İnsan hüquqları və beynəlxalq normalar
İnsan hüquqları və beynəlxalq normalar

Azərbaycan Respublikasında ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə sisteminin təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin beynəlxalq standartlara uyğun həyata keçirilməsi məqsədilə aparılan islahatlar uğurla davam etdirilir. Ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları həm cəmiyyət və həm də nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsinə dair Avropa Şurasının sonuncu hesabatında da ölkəmizdə aparılan məhkəməhüquq islahatlarının uğurla həyata keçirilməsi xüsusi olaraq vurğulanmışdır. Aparılan islahatların bariz nümunəsi kimi vakant hakim vəzifəsinə hakim olmayan namizədlərin seçilməsi prosesini qeyd etmək lazımdır.Bununla bağlı ekspert Raqib Qurbanov bildirir ki, namizədlərin seçilməsi çoxmərhələli, şəffaf və obyektiv prosedurlar vasitəsilə həyata keçirilir. Seçim zamanı namizədlərin nəzəri biliklərinin yoxlanılması və təşkil olunmuş ilkin uzunmüddətli tədris kursu vasitəsilə artırılması ilə yanaşı, praktiki vərdişlərin əldə olunmasına da böyük yer ayrılmışdır. Bu tədbirlər zamanı Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsi ölkədə və ondan kənarda keçirilən müxtəlif seminarlar, konfrans və s. tədbirlərdə namizədlərin iştirak etmələrinə lazımi diqqət və şərait yaratmışdır. 15-17 aprel 2007-ci il tarixdə Türkiyənin İstanbul şəhərində "Avropaya doğru. Cənubi Qafqaz ölkələrində ədliyyənin vəziyyəti və perspektivləri" adı altında keçirilmiş hakimlərin 5-ci beynəlxalq konfransı da həmin tədbirlərə aiddir.
Konfrans Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti tərəfindən təşkil olunmuşdur. Konfransda Almaniya, Türkiyə, Azərbaycan, Gürcüstan dövlətlərinin, təşkilatçı qurumun nümayəndələri və Cənubi Qafqaz ölkələrinin Avropa İnsan Hüquqları Məhkəməsindəki hakimləri iştirak etmişlər.
Tədbirdə "Türkiyədə hüquq və ədliyyə", "Türkiyədə məhkəmə təcrübəsi: aktual mövzular və çağırışlar", "Türkiyənin inzibati hüququ", "İnsan hüquqları üzrə Avropa Məhkəməsi və milli ədliyyə: qanunverici və ədliyyə üçün yeni çağırışlar", "İnzibati hüququn islahatı: işin vəziyyəti və aktual diskussiya", "Məhkəmə təcrübəsinin optimallaşdırılması", "2002-ci ildən keçirilən hakimlərin beynəlxalq konfranslarının tövsiyələri: həyata keçirilməsi və perspektivlər" mövzularında məruzələr edilmiş və müzakirələr aparılmışdır. Konfransın sonunda iştirakçılar tərəfindən tövsiyələr qəbul olunmuşdur. Məhkəmələr tərəfindən insan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun tətbiqi məsələsinin hal-hazırda çox aktual və vacib olduğunu nəzərə alaraq, məhz bu mövzuya aid konfransda əldə etdiyim məlumatlarla bölüşmək istərdim. Avropa İnsan Hüquqları Konvensiyası hər bir iştirakçı dövlətdə spesifik hüquqi statusa malikdir. Niderlandda, Belçikada, Lyuksemburqda və İsveçrədə o, milli konstitusiyadan yuxarıda dayanır. Avstriyada konstitusiya ranqına malikdir. Fransada aralıq ranqa malikdir (bir tərəfdən ölkənin konstitusiyası, digər tərəfdən isə onun adi qanunları arasında). İtaliya,Yunanıstan və Almaniyada qanun ranqına malikdir və bu da o deməkdir ki, həmin dövlətlərdəmilli qanunlara üstünlük (nəzəri cəhətdən) verilir.
Avropa Məhkəməsi, Konvensiyanın iştirakçısı olan dövlətin məhkəmə sisteminəmünasibətdə, ali kassasiya və ya digər yuxarı instansiya deyil. Onun, dövlət orqanı və ya milli məhkəmələr tərəfindən çıxarılmış hər hansı qərarı ləğv etmək, qanunvericiyə göstərişlərvermək, milli qanunlar və məhkəmə təcrübəsinə mücərrəd nəzarət etmək, hüquqi nəticələrə səbəb olan göstərişlər vermək səlahiyyəti yoxdur. Məhkəmə yalnız konkret şikayətlərə baxır və bunun da məqsədi Konvensiyanın müddəalarının pozulub-pozulmamasının müəyyənedilməsindən ibarətdir. Lakin məhkəmə maddi və mənəvi ziyanın, həmçinin, udan tərəfin çəkdiyi məhkəmə xərclərinin ödənilməsi məqsədilə ədalətli kompensasiyanın verilməsini qərara ala bilər. İnsan hüquqlarının pozulması halını təsdiq edib zərər çəkənə kompensasiyanın verilməsini müəyyən etməklə, Avropa Məhkəməsi faktiki olaraq iştirakçı dövlətə milli qanunları və məhkəmə praktikası ilə Konvensiyada əks olunan Avropa Şurasının standardtları arasında olan uyğunsuzluğun aradan qaldırılması zəruriliyini göstərir.
Avropa Məhkəməsinin qərarları yalnız iş üzrə cavabdeh olan dövlət üçün mütləqdir. Lakin onlar faktiki olaraq presedent xarakteri daşıyır. Belə ki, stare decisis prinsipinə əsasənAvropa Məhkəməsi yeni qərarlar çıxararkən əvvəl çıxardığı anoloji qərarlar üzrə ifadə etdiyi prinsip və yanaşmaları rəhbər tutur. Bu baxımdan, Konvensiyanın maddələrinin real mənasını anlamaq üçün Avropa Məhkəməsinin qərarlarının mətni böyük təcrübi maraq doğurur. Azərbaycan Respublikasının 25 yanvar 2001-ci il tarixdə insan hüquqları və əsasazadlıqları haqqında Avropa Konvensiyasına qoşulması və bununla da Avropa Məhkəməsininmütləq yurisdiksiyasının tanınması ilə əlaqədar olaraq bizim qanunvericilik sistemi üçün məhkəmənin presedent hüququ böyük əhəmiyyət kəsb etməyə başlamışdır. Konvensiyanın ratifikasya olunması və Məhkəmənin yurisdiksiyasının tanınması həm də o deməkdir ki, Azərbaycan Respublikasının bütün dövlət hakimiyyəti orqanlarının, xüsusən məhkəməorqanlarının fəaliyyəti, onların qərarları və istifadə etdikləri prosedurlar, eyni zamanda, qanunvericilik orqanlarının qərarları Konvensiyanın müddəalarına zidd olmamalıdır.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən bizim qanunvericilik sistemi üçün Avropa Məhkəməsinin qərarları (Konvensiyanın müddəalarının şərhi kimi) beynəlxalq hüququnnormaları ilə eyni əhəmiyyətə malikdir. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasının 151-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr arasında ziddiyyət yarandıqda, beynəlxalq müqavilələr tətbiq edilir.
Konvensiyada göstərilən hüquq və azadlıqların effektiv qorunmasını və hüququntətbiqinin Avropa standartları səviyyəsinə çatdırılmasını təmin etmək üçün konkret iş üzrə çıxarılan, lakin analoji fabulalı digər işlərdə də tətbiq olunan Avropa Məhkəməsinin qərarları öyrənilməli və analiz olunmalıdır. Qeyd etmək lazımdır ki, artıq bu tədbirlərin həyata keçirilməsi istiqamətində ölkəmizdə mühüm addımlar atılmışdır.
Belə ki, Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 19 yanvar 2006-cı il tarixli fərmanının 6-cı bəndində Azərbaycan Respublikasının Ali Məhkəməsinə, apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işinin təşkil edilməsi və onun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
Fərmanda göstərilənlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsində Avropa Məhkəməsinin qərarlarının öyrənilməsi və presedent hüququnun məhkəmə təcrübəsində tətbiq olunması məsələləri üzrə seminarların keçirilməsi təşkil olunmuşdur. Həmçinin, "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 -li qərarı qəbul olunmuşdur. Qərarda qeyd olunmuşdur ki, "məhkəmələr milli qanunvericilik ilə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları yalnız onun icraatında olan işlərin həllinə deyil, həmçinin, geniş mənada Konvensiyanın normalarının izah edilməsinə, qorunmasına, inkişafına xidmət edir və bu yolla dövlətlərin Konvensiya iştirakçısı kimi daşıdıqları öhdəliklərə riayət olunmasına yardım göstərir. Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər". İştirakçı dövlət tərəfindən Konvensiyanın yurisdiksiyasının tanınması təkcə presedent hüququnun tətbiq edilməsindən və Avropa Məhkəməsinə müraciət etmə hüququnun qazanılmasından ibarət deyil. İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyası özünə məxsus mexanizmə malikdir. Buraya Avropa Məhkəməsinin mütləq yurisdiksiyası və Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən həyata keçirilən məhkəmənin çıxardığı qərarların icra olunmasına sistematik nəzarət daxildir. Konvensiyanın effektivliyi təkcə məhkəmənin qərarlarının icrasının məcburi xarakterli olması ilə deyil, həm də onların icrasına nəzarəti həyata keçirən unikal sistemlə izah olunur. Konvensiyanın 46-cı maddəsinə əsasən iştirakçı-dövlətlər məhkəmənin qərarlarının icrasını Nazirlər Komitəsinin nəzarəti altında həyata keçirilməsini öhdəliyə götürmüşlər. Beləliklə, Konvensiyanın mexanizmi qərarların qəbul olunması ilə məhdudlaşmır. Hüquq və azadlıqların pozulmasının müəyyən edilməsi iştirakçı-dövlət üzərinə öhdəlik qoyur: ədalətli pul kompensasiyasından əlavə müəyyən edilmiş hüququn pozulmasına son qoymaq və onun nəticələrini aradan qaldırmaq, yəni restitutio in integrum təmin olunmalıdır. Əgər restitutio in integrum təmin oluna bilinmirsə, cavabdeh-dövlətlər məhkəmənin qərarının icra olunması vasitələrinin seçimində azaddırlar.
Avropa Məhkəməsinin Sovtranavto Holding Ukraynaya qarşı işinə dair çıxardığı 25 iyul 2002-ci il tarixli qərarı üzrə Nazirlər Komitəsinin qəbul etdiyi 11 fevral 2004-cü il tarixli Res DH (2004) 14 aralıq rezolyusiyasında qeyd olunmuşdur ki, "Konvensiyanın 46-cı maddəsinin 2-ci bəndində göstərilən məhkəmənin qərarının icra olunması öhdəliyi - ölkədaxili hüquqi müdafiənin effektiv vasitələrinin təmin olunması və qanunverici dəyişikliklərin edilməsi də daxil olmaqla, Məhkəmənin qərarında müəyyən olunan pozuntuya analoji olan Konvensiyanın yenidən pozulmasının qarşısının alınması üçün fərdi tədbirlərin həyata keçirilməsini nəzərdə tutur".
Həmçinin, Konvensiyanın 46-cı maddəsinin 2-ci bəndinə əsasən Nazirlər Komitəsi tərəfindən qəbul olunmuş Qaydaların 3.b bəndində dəqiq müəyyən edilir ki, "Nazirlər Komitəsi aşağıdakıları yoxlayır: Məhkəmə tərəfindən müəyyən edilən ədalətli kompensasiyanın ödənilməsini, pozuntunun aradan qaldırılması və zərərçəkmiş üçün pozuntudan əvvəl olan şəraitin bərpa edilməsi məqsədilə fərdi tədbirlərin həyata keçirilməsini, Məhkəmənin qərarında müəyyən olunan pozuntuya analoji olan yeni və ya davam edən pozuntuların qarşısının alınması üçün ümumi tədbirlərin həyata keçirilməsini".
Hüququn pozulmasına son qoymaq öhdəliyinə cavab olaraq cavabdeh-dövlət onun daxili qanunlarının lazımi tədbirlərin həyata keçirilməsinə imkan verməməsini israr edə bilməz. İkinci öhdəlik (kompensasiyanın ödənilməsi) daxili hüquq qaydaları çərçivəsində bilavasitə icra olunmalıdır. Məhkəmənin qərarının icra olunması prosesində həyata keçirilən fərdi tədbirlərə isə işə yenidən baxılması və digər qeyri-maddi tədbirlər aiddir. Bu tədbirin əhəmiyyətli və müəyyən işlərdə onun yeganə effektiv vasitə olmasını nəzərə alaraq, Nazirlər Komitəsi bu məsələ üzrə tövsiyə qəbul etmişdir (İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarı əsasında müəyyən işlər üzrə milli səviyyədə işlərə yenidən baxılması və ya başlanması haqqında iştirakçı-dövlətlərə tövsiyə R(2002)2). Tövsiyədə qeyd olunur ki, müstəsna hallardarestitutio in integrum təmin olunması üçün ən effektiv və bəlkə də yeganə tədbir işə yenidənbaxılması və ya başlanılmasıdır. Azərbaycan Respublikasında belə mexanizm Avropa Məhkəməsinin qərarlarının icra olunması çərçivəsində 2004-cü ilin avqust ayında qəbul olunub və həmin tarixdən də tətbiq olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin çoxillik praktikası ərzində Avropa Şurasına üzv olan dövlətlərin Məhkəmənin qərarının yerinə yetirilməməsi halı baş verməyib. Avropa Şurasının Nizamnaməsinə əsasən, belə halın baş verməsi dövlətin Avropa Şurasına üzvlüyünün dayandırılmasına və son nəticədə Nazirlər Komitəsinin qərarı ilə dövlətin Avropa Şurasının tərkibindən çıxarılmasına səbəb ola bilər. Lakin həmin dövlət, qanunvericilik və ya məhkəmə təcrübəsi dəyişdirilmədən Məhkəmənin nəzərdən keçirdiyi halın təkrar oluna biləcəyini qeyd edərsə, onda bir qayda olaraq onun zəruri dəyişiklikləri həyata keçirməsinə imkan verilir. Lakin birmənalı olaraq, Məhkəmənin qərarlarının yerinə yetirilməsi sahəsində problemlərin mövcud olmamasını demək düzgün olmazdı. Ümumiyyətlə, Konvensiyaya nisbətən yeni qoşulmuş və hal-hazırda presedent hüququnun tətbiqinin başlanğıc mərhələsində olan Azərbaycanla müqayisədə digər Avropa dövlətlərində bu sahədə yaranan problemlər bir az fərqlidir.