Müsavatda narazılıq pik həddə çatıb
Müsavatda narazılıq pik həddə çatıb

Arif Hacılı Məclisi ələ keçirdi, indi isə xəbərdarlıq edir

Müsavat Partiyasının yeni başqanı Arif Hacılı artıq sərt addımlar atmağa başlayıb. Məclisi formalaşdırandan sonra rəqiblərinə qarşı kəskin qərarlar verib.
Belə ki, Müsavat Partiyasının Məclisi bəyanat yayıb. Partiyadan "Unikal"a verilən məlumata görə, bəyanatda bildirilir ki, sentyabrın 27-də Müsavat Partiyası qurultayını demokratik və şəffaf şəkildə keçirib: "Hələ qurultay keçirilməzdən əvvəl rayon təşkilatlarında keçirilən konfranslar və ümumi yığıncaqların protokolları hərtərəfli dəqiqləşdirmələrdən sonra Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin toplantılarında ayrı-ayrılıqda təsdiqlənib. Qurultay nümayəndələrinin yekun siyahısı da QHTK-nin iclasında yekdil səslə təsdiq edilib. Uzun illərdən bəri demokratik düşərgənin hakimiyyətə təklif etdiyi prinsiplərə uyğun olaraq qurultayda paritet əsaslarla seçki komissiyası yaradılıb. Müsavat Partiyasının qurultayı aşkar, şəffaf keçirilib. Partiyanın başqanlığına keçirilən seçkilərdə səslərin sayılması videokameraların çəkilişi, jurnalistlərin gözü qarşısında baş tutub. Bu, Azərbaycan tarixində keçirilən ilk seçkidir ki, səslərin hesablanması bilavasitə canlı yayımla internet televiziyası vasitəsilə translyasiya edilib. Paritet əsaslarla formalaşmış seçki komissiyası seçkilərin nəticələrini yekdilliklə qəbul edib və yekun protokolu imzalayıb. Müsavat Partiyasının ali orqanı olan qurultay başqan seçkilərinin nəticələri barədə yekun qərar qəbul edib. Müsavat Partiyasının qurultayının qərarı Müsavat Partiyası üzvlərinin iradəsinin ifadəsi deməkdir".
Bəyanatda qurultaydakı seçkilərin nəticələrindən narazı qalanların iddiaları əsassız hesab edilib, üzvlərdən partiya rəhbərliyinə səslənən ittihamlara son qoymaq tələb olunub: "Səsvermənin nəticələrindən narazı qalan bəzi partiya üzvləri, eyni zamanda bəzi kənar qüvvələr qurultayda hər hansı pozuntu barədə faktlar ortaya qoya bilməsələr də, təəssüf ki, mətbuatda və sosial şəbəkələrdə seçkilərin ədalətli olmadığı haqqında əsassız iddialar irəli sürüb, qurultayın qərarlarını və seçkilərin nəticələrini şübhə altına almağa cəhd ediblər. Xüsusən oktyabrın 6-da Müsavat Partiyasının mərkəzi qərargahında keçirilən toplantıda həm əvvəlki, həm də yeni seçilmiş partiya rəhbərliyinin ünvanına bir sıra əsassız ittihamlar səsləndirilib. Müsavat Partiyasının Məclisi bu iddiaları partiyanın ali orqanı olan qurultayın qərarlarını sayğısızlıq və Müsavat Partiyası üzvlərinin iradəsi ilə hesablaşmamaq cəhdi kimi qiymətləndirir və bunun partiyanın Nizamnaməsinə və məramına uyğun olmayan hərəkətlər olduğunu bəyan edir. Müsavat Partiyasının Məclisi həmçinin qurultayda Məclisə üzv seçilmiş partiya üzvlərinin ünvanına deyilən aşağılayıcı fikirlərə qətiyyətlə etiraz edir, bu iddiaları irəli sürənlərdən belə fəaliyyətə son qoymağı tələb edir. Müsavat Partiyasının Məclisi bütün müsavatçıları və partiyanın səlahiyyətli orqanlarını təşkilat daxilində partiya maraqlarına cavab verməyən və üzvlər arasında narazılıq yaradan şəxslərə münasibətdə prinsipial mövqe nümayiş etdirməyə çağırır".
Maraqlıdır ki, qarşı tərəf də geri çəkilmək istəmir. Qubad İbadoğlunun qatı tərəfdarlarından olan Vurğun Əyyub sərt açıqlamalarından geri qalmır. "Özümü Müsavat Partiyasının Məclis üzvü hesab etmədiyimə görə iclaslara qatılmıram". Bunu "Müsavat Partiyasının sonuncu qurultayında partiya Məclisinin üzvü seçilmiş Vurğun Əyyub deyib. O bildirib ki, partiya qurultayında keçirilmiş seçkiləri legitim hesab etmir: "Partiya Məclisinin toplantılarına qatılmaq niyyətim yoxdur. Çünki seçkilərdə şübhəli məqamlar var idi. Bizim haqqımızda necə istəyirlər tədbir görsünlər".
Müsavat başqanının müavini Osman Kazımov isə report.az-a bildirib ki, partiya Nizamnaməsində qurultayda seçkili orqanlara seçilmiş şəxslərin həmin orqanlardan kənarlaşdırılması qaydası yoxdur: "Məclisin iclaslarına qatılmayanlar kənarlaşdırıla bilməzlər. Sonuncu iclasda da qərara alındı ki, Məclisin iclaslarında iki dəfədən artıq iştirak etməyənlərə xəbərdarlıq olunsun. Yəqin ki, ictimai qınaq məsələsi gündəmə gələcək. Bilirik ki, onlar Məclisin iclaslarında qəsdən iştirak etmirlər". O.Kazımov qeyd edib ki, Qubad İbadoğlunun tərəfdarlarının Məclisin iclasına qatılmaması doğru addım deyil: "Onlar Məclisdə iştirak etsəydilər, yəqin ki, seçilərdilər. Özlərini haqq-ədalət carçısı hesab edən insanlar Məclisin iclaslarını boykot edirlər. Bu addımla öz tərəfdarlarının da hüquqlarını pozurlar. Onlar özləri partiyadan kənarlaşırlar".
Beləliklə, Müsavatdaxili gərginliyin hələ davam edəcəyi qaçılmazdır. Amma Arif Hacılı bütün strukturlarda öz adamlarını yerləşdirdikdən sonra hər hansı bir çətinliyi qalmayacaq. Yəni, qısa müddətdə bütün əleyhdarlarını partiyadan uzaqlaşdıracaq.
Qərib Gərayzadə