Xarici kəşfiyyatın planı alt-üst oldu

Xədicə İsmayılova xaricdəki sahiblərinin sifarişini həyata keçirə bilmədi

Oktyabrın 22-də Milli Məclisdə problemli məhbusların işi üzrə işçi qrupunun 6 illik fasilədən sonra ilk iclası keçirilib. Bu qrupun fəaliyyəti Azərbaycan prezidenti İlham Əliyevlə Avropa Şurasının baş katibi Turbyorn Yaqland arasındakı razılaşma əsasında bərpa edilib. Avqustun 12-də İlham Əliyevlə telefonla danışan Torbyorn Yaqland bəyanat yayıb bildirmişdi ki, problemli məhbusların işi üzrə işçi qrup yenidən təşkil ediləcək və bu qrupa Avropa Şurasının nümayəndəsi də daxil olacaq.

2005-2008-ci illərdə problemli məhbusların işi üzrə işçi qrup fəaliyyət göstərib. Qrupda hökumət, parlament nümayəndələri və hüquq müdafiəçiləri təmsil olunub.
Hüquq müdafiəçisi Səidə Qocamanlı bildirib ki, oktyabrın 22-də keçirilən iclasda təşkilati məsələlər müzakirə olunub. Qərara alınıb ki, bundan sonra qrup İnsan Hüquqları üzrə Birgə Qrup adlandırılsın.
Toplantıda qrupun heyəti də formalaşdırılıb. Heyətə bu şəxslər daxildir: Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Prezident Administrasiyasının sektor müdiri və Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, Azərbaycanın Konstitusiya Məhkəməsinin hakimi Rəfael Qvaladze, Prezident yanında Əfv Məsələləri Komissiyanın katibi Kəmalə İsmayıllı, Baş Prokurorluğun nümayəndəsi İlqar Cəfərov, Ədliyyə Nazirliyinin nümayəndəsi Faiq Qurbanov, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, həmin komitənin üzvü deputat Çingiz Qənizadə, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev, həmin şuranın üzvləri Əliməmməd Nuriyev, Sahib Məmmədov, hüquq müdafiəçiləri Eldar Zeynalov, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Arzu Abdullayeva, Mirvari Qəhrəmanlı, Səadət Bənənyarlı, Zəlihə Tahirova.
Fuad Ələsgərov və Səməd Seyidov qrupun həmsədrləri, Səadət Bənənyarlı, Kəmalə İsmayıllı və Sahib Məmmədov isə qrupun katibləri seçiliblər.
Oktyabrın 22-də keçirilən iclasda jurnalist Mehman Əliyevin, hüquq müdafiəçisi Əvəz Həsənovun və politoloq Eldar Namazovun da İnsan Hüquqları üzrə Birgə Qrupa daxil edilməsi təklifi irəli sürülüb. Səadət Bənənyarlı bildirib ki, bu təklifə qrupun növbəti iclasında baxılacaq: "Yəqin ki, növbəti iclas gələn ay olacaq. Katiblik növbəti iclasa qədər təkliflər hazırlayıb təqdim edəcək".
İnsan Hüquqları üzrə Birgə Qrupun 22 oktyabr iclasında vaxtilə işçi qrupun 2005-ci ildə imzaladığı memorandumuna istinad edilib və Azərbaycan cəmiyyətinin insan hüquqları ilə bağlı məsələləri dialoq yolu ilə səmərəli şəkildə həll etmək niyyəti təsdiqlənib. Qrupun üzvləri hüquqlarının pozulduğu ehtimal edilən şəxslərlə bağlı məsələləri müzakirə etməyə və bu məsələlərin həlli üçün hüquq müstəvisində zəruri tədbirlər görməyə, həmin məqsədlə müvafiq dövlət orqanlarına, o cümlədən məhkəmələrə təkliflər verməyə hazır olduqlarını bildiriblər.
İnsan hüquqları məslələri üzrə birgə işçi qrupun bərpası ilə bağlı Avropa Şurasının baş katibi Törbörn Yaqlandın məlum açıqlamasından sonra ölkə daxilində və xaricində olan bəzi qüvvələr hərəkətə keçdilər. Bir müddət əvvəl baş katib açıqlama verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti ilə 2005-2008-ci illərdə fəaliyyət göstərmiş işçi qrupun bərpa olunması məsələsini müzakirə edib, bu qrupun yenidən bərpa olunmasını təkilf edib və bu təklif prinsipcə qəbul olunub.
Amma aydın olur ki, bu qrupun bərpa olunması o qədər də asan olmayıb. Belə ki, Azərbaycanda fəaliyyət göstərən və xüsusi xidmət orqanlarına bağlılığı olan müəyyən beynəlxalq təşkilatlar sözün həqiqi mənasında təxribat planı hazırlayıblarmış. Planın əsas məqsədi isə işçi qrupun yaranmadan dağıdılması və bununla beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmaq imiş ki, Azərbaycan hakimiyyəti barış mövqeyi tutmur. Ekspertlərin fikrincə bu plan baş tutardısa erməni lobbisi aktivləşəcək və Azərbaycana hətta AŞPA səviyyəsində embarqoların qoyulması tələb ediləcəkdi. Çox təəssüflər ki, xarici təşkilatlar bu işdə yenə Azərbaycan vətəndaşlarından istifadə etməyə çalışıblar. Söhbət jurnalist Xədicə İsmayılın bu dəfə hüquq müdafiəçisi libasında işçi qrupa daxil olmasından və daha sonra bu qrupda parçalanma yaratmaqla gərginliyi artırmağa çalışmasından gedir. Bütün bunları hüquq müdafiəçisi Sahib Məmmədov faktlarla açıqlayıb. O. bildirir:"Norveç hökuməti ilə birbaşa bağlı olan Norveç fondlarının (əsasən də Norveç Xarici İşlər Naziliyinin maliyyələşdirdiyi Norveç İnsan Hüquqları Evinin ) himayəsində olan Xədicə İsmayılova və onun kampaniyası dərhal fəaliyyətə başladı.Məqsədləri ilk növbədə, əvvəlki tərkibin gözdən salınması üçün milli və beynəlxalq çərçivələrdə kampaniyalar başladı. Cəmiyyətdə heç bir nüfuzu və o qədər də yaxşı reputasiyası olmayan şəxslər İşçi qrupunun etimadı itirməsi (kimin yanında?), hökumətə işləməsi barədə müxtəlif rəylər yaratmağa çalışdılar. Paralel olaraq müxtəlif lobbi qrupları vasitəsi ilə yaradılacaq işçi qruplarında Norveç İnsan Hüquqları Evinin təsiri altında olan şəxslərin yerləşdirilməsinə səy göstərdilər.İşçi qrupunun fəaliyyətinin bərbası və həmin qrupda hökumət üçün həssas hesab olunan məhkum məsələlərinin müzakirəsi "ölkədə hökumətin vətəndaş cəmiyyətinə qarşı misli görünməmiş basqılara başlaması" ilə bağlı Norveç fondlarının başladığı kampanianı şübhə altına alacaqdı.
Deməli, ya bu qrup yaranmamalıdır, bu mümkün olmasa, onun qeyri-legitim olması barədə Avropada təbliğat kampaniyası keçirmək və onu gözdən salmaq lazımdır, bunlar da alınmayanda işçi qrupuna daxil olmaq və onun fəaliyyətini iflic etmək. Əsas məqsəd bu idi.
Fəaliyyətinin bərpa olunması nəzərdə tutulan işçi qrupunun gözdən salınması kampaniyası
Xədicə İsmayılova 21 oktyabr 2014-cü il tarixində özünün Facebook səhifəsində bərpa olunması gözlənilən işçi qrupunun üzvlərini aşağılayan yazısında göstərirdi ki, "Mən Avropa Şurası baş katibinə məktub yazıb, sonra da beynəlxalq hüquq müdafiəçiləri ilə bərabər onunla Strasburqda görüşüb, siyasi məhbusların işi üzrə işçi qrupla bağlı təklifin riskli məqamlarını nəzərinə çatdırmışdım". Xədicə İsmayılova açıq aşkar yazır ki, o əvvəlki tərkib işçi qrupunu gözdən salmaq üçün səy göstərib. Gözdən salma kampaniyasının əsas istiqamətləri tərkibdə olmuş hüquq müdafiəçilərinin gözdən salınması, onların hakimyyətə satılması ilə bağlı böhtanlar və s. olmuşdur". Hüquq müdafiəçisi deyir ki, məhz bu səbəbdən taktiki gedişlərdə dəyişikliklər edildi. Belə ki, İşçi qrupunun əvvəlki tərkibini tamamilə dəyişdirməyin mümkün olmadığını anlayanda (qrupda olan hüquq müdafiəçiləri o şəxslərdir ki, onlar hələ ötən əsrin 90-cı illərindən beynəlxalq aləmdə mövqe qazanmışdı və onları böhtan dolu donoslarla sıradan çıxarmaq Xədicəlik deyil) heç olması özünün həmin qrupda üzvlüyünün təmin olunması uğrunda mübarizəyə başladı. Bu işdə ona, əlbəttə ki, Norveç fondları lobbiçilik edirdi.
Amma Avropa Şurası kimi bir təşkilata problemin həlli daha çox lazım idi. Avropa Şurasının effektiv milli mexanizmi Xədicə İsmayılovanın və onun havadarlarının kaprizinə qurban vermək niyyəti yox idi. Buna baxmayaraq, Xədicə İsmayılova namizədliyinin irəli sürülməsinə nail oldu. O, işçi qrupda təmsil olunmaq naminə vədlər də verdi. Amma işçi qrupunda təmsil olunan hüquq müdafiəçilərinin birmənalı və yekdil mövqeyi bu oldu ki, Xədicə İsmayılova ilə bir qrupda işləyə bilməyəcəklər. Hər birimizə bəlli idi ki, Xədicə İsmayılovanın məqsədi bu formatda bərpa olunan diloqu pozmaqdır. Bunun üçün ən yaxşı üsul qrupa daxil olmaq və provokativ üsullarla qrupun işini iflic etmək idi.
Avropa Şurası baş katibinin xüsusi nümayəndəsi ilə hüquq müdafiəçilərinin bir neçə saat davam edən müzakirələri nəticəsində onun digər KİV nümayəndələri ilə birgə işçi qrupunun işini müşahidə etməsinə razılıq əldə edildi. Amma o öz Facebook səhifəsində işçi qrup üzvlərini aşağıladıqdan sonra özü-özünü çıxılmaz vəziyyətə saldı. Hər addımını Norveçlə razılaşdıran xanım bu dəfə özü öz planını alt-üst etdi:"Bəs belə naşı adamın nəyi norveçliləri və Azərbaycana təzyiq etmək istəyən digər qüvvələri cəb edir? Çünki normal insanların heç biri belə iyrənc və çirkin oyunlara getməz. Təəssüf ki, Xədicə İsmayılova tək deyil, özü ağılda xeyli insanı da bu çirkin oyununa cəlb edə bilib.
Amma bütün səylər boşa çıxdı. İşçi qrup bərpa olundu. Azərbaycan hökuməti öz vətəndaşlarını təmsil edən vətəndaş cəmiyyəti nümayəndələri ilə dialoqa hər zaman hazır olduğunu nümayiş etdirdi. İnsan hüquqlarının müdafiəsi sahəsində veteran sayılan həmkarlarım isə bütün çətinliklərə və misili görünməmiş böhtan kampaniyasına baxmayaraq, yenidən təmənnasız olaraq ölkə daxilində olan problemlərin həllində səy göstərmək əzmini nümayiş etdirdi".Bunu da qeyd edək ki, Xədicə İsmayıl və ona dəstək verənlər bundan öncə başqa bir neçə cəhdlər də etmişdilər, hətta insan hüquqları ilə bağlı Avropa Şurasında yenidən xüsusi məruzəçinin ayrılmasına çalışmışdılar. Ekspertlər bildirir ki, bununla bağlı Xədicə İsmayıl həbsdə olan bəzi şəxslərin də adından istifadə edərək beynəlxalq təşkilatlara müraciət göndərib. Amma Azərbaycan tərəfinin ciddi arqumentlərindən sonra AŞPA Xədicə İsmayıl komandasının planlarından imtina edərək hakimiyyətlə işbirliyinə gedib. Bu isə Xədicə İsdmayılı oynadan xarici kəşfiyyat orqanlarının planlarını alt-üst edib.
Mehdi Əli