! Başqalarından nizamnaməyə düzgün əməl etmək tələb edəndə, özünüzün bu nizamnaməyə necə əməl etdiyinizə bir baxsanız, lap yaxşı olar. Sonda "O, islah olunan birisi olmadığı üçün yekdilliklə partiyadan çıxarılmasına qərar verilib", deyəndə heçmi ədalət barədə düşünmədiniz? Heç olmasa, "çıxardığınız" adamı dəvət edərdiniz? Ayıb, özü də böyük ayıb".
Məsələ ondadır ki, Qubad İbadoğlu hələ təmkinli olmaqda davam edir. Belə ki, Qubadlı rayon təşkilatının üzvü Məhəbbət Muradovun partiyadan qovulması ilə bağlı Müsavat partiyasının qarşısında keçiriləcək etiraz aksiyasına Qubad İbadoğlu deyib ki, Məhəbbət Muradovla bağlı keçiriləcək piketi dəstəkləmir: "Bu, Hüseyn Məlikin təklifidir. Bizim elə qərarımız yoxdur. Mən müsavatçıların partiya qərargahı qarşısında piket keçirməsi təklifini dəstəkləmirəm. İnanıram ki, partiyadaxili müzakirələr və dialoq üçün imkanlar tükənməyib".
Görünən odur ki, Q.İbadoğlu qarşısındakı qüvvələrin nə qədər ədalətsiz olduğun anlayır. Bu səbəbdən də hələlik aqressiv addımların atılmasını istəmir. Hər halda, Müsavatda böyük üsyana sayılı günlər qalıb.
Qərib Gərayzadə