Əli Hüseynli:
Əli Hüseynli: "Beynəlxalq qurum və dövlətlərin Dilqəm Əsgərov və Şahbaz Quliyevin "məhkəməsi" ilə bağlı susqunluğu başa düşülən deyil"

"Azərbaycandan səbr və sülhməramlı olmasını istəyən beynəlxalq təşkilatlar və bəzi dövlətlər onların dərhal azad edilməsi istiqamətində əməli addımlar atmalıdır"

"Öz ölkəsinin sərhədləri daxilində hərəkət etmək hər bir vətəndaşın əsas azadlıqlarındandır və Avropa İnsan Hüquqları Konvensiyası (Maddə 2) ilə yanaşı, Dünya İnsan Hüquqları Bəyannaməsinin (Maddə 13), İrqi Diskriminasiyanın bütün növlərinin ləğvi haqqında Beynəlxalq Konvensiya (Maddə 5), Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Konvensiya (Maddə 12) və eləcə də digər beynəlxalq sənədlərdə qəti şəkildə təsbit edilib".

Bunu Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ötən gün separatçı Dağlıq Qarabağ rejimində azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulan "məhkəmə" barədə deyib.
O qeyd edib ki, xüsusilə 822 saylı qətnamə ilə BMT Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonundan işğalçıların çıxarılmasını tələb edir: "Azərbaycanın ərazi bütövlüyünün qorunması ilə bağlı məsələlərdə ən prinsipial mövqe hər zaman prezident İlham Əliyev tərəfindən ortaya qoyulub. Hər birimiz cənab prezidentin bu prinsipial mövqeyindən nümunə götürməliyik. Sosial şəbəkələrdə vətəndaşı olduğu ölkənin ərazilərinə mütəmadi səfərlərindən biri zamanı girov götürülmüş Azərbaycan Respublikasının mülki şəxslərinin azad edilməsi üçün başladılmış ictimai təşəbbüs kampaniyasını Ermənistanın beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn ümumi qəbul edilmiş norma və prinsiplərinə zidd hərəkətlərini dünyaya çatdırılması baxımdan olduqca əhəmiyyətli hesab edir və dəstəkləyirik".
Ə. Hüseynli deyib ki, Azərbaycanın sərhədləri BMT və üzv olduğu digər beynəlxalq təşkilatlar, həmçinin dünya dövlətləri tərəfindən tanınır. Ermənistan Respublikası silahlı aqressiyanın nəticəsi olaraq Azərbaycan ərazilərini işğal edib: "Silahlı aqressiya beynəlxalq hüquqda cinayət kimi tanınır. Beynəlxalq hüquq güc tətbiq etməklə sərhədlərin dəyişdirilməsini qəbul etmir və tanımır. Azərbaycan ərazilərinin işğalı dünya dövlətləri və təşkilatlarının bildiyi aşkar faktdır. BMT qəbul etdiyi 4 qətnamə ilə işğal faktını təsdiq edib və təcavüzkarların işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edib. Xüsusilə 822 saylı qətnamə ilə BMT Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonundan işğalçıların çıxarılmasını tələb edir. Hər hansı ərazinin işğal edilməsi, işğala məruz qalmış ölkənin BMT xartiyasının 51-ci maddəsinə əsaslanaraq öz ərazilərini azad etməyə səlahiyyətləndirdiyi kimi, işğala məruz qalmış ölkənin vətəndaşlarını da ölkə ərazisində hərəkət azadlığından məhrum etmir. Erməni silahlı qüvvələri Dilqəm Əsgərovu və Şahbaz Quliyevi Azərbaycan ərazisində, Azərbaycanın dünyada tanınan sərhədləri daxilində hərəkət edərkən, girov götürüblər. Beynəlxalq hüquq erməni silahlı qüvvələrinə nə belə hüquq, nə də onların belə hərəkətlərinə hər hansı şəkildə icazə verir. Dilqəm Əsgərovu və Şahbaz Quliyev heç bir ölkənin sərhədlərini pozmayıb, heç bir qanunsuzluğa yol verməyib, öz ölkələri daxilində hərəkət ediblər. Amma beynəlxalq hüquqa zidd olaraq, mülki şəxs olduqlarına baxmayaraq girov götürülüblər. Onlarla beynəlxalq humanitar hüquqa zidd davranış sərgilənib, hətta qondarma bir məhkəmə prosesi də qurulub".
Komitə sədri deyib ki, Azərbaycanın ərazisi olan Dağlıq Qarabağda məqsədi, proseduru və nəticəsi əvvəlcədən məlum olan, heç bir dünya dövlətinin tanımadığı qondarma və marionet qurum tərəfindən mülki şəxslər və onların valideynlərinin məzarlarını ziyarət etməkdə əksini tapmış kədərləri üzərində siyasi oyun oynaması yolverilməzdir: "Azərbaycanı qərəzli olaraq tənqid edən beynəlxalq qurum və dövlətlərin susqunluğu bu mənada başa düşülən deyil. İnsan hüquq və azadlıqlarının siyasət üçün alət yox, konkret insan taleləri barədə olması beynəlxalq təşkilatların və bəzi dövlətlərin yaddaşlarından silinmiş görünür. Halbuki insan hüquq və azadlıqlarının Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyətinə tətbiqi beynəlxalq təşkilat və bəzi dövlətlərin ən ümdə qayəsi və məqsədi olmalıdır. Yuxarıda qeyd edilənləri və beynəlxalq hüququ nəzərə alaraq, Dilqəm Əsgərov və Şahbaz Quliyevin dərhal azad edilməsini Ermənistan və ona dəstək verənlərdən tələb edirik. Azərbaycandan səbr və sülhməramlı olmasını istəyən beynəlxalq təşkilatlar və bəzi dövlətlər bu istiqamətdə əməli addımlar atmalıdır. Yaddan çıxmamalıdır ki, Azərbaycan suveren dövlətdir və öz vətəndaşlarını qorunması və xilası onun vəzifələrindəndir. Dünya və beynəlxalq hüquq vətəndaşlarını digər ölkələrin ərazisində xilas edən dövlətlərin nümunələri ilə tanışdır.
Eyni zamanda separatçı və işğalçı bir rejimin girovlar üzərində məhkəmə qurması heç bir hüquqi normalara sığmır. Separatçı Ermənistan bu addımı atmaqla hüququn aliliyi prinsipini öz çirkin siyasi məqsədləri üçün istifadə edir. Ən təəssüfləndirici hal isə ondan ibarətdir ki, hər zaman hüququn aliliyindən danışan beynəlxalq təşkilatlar bu hala susur".
Fuad