Azərbaycan məmurları ilə bağlı sensasion iddia
Azərbaycan məmurları ilə bağlı sensasion iddia
Onlar 14-15 yaşlı qızların toyunda iştirak edirlər

Azərbaycanda erkən nigahlar mövzusu yenidən aktuallaşıb. Bu günlərdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin bu problem haqqında danışmasından sonra məsələ bir daha KİV-in və ekspertlərin gündəminə gəlib.
Hələ bu ilin mayında Səhiyyə Nazirliyi rəsmisi sözügedən problemin ölkədə nə qədər acınacaqlı şəkil aldığını ortaya qoyan faktları dilə gətirmişdi. "Son illərdə Azərbaycanda həm erkən nikahların, həm də yeniyetmə dövründə dünyaya övlad gətirən qadınların sayı artıb" - deyə bildirən Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Mamalıq Ginekologiya İnstitutunun elmi katibi Leyla Məmmədova əlavə etmişdi ki, rəsmi statistikaya görə, qeydiyyatdan keçən hər 4 nikahdan biri yeniyetmə nikahıdır: "2012-ci ildə rəsmi qeydə alınmış nikaha daxil olanların sayı 79065 olub. Nikaha daxil olan oğlanlardan 5-nin, qızlardan isə 295-nin yaşı 18 yaşa qədərdir".
Bu arada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitənin Analitik Araşdırmalar və İnformasiya şöbəsinin müdiri Elgün Səfərov isə mövzu ilə bağlı danışarkən sensasion sayıla biləcək iddialar dilə gətirib. "Bəzən Azərbaycanda erkən nikaha girən ailələrin qurulmasına şahidlik edən, onların toyunda iştirak edən məmurlar 14-15 yaşında qızın gəlinlik geyinməsinə göz yumurlar. Bu çox təəssüfedici haldır. Erkən nikah halları ilə mübarizə üçün belə faktlar barədə aidiyyatı qurumlara məlumat vermək əhəmiyyətlidir. Bu hadisəni görən məmur da öz üzərinə düşən vəzifəni yerinə yetirməli, 14-15 yaşında ailə quran qızlarla bağlı sahə müvəkkillərinə, icra hakimiyyətlərinin aidiyyatı şöbələrinə bilgi verməlidirlər" - deyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmisi bildirib.
E. Səfərov icra hakimiyyətlərinin qəyyumluq, hüquq şöbələrini, sahə müvəkkillərini qeyri-rəsmi nikah hallarını qeydə almamaqda da günahlandırıb: "Bu günlərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) 15 illik yubileyi münasibətilə akademiyanın elmi şurasının iclasındakı çıxışında Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev qızların təhsildən yayınması, erkən nikahı məsələsinə toxundu. Erkən nikahlar qızların təhsildən yayınmasında rol oynayır. Amma bu gün qeyri-rəsmi nikahların qeydə alınmaması bu problemin miqyasını böyüdür. Aidiyyatı qurumlar öz ərazilərində qeyri-rəsmi ailə münasibətində olanların qeydiyyatını aparmalıdır ki, onların münasibətindən doğulan uşaqlar qeydiyyatsız qalmasınlar. Bu həmin qurumların üzərinə xüsusi məsuliyyət kimi qoyulmalı, vəzifəsinin öhdəsindən gəlməyən məmurlar buna görə hətta işdən azad edilməlidirlər".
Qeyd edək ki, komitə sözçüsünün erkən nikahlarla bağlı məmur məsuliyyətini qabaprtması təqdirəlayiqdir. Bu eyni zamanda erkən nikahlara göz yuman, azyaşlı qızların evlənməsində dolayı yolla iştirak edən vəzifəli şəxslərə xəbərdarlıq kimi də dəyərləndirilə bilər.
Ümid edək ki, belə məmurlara qarşı gələcəkdə güzəştsiz davranılacaq.
Ülviyyə Qasımlı