"Azərbaycan ilk 30-luqdadır" – Əli Həsənov

"Bakıda Gənclər siyasəti üzrə I Qlobal Forumun keçirilməsi böyük əhəmiyyət kəsb edir".
Bunu Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Ə. Həsənov bildirib ki, tədbirdə dünyanın müxtəlif ölkələrindən gənclər, gənclər təşkilatları, bu sahədə siyasəti həyata keçirən dövlət qurumlarının rəhbərləri, akademik dairələr, QHT-lər iştirak edir: "Forumda dünya və Azərbaycan gənclərinin problemləri müzakirə olunacaq, yekun sənəd qəbul ediləcək. Tədbirin Bakıda keçirilməsi 20 ildə Azərbaycanda reallaşdırılan davamlı və səmərəli gənclər siyasətinə verilən qiymətdir. Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş gənclər siyasəti bu gün də davam etdirilir. Gənclər siyasətinin həyata keçirilməsində dövlət strukturları ilə yanaşı gənclərin özləri də yaxından iştirak edirlər".
PA rəsmisi xatırladıb ki, Azərbaycan dünyanın 200-dən artıq dövləti sırasında əhalisinin sayına və ərazisinə görə sonuncu 50 dövlətdən biridir: "Lakin ölkəmiz yürütdüyü siyasətə, inkişafına, gənclərə, ümumiyyətlə, insanlara yaratdığı şəraitə, dünya dövlətləri siyahısındakı iqtisadi, siyasi, sosial inkişaf reytinqlərinə görə ilk 30 dövlət arasındadır. Bu siyasət isə diqqətdən kənarda qala bilməzdi. Bugünkü forumun keçirilməsinə təsir göstərən əsas amillərdən biri də Azərbaycanda uğurlu siyasət aparılmasıdır. Hesab edirəm ki, forum Azərbaycan gənclərinin dünya gəncləri sırasına daha sıx inteqrasiyasına dəstək verəcək, gənclər siyasətinin inkişaf etdirilməsində mühüm amilə çevriləcək".
Forumdan gözlənilənlərə gəlincə, Ə.Həsənov qeyd edib ki, Azərbaycan gənclərinin də iştirakı ilə müasir gəncliyi düşündürən bütün sahələr, o cümlədən gənclərin potensialından, imkanlarından istifadə üzrə dövlətlərin siyasəti üçün vahid tövsiyələr hazırlanacaq. Bu tövsiyələr forumda iştirak edən dövlət qurumları tərəfindən öz ölkələrində də istifadə olunacaq. Həmçinin tədbirdə BMT, AŞPA, UNESKO və digər beynəlxalq təşkilatların iştirakını nəzərə alsaq, qlobal gənclər siyasətinin formalaşmasına da təsir göstərəcəyini demək olar.