Tahir Kərimli: "Qurultay Müsavatın çoxdankı bəhanəsidir"
Tahir Kərimli: "Qurultay Müsavatın çoxdankı bəhanəsidir"

"Hər kəs əvvəlcədən Müsavat partiyasının dağılacağını proqnozlaşdırırdı. Hər kəsə məlum idi ki, qurultayın vaxtının uzadılmasında məqsəd partiyanın dağılmasının qarşısının az da olsa alınması idi. Çünki Müsavat sosial bazasını çoxdan itirmişdi".
Bunu Vəhdət Partiyasının sədri Tahir Kərimli İsa Qəmbərin başqan seçilməməsinin partiyanın dağılmasına səbəb olması ilə bağlı deyilən fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hər kəs partiyanın ikiyə parçalanması məqsədilə qurultayın keçirilməsi üçün bəhanə axtarırdı: "Ona görə də Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun partiyanın dağılması ilə bağlı səsləndirdiyi fikirlər yeni deyil. Görünür, o da öz bildirdiyi iddiaların düz çıxdığını güman edir. Lakin bu iddia hər kəs tərəfindən əvvəldən proqnozlaşdırılan fikir idi. Bir daha qeyd edirəm ki, İsa Qəmbər partiyada başqan olaraq qalmış olsaydı, yenə də vəziyyət eyni olacaqdı".
Tahir Kərimli onu da qeyd edib ki, Müsavat partiyası nüfuzunu çoxdan itirib: "Liderlik ambisiyalarını həyata keçirmək mümkün olmadığından, qurultay sadəcə bəhanə idi. Hazırda ADP Müsavatla birlikdə insan hüquqları mərkəzində təmsil olunur. Ona görə də Sərdar Cəlaloğlu AXCP-nin "Milli Şura"sında deyil, əksinə Müsavatın tərəfindədir. Bu səbəbdən də sırf özü haqlı olduğu üçün bu sözləri dediyini düşünürəm".