Ziyalılar Forumu Rüstəm İbrahimbəyova arxa çevirdi
Ziyalılar Forumu Rüstəm İbrahimbəyova arxa çevirdi

Radikal müxalifət mövqeyində olan şəxslərin birliyi yaranandan bir müddət sonra müxalifətin yedəyində sürünməyə başladı

Ötən parlament seçkilərindən sonra aktiv fəaliyyətə başlayan Ziyalılar Forumu qısa müddətdə iç üzünü ifşa edərək məhv oldu. Bir müddət toplantıları olsa da, son bir ildə isə ümumiyyətlə, hər hansı bir fəaliyyətləri gözə dəyməyib.
Buna səbəb isə Rüstəm İbrahimbəyovun Ziyalılar Forumundan kənarlaşması və maliyyəni kəsməsi olub. Ona görə də uzun müddət Ziyalılar Forumunun fəaliyyəti olmadı. Amma deyəsən, bəzi müxalifət nümayəndələri forumu yenidən aktivləşdirmək istəyirlər. Professor Rafiq Əliyevin ötən gün verdiyi açıqlama da bunu deməyə əsas verir.
Professor, Ziyalılar Forumunun üzvü Rafiq Əliyev bildirib ki, uzun zamandır ki, yazıçı, ssenarist Rüstəm İbrahimbəyovla əlaqə qura bilmir. Elmi işlərinin çox olduğunu deyən R.Əliyev yazıçı Rüstəm İbrahimbəyovun sonrakı taleyi ilə bağlı məlumatsız olduğunu əlavə edib: "Ümumilikdə, Ziyalılar Forumu haqda da yeni bilgiyə malik deyiləm. Bu söhbətə çox güman ki, yeni ildə qayıdacağam. Hazırda başım qarışıqdır, səfərlərim, tamamlanmayan kitablarım var. Bu işləri yekunlaşdırdıqdan sonra bu haqda düşünəcəyəm".
Qeyd edək ki, dünən Milli Şuranın lideri Rüstəm İbrahimbəyov yerli mətbuata açıqlama verərək ilginc məqamlara toxunub. Onun sözlərinə görə, hazırda kinorejissor kimi öz işimlə məşğulam. Heç vaxt siyasətlə məşğul olmamışam. R.İbrahimbəyov bildirib ki, sadəcə, bir vətəndaş kimi öz fikirlərini bölüşüb: "Yalnız bir dəfə vəziyyət belə yaranıb ki, prezidentliyə namizədliyimi irəli sürməyə məcbur olmuşam. Bundan əvvəl və bundan sonra da heç vaxt siyasətlə məşğul olmamışam". O, bununla belə Milli Şuranın fəxri sədri kimi qaldığını da deyib. R. İbrahimbəyov hələlik Azərbaycana qayıtmayacağını da bildirib: "İndi Moskvada aeroportdayam, işlərimlə əlaqədar ABŞ-a gedirəm". Amma Rüstəm İbrahimbəyov Ziyalılar Forumu barədə hər hansı bir söz deməyib. Görünür, İbrahimbəyov Ziyalılar Forumuna yaxın durmaq istəmir.
Tanınmış tərcüməçi yazar, ictimai-siyasi proseslərdə mövqeyini aktiv şəkildə ifadə edən Nadir Qocabəyli ilk vaxtlarda müəyyən müsbət addımlar atsa da sonradan istiqamətini dəyişdə və məhvə doğru getdi: "O vaxt Ziyalılar Forumu yarananda cəmiyyətdə iqtidar və müxalifətin mövqeyini tam dəstəkləməyən, istər iqtidarın, istərsə də müxalifətin mövqeyindəki müəyyən məqamlarla razılaşmayan insanlarda müəyyən ümid yarandı ki, bu təşkilat adından da göründüyü kimi, ölkədəki proseslərə siyasi maraqlar prizmasından deyil, xalqa, onun maraqlarına daha yaxın sayılan ziyalı mövqeyindən yanaşacaq. Etiraf edək ki, cəmiyyətimizdə xeyli problemlər var ki, nə iqtidar onların öhdəsindən tam gələ bilmir, nə də müxalifət həmin problemlərin həlli istiqamətində hər hansı düzgün addımlar ata, düzgün taktika və strategiya müəyyənləşdirə bilmir. Ölkədəki bəlli bir kontingent, xüsusilə də ziyalı təbəqəsi axtarışdadır, onlar dəyişiklik istəyir, dəyişikliyə doğru kiçicik bir meyil, zəif bir qığılcım görəndə istər-istəməz ümidlənir, bunu rəğbətlə qarşılamağa meyilli olurlar. Amma təəssüflər olsun ki, bu mənada pozitiv addımlardan daha çox, böyük bir təbəqənin arzularından, gözləntilərindən öz siyasi maraqları üçün istifadə etmək istəyən bəzi qrupların ortaya atılmasını müşahidə edirik. Sözügedən Ziyalılar Forumu da, çox təəssüf ki, yaranandan bir müddət sonra müxalifətin yedəyində sürünməyə başladı. Qısa müddətdən sonra Milli Şuraya çevrilən bu qurum faktiki olaraq müxalifət partiyalarının birliyinə çevrilərək, onların illərdir apardıqları səmərəsiz siyasəti davam etdirdi, prezident seçkilərində iştirak edərək rüsvayçı məğlubiyyətə uğradı".
N.Qocabəylinin sözlərinə görə, müşahidə olunan ən arzuolunmaz məsələlərdən biri özlərini görkəmli ziyalı hesab edənlərin müxalifətçi işbazların əlində oyuncağa çevrilməsi oldu. "Bildiyimiz kimi, əvvəlcə Rüstəm İbrahimbəyov, sonra da Cəmil Həsənli qabağa verilərək, faktiki olaraq Əli Kərimli və İsa Qəmbər tərəfindən öz gücsüzlüklərini, zəifliklərini ört-basdır etmək üçün istifadə olundular. Son prezident seçkilərində müxalifət "vahid namizəd" oyunu quraraq ziyalıları qabağa verməklə, sadəcə nəticəsi əvvəlcədən bəlli olan seçkidə iştirak etməkdən "ustalıqla" yayındı, məsuliyyəti bir növ ziyalıların üzərinə atmaq istədi. Ancaq bu taktika həm onun özünü, həm də aldatdığı ziyalıları birdəfəlik məhv etdi. Artıq Rüstəm İbrahimbəyov, Cəmil Həsənli və digərləri nə ziyalı kimi ziyalı, nə də siyasətçi kimi siyasətçidirlər. Onların öz fəaliyyətlərini yenidən bərpa etməsi və ya gücləndirməsi heç nəyi dəyişməz, çünki cəmiyyət artıq onlara etibar etmir. Ziyalı qurumunun əvvəla nə iqtidardan, nə də müxalifətdən heç bir asılılığı və təmənnası olmamalıdır. Ziyalı öz bitərəfliyini qorumağı bacarmalı, yalnız xalqın, milli maraqların tərəfində durmalıdır. Yoxsa kimsə mandat ala bilmir, başqa birisi vəzifədən çıxarılır və gəlib olur ziyalı. Xalq belə şeyləri çox yaxşı görür və qiymətləndirir", - deyə müsahibimiz fikrini tamamlayıb.
Qərib Gərayzadə