Azərbaycana gətirilən hansı  maşınlar üçün xüsusi icazə var?
Azərbaycana gətirilən hansı
maşınlar üçün xüsusi icazə var?

Artıq bir neçə gündür, Azərbaycana ABS əyləc sistemi və təhlükəsizlik yastığı olmayan avtomobillərin idxalı dayandırılıb. Bu il may ayının 1-dən etibarən Azərbaycana idxal olunan və ölkədə istehsal olunan avtomobil nəqliyyatı vasitələrində ABS əyləc sistemi və ən azı bir təhlükəsizlik yastığı olmayan avtomobillərin idxalına və istehsalına icazə verilmir.

Bu qadağa "Təkərli nəqliyyat vasitələrinin, onların avadanlıqlarının və hissələrinin sertifikatlaşdırılması qaydası" AZS 635-2012 dövlət standartının tələblərinə əsasən həyata keçirilir.
Bəs yeni standartların tətbiqindən sonra ölkəyə istehsaldan çıxarılmış nadir maşınları gətirmək mümkündürmü? Bildirək ki, həmin maşınlarda nə Avro 2, nə təhlükəsizlik yastığı, nə də ABS əyləc sistemi var.
Azərbaycan Texniki Universitetinin avtomobil nəqliyyatı fakültəsinin dekanı, texnika elmləri namizədi Sülhəddin Gözəlov bildirdi ki, ölkəyə gətirilən maşın, doğrudan da, nadir və vahid nümunədirsə, bunun üçün xüsusi icazələr var. Əgər nadir maşın deyilsə, onu ölkəyə gətirmək mümkün olmayacaq. Çünki nadir maşın istehsaldan çıxarılmış, dünyanın hər bir yerində barmaqla sayılan və praktiki olaraq istifadədə olmayan nəqliyyat vasitəsi hesab olunur.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı qeyd etdi ki, ABS əyləc sistemi və ən azı bir təhlükəsizlik yastığı olmayan avtomobillərin ölkəyə gətirilməməsi tələbdir. Ancaq nadir maşınların ölkəyə gətirilməsi Nazirlər Kabinetinin təsdiqlədiyi "Raritet (nadir) avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxal olunması və gömrük rəsmiləşdirilməsinə dair Qayda" ilə tənzilmlənir. Komitə rəsmisi əlavə etdi ki, Avro 2 standartı, təkərli nəqliyyat vasitələrinin sertifikatlaşdırılması standartı raritet avtomobillərə aid edilmir.
Qaydalara əsasən, raritet avtomobillər - Azərbaycana mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və ölkənin gömrük sərhədini keçənədək zavod buraxılış tarixindən 40 (qırx) ildən çox keçmiş avtomobillər sayılır.
Qərara əsasən, "Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması tədbirləri barədə" Nazirlər Kabinetinin qərarının 1-ci bəndi Azərbaycana idxal olunan nadir avtonəqliyyat vasitələrinə şamil edilmir.
Belə maşınlar Azərbaycana gətiriləndə onlara görə gömrük ödənişləri mənşə ölkəsindən və gömrük dəyərindən asılı olaraq, Azərbaycanın qüvvədə olan qanunvericilik aktlarına uyğun xarici-iqtisadi fəaliyyətin mal nomenklaturasında nəzərdə tutulmuş qaydada alınır.
Anar Məmmədov