Ali Məhkəmənin sədri: "Nöqsan varsa, onu müəyyən edərək aradan qaldırmaq yollarını araşdırmaq lazımdır"

"Müəyyən müxalif qruplar, QHT-lər ajiotaj yaradırlar"

Ali Məhkəmənin sədri Ramiz Rzayev Avropa İnsan Haqları Məhkəməsinin sədri Din Şpilmanın Azərbaycanda insan haqları ilə bağlı narahatlıq hissi keçirdiyi barədə söylədiklərinə münasibət bildirib.
R. Rzayev jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda mətbuat azadlığı var, jurnalistlər istənilən sual verir, ürəyi istədiklərini yazırlar.
R. Rzayev qeyd edib ki, telekanallarda istənilən şəxs fikrini ifadə edir, ölkədə İnternet azaddır, hər kəs sosial şəbəkələrdə, portallarda fikirlərini açıq şəkildə yazır: "Hətta etik çərçivədən çıxaraq tənqid, təhqir səviyyəsində yazırlar. Sadəcə, müəyyən müxalif qruplar, QHT-lər ajiotaj yaradırlar. Ən acınacaqlısı da odur ki, həmin müxalif qruplar, QHT-lər həm ölkə daxilində, həm xaricdə Azərbaycana qarayaxma ilə məşğuldurlar. Bütün günü hər şeyə "qara" deyəndə hər kəs fikirləşir ki, doğurdan da ağ da qaradır. Bunların da bəzilərində belə fikirlər yaradıblar ki, Azərbaycanda qanun pozuntuları var".
R. Rzayev deyib ki, qanun pozuntusu olmayan ölkə yoxdur: "Avropa İnsan Haqları Məhkəməsində Fransa, İngiltərə, Almaniya barədə də qərar çıxarılır. Bu, təbiidir. Nə qədər insan cəmiyyəti var, orada hüquq pozuntusu da olur, ona görə də məhkəmə yaradılır. Ancaq bu formada Azərbaycanla bağlı qabartmalar yolverilməzdir. Bəzi qonşu ölkələrdə faciəli, acınacaqlı hallar var. Bunu hallandırırlar? Bəzi insanların məqsədləri yalnız öz ölkələrinə qara yaxmaqdır. Bu, heç kəsə şərəf gətirmir. Bir var ki, sənin ürəyin yana, çalışasan ki, hansısa çətinliyi aradan qaldırasan, bir də var ki, bütün ölkədə hər şeyi qara görəsən. Onlar öz həyatlarını da qaraldırlar. Azərbaycan bu qədər inkişaf edib, bu gün konfransa gələn insanlar da Azərbaycanın inkişafı barədə yüksək fikirdədirlər. Bunlar hamısı müstəqil insanlar, hakimlər, hüquqşünaslardır. İnkişafı da görmək lazımdır. Eyni zamanda haradasa nöqsan varsa, onu müəyyən edərək aradan qaldırmaq yollarını araşdırmaq lazımdır. Yoxsa hər şey pisdir demək düzgün deyil. Belə fikir formalaşdırıblar. Avropa İnsan Haqları Məhkəməsinin sədri də qəzetlərdə oxuduqlarından sonra fikirləşib ki, yəqin ki, Azərbaycanda vəziyyət bir az yaxşı deyil. Biz də ona izah edirik ki, vəziyyət heç də siz deyən kimi deyil. Yəqin ki, Avropa İnsan Haqları Məhkəməsinin sədri Azərbaycanda vəziyyətin daha da yaxşı olmasını arzulayır".