23 Oktyabr 2019
AFFA milliyə xorvatiyalı baş məşqçi gətirir: ilinə 3 milyon dollar!
AFFA milliyə xorvatiyalı baş məşqçi gətirir: ilinə 3 milyon dollar! İDMAN 09:34 2014-11-01

AFFA milliyə xorvatiyalı baş məşqçi gətirir: ilinə 3 milyon dollar!

Qurum yığmamızın yeni çalışdırıcısı ilə bağlı açıqlamasında nələr yer alır?

Berti Foqtsun istefasından sonra boş qalan Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinə Robert Prosineçki gətirilir. Bu iddia ilə Xorvatiya mətbuatı çıxış edib.

Bildirilir ki, Fransada AFFA rəhbərliyi və xorvatiyalı məşqçi arasında görüş keçirilib. Tərəflər uzun söhbətdən sonra razılığa gələ biliblər. Anlaşmaya əsasən, Prosineçki 1 il komandamızın "sükanı arxası"nda olacaq.
Xəbərdə qeyd olunur ki, Prosineçki ilə noyabrın 4-də Bakıda müqavilə imzalanacaq.
Millimiz noyabrın 16-da AVRO-2016-nın seçmə qrup mərhələsinin Norveçlə oyununa da məhz xorvatiyalı çalışdırıcının rəhbərliyi altında çıxacaq.
Həmkarlarımız Prosineçkinin Azərbaycanda işlədiyi müddətdə qazancını da yazıblar: 1 ilinə 3 milyon dollar.
Qeyd edək ki, Prosineçki müxtəlif illərdə Xorvatiya yığmasında köməkçi məşqçi, "Srvena Zvezda" (Serbiya) və "Kayserispor" (Türkiyə) klublarında baş məşqçi vəzifəsini icra edib.
Bu arada AFFA Azərbaycan millisinin baş məşqçi vəzifəsinə namizədlərlə danışıqlar aparması ilə bağlı açıqlama yayıb. Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsi Mahmud Qurbanova həvalə olunub və Avro-2016-nın seçmə mərhələsində noyabrın 16-da keçiriləcək Azərbaycan - Norveç oyununa millimiz M.Qurbanovun rəhbərliyi altında çıxacaq.
"Bəzi KİV-lərdə AFFA-nın Azərbaycan - Norveç oyununa qədər yeni baş məşqçi ilə müqavilə bağlayacağı barədə yayılmış xəbərlər həqiqəti əks etdirmir. AFFA rəhbərliyinin göstərişinə əsasən, assosiasiyanın nümayəndələri 10 nəfərdən artıq mütəxəssislə, həmçinin Robert Prosineçki ilə görüşüb. Bu görüşlərin hamısı tanışlıq xarakterlidir və tərəflər arasında hər hansı öhdəlik götürülməyib. Yaxın günlərdə proses barədə əlavə məlumat veriləcək, AFFA nümayəndələrinin görüşdüyü digər məşqçilərin bəzilərinin adı açıqlanacaq, digərləri isə mütəxəssislərin öz xahişinə əsasən məxfi saxlanılır" - deyə açıqlamada bildirilir.
İlkin Həsənoğlu