Məmurların bahalı avtomobilləri ilə bağlı yeni ilginc faktlar
Məmurların bahalı avtomobilləri ilə bağlı yeni ilginc faktlar

Onların fantastik qiymətə aldıqları avtomobillər qarajlarında necə və niyə "paslanır"?

Son günlər məmur övladlarının sürdüyü bahalı maşınlar, onların yarış meydançalarını xatırladan video görüntüləri günün müzakirə mövzusuna çevrilib. Sosial şəbəkələrdən izlədiyimiz kimi, bəzi imkanlı məmur övladlarının sahibi olduğu avtomobillər qeyri-adi görünüşü, dizaynı ilə bərabər qiyməti ilə də diqqət çəkir. Facebook, İnstaqram səhifələrində bir-birlərinin bəhsinə girərək maşınlarının fotolarını paylaşan gənclərin sürdükləri lüks avtomobillərin qiymətinin 100-200 min manat, hətta bir milyon civarında olduğu bildirilir.

Bir müddət əvvəl azvision.az saytı mövzunun aktuallığını nəzərə alaraq Azərbaycana gətirilən dəbdəbəli avtomobillərin qiymətləri, onların sifarişçiləri ilə maraqlanmışdı. Həmin vaxt avtomobillərin sifarişi ilə məşğul olan "Exporter.az" saytının rəsmisi Murad Şiriyev bildirmişdi ki, Azərbaycanda ən çox satılan və bəyənilən avtomobillər Mercedes, BMW modelləridir: "Ölkəmizdə ən çox satılan və bəyənilən avtomobil Mercedes və BMW modelləridir. Avtomobillərin qeydiyyatı ilə bağlı statistikada da bu öz əksini tapır. Son illərdə isə Koreya və Yaponiya istehsalı olan avtomobillərə də böyük tələbat yaranıb".
Şirkət nümayəndəsinin sözlərinə görə, ölkəmizdə imkanlı şəxslər üçün ən prestijli hesab edilən modellər bunlardır: "Azərbaycanda ən prestijli modellər BMW (5 və 7-ci seriya, X5 və X6 modellərini), Mercedes (E klas, S klas, ML, GL, G klass), Porsche (Panamera, Cayenne), Audi (A8, A7) hesab edilir. Son vaxtlar şəhərimizdə daha sonra Bentley, Rolls Royce, Ferrari kimi lüks klass avtomobilləri də peyda olur. Qiymətləri 200 min dollar və daha yuxarı olan bu avtomobillər çoxları üçün əl çatmazdı".
Şirkət rəsmisinin sözlərinə görə, adları çəkilən avtomobil modelləri daha çox imkanlı şəxslər tərəfindən sifariş olunur: "Bizdən avtomobil sifariş edənlərin çoxu - bankların, mobil operatorların, internet provayderlərin işçiləri və digər əqli işlə məşğul olan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlardır. Bir sözlə əhalinin orta təbəqəsinin nümayəndələri. Çünkü sifariş etdikdə avtomobil yerli bazardan nisbətən daha ucuz qiymətə başa gəlir. Çox imkanlı şəxslər isə sifariş verib gözləməkdənsə - yerli bazardan alırlar, çünkü qiymət fərqi onlar üçün çox da rol oynamır".
M.Şiriyev bildirmişdi ki, məmurlar orta hesabla 50-100 min dollar civarında maşınlara üstünlük verirlər: "Dövlət rəsmilərindən müştərilərimiz var. Onlar 50-100,000 dollar civarında olan avropa istehsalı modellərə üstünlük verirlər".
Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlın fikrincə isə, yerli bazarda ən lüks avtomobillər alıcılara 220-230 min dollar məbləğind təklif olunur. O bildirmişdi ki, hazırda yerli bazarda 1 milyon manata satılan maşınlar da var: "Hazırda Azərbaycanda 40-a yaxın avtomobil markasının istehsalı olan 100-dən artıq müxtəlif çeşidli avtomobillər bazara təklif olunur. Ən populyar avtomobilləri hazırda iki seqmentə bölmək olar: təkrar ve ilkin bazar seqmentinə. Təkrar bazar seqmentində daha çox Mercedes, BMW , Yaponiyanın bir neçə markası: "Toyota", "Prado", "Camry", Nissan markası üzrə "Tida" və digərləridir. İlkin bazarda isə liderlik edən Yaponiya markası "Toyota", Cənubi Koreyanın avtomobilləridir". Ən prestijli yeni avtomobillərdir ki, 220-230 min dollara alıcılara təklif olunur. Amma yenə də deyim ki, ən yüksək qiymət bu deyil. Elə avtomobillər var ki, bazarda 1 milyona təklif olunur".
"Unikal"ın isə yeni əldə etdiyi məlumata görə son vaxtlar məmurlar özlərinə və övladlarına bahalı avtomobillər almaqdan çəkinirlər. Onlar bununla özlərinə başağrısı, karyeralarına təhlükə yaratmamaq niyyəti güdürlər.
Bir maraqlı iddia isə ondan ibarətdir ki, bəzi iri məmurlar öz bahalı avtomobillərini şəxsi qarajlarına məhkum ediblər. Nə özləri, nə övladları həmin maşınlardan istifadə edirlər. Bunun da səbəbi, yuxarıda qeyd etdiyimiz kimi, bəzi məmurlar və onların balaları ilə bağlı yaşanan qalmaqallar, mediaya sızan səs-küylü xəbərlərdir.
Bildiyimizə görə, bəzi məmurlar hətta özlərinin dəyəri ən azı 200 min dollar olan avtomobillərini sataraq onlardan can qurtarmağa çalışıblar. Amma bu qiymətə alıcı tapmaq asan olmadığından indi həmin maşınlar belə məmurların qarajında az qala muzey əşyası kimi toxunulmaz qalıb.
Ülviyyə Qasımlı