Deputat: "Müxalifətçilərin toyuna getmişəm"
Deputat: "Müxalifətçilərin toyuna getmişəm"

Bir müddət öncə müsavatçı sabiq deputat İkram İsrafilin oğlunun toyunda YAP-çı deputat Aydın Mirzəzadənin iştirakı etirazla qarşılanmışdı. Bu etirazı müsavatçıların bir qismi və AXCP funksionerləri sərgiləmişdi.
YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov A.Mirzəzadənin həmin toyda iştirakının onların partiyasında necə qarşılandığını açıqlayıb:
"Hər kəs azad insandır, ayrı-ayrı insanlarla da münasibətləri sərbəst olur. Xeyir-şər işlərinin siyasi məsələlərə aidiyyəti yoxdur. Yoldaşlıq, dostluq, qonşuluq münasibətləri varsa, bu kimi proseslərdə iştirak etməsi normaldır. Hansısa partiyanın buna münasibəti və qiymət verməsi yersizdir. Kifayət qədər adamlar var ki, ayrı-ayrı siyasi partiyalarda təmsil olunurlar, ancaq adət-ənənələrə uyğun da bir yerdə hərəkət edirlər. Bu baxımdan, bu məsələlər şəxsin öz istəyindən asılıdır.
Aydın Mirzəzadəyə də partiyada buna görə heç bir söz deyilmədi. Bu, onun şəxsi işidir. Müsavat Partiyası, yaxud AXCP haqda fikir deməyib ki, onla bağlı qərar verilsin. Bu siyasi yox, şəxsi fəlaiyyətdir".
S.Novruzov deyib ki, vaxtilə özü də müxalifətçi toyunda iştirak edib: "Qarşı tərəfin reaksiyası, sadəcə, ara qarışdırmaqdan başqa bir şey deyil. Bir tərəfdən dialoq haqda fikir bildirirlər, digər tərəfdən ayrı-ayrı iki partiya nümayəndəsinin bir-biri ilə şəxsi münasibətlərin gətirib bu müstəviyə çıxarırlar. Bu da göstərir ki, onların daxilində səmimiyyət yoxdur.
Əgər mənim hansısa müxalifətçi ilə əlaqəm varsa, məni dəvət edəndə gedərəm. Bu gün də müxalifətdə olan partiya rəhbərləri uşaqlarına toy edəndə dəvət ediblər, iştirak etmişəm. Ayrı-ayrı müxalif partiya rəhbərləri də bizim partiyadan olan deputatların xeyir işlərində iştirak ediblər".
Siyavuş Novruzov "uşaqlarının toyuna müxalifətçiləri dəvət edərmi?" sualını da cavablandırıb: "Mənim uşaqlarım balacadır. Toy eləmək hələ qarşıdadır. Müxalifətdən kimisə dəvət edib-etməyəcəyimə zamanı gələndə baxarıq".