Mirmahmud Mirəlioğlu Milli Şuranı biabır etdi
Mirmahmud Mirəlioğlu Milli Şuranı biabır etdi

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun Milli Şura ilə bağlı mövqeyi bəllidir. Belə ki, KXCP-nin bəzi üzvləri Milli Şura da təmsil olunsa da, M.Mirəlioğlu sözügedən qurumu qəbul etmir.
"Unikal"ın məlumatına görə, M.Mirəlioğlu ümumiyyətlə, müxalifətin fəaliyyətini qaneedici saymır. Belə ki, KXCP sədrinin sözlərinə görə, müxalifət indiyi kimi yanlış mövqedə olub və buraxdığı səhvlərdən nəticə çıxara bilməyib: "Müxalifət nəinki ölkədəki vəziyyəti dəyişmək, yeni vəziyyət yaratmaq da müxalifətin borcudur. Amma bu müxalifət Elçibəy zamanında bir cür mübarizə aparırdı, sonrakı dövrdə başqa cür. Bununla yanaşı, mənəm-mənəmlik, bir-birini həzm etməmək və digər məsələlər də var. Bütün bunlar keçilən yoldur, olanımız budur. Təəssüf ki, boynumuza düşən borc arxa plandadır. İndi mübarizə bir neçə cəbhədə aparılır. Müxalifət düşərgəsində olan adamların bir qismi bir-biri ilə mübarizə aparırlar, bəziləri isə hakimiyyətin dəyirmanına su tökürlər. Son 20 ildə kimin hansı mərhələdə, hansı mövqedə dayanması, onların Elçibəy zamanında hansı vəzifədə olmaları və indi harda dayanmaları, həbs olunanların sonradan mövqelərini dəyişməsi, bütün bunlar prosesə təsirsiz ötüşməyib. Ona görə də hamını eyni götürmək olmaz. Amma boynuna düşən borcu bilənlər, üzərinə düşən öhdəliyi yerinə yetirənlər elə öz yerlərindədir. Öz borclarını unudanlar isə "paqonlarını" dəyişiblər, kimliklərini ortaya qoyublar, mövqelərini bəyan ediblər, belə demək mümkündürsə, indiki zamanda yaşamağın yolunu tapıblar. Siz müxalifət düşərgəsinə, orda olan insanlara, 20 ildə olan dəyişikliklərə baxın. Yəni, 1993-cü ildən 2014-cü ilə qədər hər kəs öz mövqeyini bildirib. Amma qabağa baxıb qiymətləndirəndə, demək olar ki, boynumuza düşən borcu yerinə yetirə bilməmişik. Bir müsbət məsələ var ki, bütün çətinliklərə baxmayaraq, meydanda qalmışıq. Tək də olsaq, millətçilik, dövlətçilik mövqeyində qalmışıq. Ancaq Azərbaycandakı vəziyyəti dəyişmək imkanımız olmayıb, belə bir imkanı əldə edə bilməmişik. Bu da qeyd etdiyim səbəblər ucbatından olub. Sabaha baxanda özümüzdən sonrakı nəsilə nə miras qoyuruqsa, o öz yerində... Amma indidən onları qabaqlayaraq deyirik ki, biz işlərimizin öhdəsindən gələ bilmədik. Hakimiyyətimizi saxlamağı bacarmadıq, Milli Hökuməti qoruya bilmədik. Üstəlik, baş verənlərdən ibrət götürmədik deyə, indi belə vəziyyətlə üz-üzəyik".
Mətbuatda bildirilir ki, KXCP-nin hazırda kiminlə müttəfiq, kiminlə opponent olduğu bəlli deyil. Milli Şurada təmsil olunsalar da, M.Mirəlioğlunu orda görmək olmur. KXCP sədri deyir ki, Milli Şurada təmsilçilik fərdidir: "İndi zamanında özümüzün təsis elədiyimiz qurum haqqında mənfi söz demək istəmirəm. Halbuki Milli Şurada kifayət qədər mənfi insanlar var və bu gün də mənfi fəaliyyətlərini davam etdirməkdədirlər, xasiyyətlərini dəyişmək niyyətində deyillər. Onlar üzdə bir cür, arxada başqa cürdür. Burda bir söz deyirlər, sosial şəbəkədə başqa bir status yazıb söyüş söyürlər. Bütün bunlar faktdır, amma hesab edirəm ki, indi bu barədə danışmaq yersizdir".
Qərib Gərayzadə