Azyaşlı qızların hicab altında pozulan təhsil hüququ
Azyaşlı qızların hicab altında pozulan təhsil hüququ

Son vaxtlar tədris ocaqlarına hicabla gələn məktəbli və tələbə qızların sayında artım müşahidə olunur. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev oktyabrın 25-də Dövlət İdarəçilik Akademiyasındakı çıxışında qızların təhsildən yayınması, erkən evlilik hallarından söz açıb. O, cənub bölgəsinin, Lerik və Yardımlı rayonlarının adını xüsusi vurğulayaraq deyib: "Bu il ali məktəblərə qəbul imtahanları zamanı Yardımlı və Lerik rayonlarından sənəd verənlər arasında qızlar müvafiq olaraq 16 və 21 faiz təşkil edib. Bir sıra rayonlarda, misal üçün, Masallı, Cəlilabad, Qobustan, Ağsu və Sabirabadda sənəd verən qızların sayı 40 faizdən azdır".
Ramiz Mehdiyev qeyd edib ki, bir çox regionlarda, xüsusilə də cənub bölgəsində azyaşlı qızların təhsildən yayınaraq qeyri-rəsmi ailə qurması artıq adi hala çevrilir: "Onlar nə fiziki, nə də mənəvi cəhətdən hazır olmadıqları halda erkən yaşda ana olurlar. Bu məsələ həm səhiyyə, həm təhsil, həm də hüquq-mühafizə orqanlarının diqqətindən necə yayınır?"
Qeyd edək ki, İslam dininin dominant oluduğu demokratik ölkələrdə hicablı qızların təhsil problemi həmişə aktual olub. 30 ildən çoxdur ki, bu problemi çözmək üçün səy göstərən qonşu Türkiyə hələlik zor tətbiqindən başqa bir üsul fikirləşib tapa bilməyib. Ateizmin geniş təbliğ olunduğu sovet sistemindən qurtulan Azərbaycanda da hicablı qızların sayı artdıqca, göründüyü kimi təhsil müəssisələrində bu problem qabarmağa başlayır. Ekspertlər ümumtəhsil müəssisələrində qızların hicab taxmasının onların öz fikri olmadığını, başlarını bağlamaq göstərişini valideynlərinin verdiyini söyləyirlər. "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, 18 yaşa qədər uşaqların məktəbə hicabla getməsi düzgün deyil: "Hesab etsək ki, 18 yaşına kimi uşaqlar ölkə qanunvericiliyi ilə və uşaq huquqları konvensiyasında uşaq olaraq göstərilir. Uşaqlar qəyyumları olan valideynləri tərəfindən buna məcbur edilir. Din insanın şüür məsələsidir. Az yaşılı uşağın təfəkkürünün hələ formalaşmadığı bir vaxtda onun valdeynləri tərəfindən məcburi hicaba gəlməsi onun seçimi yox, valideyinin göstərişidir. Bizim təşkilata bir qız uşağı uzun müddət gəlirdi və ata bu uşağın başını bağladıb onu dilənməyə məcbur edirdi. Eləcə də bir çox valideynlər qız uşağının təhsilini dinimizin haram buyurduğu bəhanəsini gətirib təhsildən yayındırır. Belə valideynlər namus-qeyrət məsələsini önə çəkərək əksinə, uşaqlarının gələcək həyatını bərbad vəziyyətə qoyurlar. Ümumiyyətlə məktəbli qızların hicab taxması düzgün deyil. Valideynlər özləri imkan verməlidir ki, bu qərarı onlar böyüdükdə istəsələr könüllü qəbul etsinlər. Bu tərbiyə üsulu deyil".
Xəzər universitetinin rektoru Hamlet İsaxanlı qızların orta məktəblərə başıbağlı gəlməsini düzgün saymır. H. İsaxanlı deyir ki, hətta İslam dininin tələblərinin daha çox əməl olunduğu Türkiyə də məktəblilər dərsə hicabla gəlmir: "Orta məktəb şagirdləri elə yaşdadırlar ki, onlar hicab taxıb-taxmamaları ilə bağlı müstəqil qərar qəbul edə bilməzlər. Yəni məktəb yaşlı qızların çoxu hicabı valideyninin məsləhəti ilə taxır. Orta məktəbdə isə şagirdin öz geyim forması müəyyən olunub. Bütün şagirdlər kimi onlar da məktəbə başıaçıq, forma ilə gəlməlidirlər.
Amma H. İsaxanlı ali məktəbə tələbələrin başıbağlı gəlməsində heç bir problem görmür: "Burda qorxulu bir şey yoxdur. Bizdə həm azərbaycanlılar, həm də xaricilər arasında dərsə hicabla gələnlər var. Çünki ali təhsil müəssisələrində oxuyan tələbə sərbəst qərar vermək yaşındadır".
Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin proqram rəhbəri Elmina Kazımzadə isə deyir ki, məktəbli qızların dərsə hicabla gəlməsi onları təhsildən kənarda qoyur: "Hadisələrin inkişafı göstərir ki, "bu xəmir hələ çox su aparacaq". Biz bu gün qızların dərsə başıbağlı, yaxud açıq gəlməsini müzakirə etdiyimiz vaxtda o biri tərəfdə qızların təhsildən yayınması problemi yaranır. Mən çox təəssüf edirəm ki, valideynlər öz uşaqlarına hicab taxmaq göstərişi verməklə onları təhsildən yayındırırlar. Əgər hicabın arxasında valideynin müəyyən maraqları yoxdursa, ata-ana övladının təhsildən yayınmaması üçün onun hicabı çıxartması ilə razılaşmalıdır".
Qeyd edək ki, "Təhsil haqqında" qanunda məktəbə hicabla gəlməyi qadağan edən müddəa olmasa da, şagirdlərin dərsə məktəbli formasında gəlməsini tələb edən müddəa var. Bildirilir ki, Azərbaycan dövləti dünyəvi dövlətdir. Azərbaycanda din dövlətdən ayrı fəaliyyət göstərir.
Göründüyü kimi, məktəblərdə hicaba qadağa qoyulmasını faktiki olaraq dəstəkləyənlər də var, əleyhinə olanlar da. Dəstəkləyənlər o fikirdədirlər ki, Azərbaycan dünyəvi dövlətdir, qanunları var və bu qanunlara riayət olunmalıdır. Eyni zamanda qadağanı dəstəkləyənlər arasında xürafata varmağın əleyhinə olanlar da var. Və bildirirlər ki, hicab məsələsinin ortaya atılması xaricdən idarə olunan bir oyundur. Qərarı dəstəkləməyənlər isə demək olar ki, qatı dindar sayılırlar. Onlar bildirirlər ki, İslam qanunlarına riayət edirlər, İslamda da qadının örtünməsi göstərilib. Və eyni zamanda qadağaya qarşı olanlar bildirirlər ki, Azərbaycan Respublikası İslam dinini dövlət dini kimi qəbul edib, dövlətin bayrağında İslam rəmzi öz əksini tapıb, həmçinin də konstitusiyada "Vicdan azadlığı" məsələsi göstərilib. Buna görə də hicaba qadağa qoyula bilməz.
Fəlsəfə elmləri doktoru, sosioloq Əhməd Qəşəmoğlu isə deyir ki, hicab məsələsi ilə bağlı gedən proseslər qaneedici deyil. Onun sözlərinə görə, hicab əslində gedən proseslərin özü deyil: "Bu, başqa bir qlobal məsələnin təzahür formasıdır. Yəni hicab bizim qızların əsas məqsədi deyil. Başqa proseslər gedir ki, hicab da ona görə ortaya çıxıb. Biz gedən proseslərlə məşğul ola bilmirik, hicabın yaxasından tutmuşuq. Dünyada sürətlə qloballaşma prosesi gedir. Burada bir neçə amil var. Birincisi odur ki, insanların İslama diqqətinin artması, dinə meyil eləməsi həmin o qloballaşma prosesinin xoşagəlməyən tərəflərinə, əxlaqa zidd olan tərəflərinə bir protestdir. Digər tərəfdən isə İslam Azərbaycanda yayılmalıdır. Bu, qaçılmaz bir həqiqətdir. İslam Azərbaycan dövlətinin rəmzi olan bayrağının rənglərindən birini özündə ehtiva edir. Dinsiz cəmiyyət mümkün deyil. İkinci məsələ isə bizim İslamın Azərbaycanda daha mütərəqqi formada yayılmasına çalışmağımızdan ibarətdir. Biz bu tərəfləri başlı-başına buraxmışıq. Bu gün Azərbaycanda kim istəyir, bir təriqət yaradır, öz təriqətini ölkəmizdə oturdur. Və o təriqətlərin də hər biri İslamdan mənəvi faktor kimi istifadə etməyə başlayırlar. Bu isə İslamın bizə lazım olan səviyyədə deyil, həmin təriqətləri oturdanların özlərinə lazım olan səviyyədə təbliğ olunmasına gətirib çıxarır. Bunun nəticəsində də hicablı qızlarımız çıxır ortaya".
Ə.Qəşəmoğlunun qənaətincə, bu gün hicablı bir qızın yaxasından tutub, onunla dərindən söhbət etsən görəcəksən ki, İslam haqqında heç bilgisi belə yoxdur, sadəcə, din haqqında danışılan söhbətlərdən mənəvi rahatlıq tapır: "Düzdü, İslam dininin içərisində qadınların hicab geyməsi də var. Amma biz daha çox diqqəti Azərbaycan dövlətçiliyinə kömək edən İslam formasının yayılmasına yönəltməliyik. Yoxsa müxtəlif təriqətlərin, hansısa təriqət rəhbərinin xeyrinə olan tərəfə yayılmasına kömək etmək düzgün deyil. Mənə elə gəlir ki, bu gün diqqəti təzahürə deyil, mahiyyətə yönəltmək lazımdır. Ümumi qərara gəlinməlidir ki, İslam Azərbaycanda hansı formada yayılmalıdır ki, dövlətçiliyimizə də kömək etsin, mənəviyyatımıza da".
Millət vəkili Gövhər Baxşəliyeva isə deyir ki, Azərbaycan dünyəvi dövlətdir və Azərbaycanda təhsil də dünyəvi xarakter daşıyır. O cümlədən, həmin təhsil müəssisələrində məktəblilərin, tələbələrin geyim forması da dünyəvi xarakter daşımalıdır: "Ümumiyyətlə, birmənalı şəkildə bildirmək istəyirəm ki, həddi-buluğa çatmamış qızların hicab altına girmələrinin əleyhinəyəm. Düzdür, bizdə vicdan azadlığıdır, əqidə azadlığıdır, amma bu o demək deyil ki, yaşı həddi buluğa çatmamış qızlar kiminsə təsiri anasının, bacısının, qohumlarının təsiri və bəzən də bəlkə evdə atasının, qardaşının təkidi ilə həmin o hicabı taxsın. O, gərək 18 yaşına çatsın. Məhz bundan sonra onun tam müstəqil seçim etmək hüququ var və o öz seçimini etməkdə də sərbəstdir. Nə cür istəyər, o cür də geyinər. Yəni, istədiyi yerdə hicabdan istifadə edə bilər və bizlər də onun seçiminə hörmətlə yanaşarıq, yanaşmalıyıq. Amma məktəbli yaşında qız uşaqlarının hicab taxması qətiyyən, yolverilməzdir. Məktəbli forması var, ona riayət olunmalıdır. Və əgər hansısa ailələr istəyirlərsə ki, qız övladları hicabdan istifadə etsin, onlar o zaman həmin qızların 18 yaşına çatmasını gözləməlidirlər".