Nazim İbrahimov:
Nazim İbrahimov: "Sovet müstəmləkəsindən çıxmış, tanınmayan Azərbaycan yüz illərlə formalaşmış "erməni mifi"nə bir neçə ildə kölgə salmağı bacardı"

"Uydurma "erməni soyqırımı"nın yüzüncü ildönümü ilə əlaqədar Türkiyə və türk diasporu ilə birgə fəaliyyət xətti yürütməyə üstünlük veririk"

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov dünya ermənilərinin lobbisinin gücündən danışaraq bildirib ki, hər dəfə bu mövzudan danışarkən, nədənsə çox vacib bir faktı unuduruq. Bizim qarşımızda bir az əvvəl dediyim kimi, 200 illik tarixi, təcrübəsi olan erməni diasporunun və lobbisinin dayandığını unutmaq olmaz. Siz də bilirsiz ki, bizim diasporumuzun real fəaliyyət tarixi 20 illik bir dövrü əhatə edir.

Erməni və Azərbaycan diasporunu müqayisə edərkən bu faktı nəzərə almaq zəruridir. Üstəlik, digər bir faktı da unutmamaq lazımdır ki, müxtəlif ölkələr öz milli maraqlarına və ya dünya siyasətinin aktuallığına uyğun olaraq erməni diasporu və lobbisinə daha geniş imkanlar verir, onların siyasi proseslərə təsir etməsinə şərait yaradır. Bu aspektdən yanaşdıqda tək erməni deyil, erməni diasporunu dəstəkləyən ölkələrlə mübarizəyə qatılan Azərbaycan diasporu gənc olmasına rəğmən kifayət qədər çox iş görüb, yəni bu 20-25 illik müddətdə mümkün olduğundan artıq və səmərəli işləyib. Yenə də təkrar edirəm, təkcə diasporumuz deyil, bütövlükdə Azərbaycan dövləti. Çünki Azərbaycanın bu sahədə konkret məqsədlərə və hədəflərə ünvanlanmış vahid strateji xətti var və ən əsası da elə budur. Bütün dövlət qurumlarımız, ictimai birliklər, qeyri-hökumət təşkilatları, KİV və şübhəsiz ki, diaspor təşkilatlarımız hər biri öz fəaliyyətini bu strateji xəttə uyğun olaraq qurub. Ona görə də Azərbaycan diasporunun zəif olması barədə səslənən fikirlər əsassızdır. Amma əlbəttə ki, əldə etdiyimiz uğurlar bizi tam qane etmir. Çünki cəmiyyətin bir parçası olan diaspor da ətrafdakı dəyişikliklərin təsirindən kənarda qalmamalı, zaman-zaman inkişaf etməli, dəyişməli və təkmilləşməlidir. Bu baxımdan Azərbaycan diasporunun qarşısında hələ görüləsi çox işlər var:" Hansısa taktiki məsələlərin mətbuatda müzakirə edilməsinin də tərəfdarı deyiləm. Çünki biz, həm diasporumuz, həm də dövlətimizin strateji məqsədləri uğrunda mübarizə aparırıq və hesab edirəm ki, indiki məqamda ölkəmiz həm beynəlxalq siyasətdə, həm də diaspor quruculuğu sahəsində qarşıya qoyulan strateji məqsədlərə nail olub. Bu, faktdır, günün reallığıdır. Məsələ ondadır ki, erməni tərəfinin özü də bunu etiraf edir və artıq erməni diasporunun nümayəndələri yerlərdə bizim təbliğatımıza qarşı çıxa bilmədiklərini açıq söyləyirlər. Eləcə də indi Ermənistanda hakimiyyətə müxalif olan qüvvələr hökumətin Azərbaycanın apardığı beynəlxalq siyasətin qarşısında aciz qaldığını bəyan edirlər. Bu gün Azərbaycan dövlətinin gücü, imkanları, beynəlxalq nüfuzu elə bir səviyyədədir ki, Ermənistanın istənilən təşəbbüsünün qarşısını ala bilir. Ermənilərin yüz illərlə görə bilmədiyi işləri Azərbaycan dövləti ümummilli liderin müəyyənləşdirdiyi strateji xəttin, prezident İlham Əliyevin uğurlu siyasətinin sayəsində cəmi bir neçə ildə görə bildi. Sovet müstəmləkəsindən çıxmış, dünyada demək olar ki, tanınmayan bir ölkə cəmi bir neçə ildə yüz illərlə formalaşmış yalançı "erməni mifi"nə kölgə salmağı bacardı. ABŞ kimi dünya gücü 2013-cü il 26 fevral tarixində petisiyanı imzalayan 125 min nəfərin hər birinə cavab verdi və Xocalıda insanların faciəli ölümünə dərindən təəssüfləndiyini bildirdi. Strateji məqsədlərə hədəflənən ardıcıl səmərəli təbliğat, ölkədə keçirilən mötəbər beynəlxalq tədbirlər Azərbaycanı bütün dünyaya tanıtdı, onun həqiqətlərini dünya ictimaiyyətinə çatdırdı. Heydər Əliyev Fondunun bu sahədə gördüyü işlər də xüsusi qeyd olunmalıdır. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın tanıdılması istiqamətində geniş fəaliyyəti, Leyla Əliyevanın təşəbbüsü ilə bir sıra ölkələrdə "Xocalıya ədalət" kampaniyasının keçirilməsi artıq dünyanın əksər ölkələrinin parlamentlərində, yüksək strukturlarında 1992-ci il fevralın 26-da Xocalıda baş verənlərin soyqırım kimi qəbul edilməsi bu istiqamətdə əldə olunmuş böyük uğurlardır.
Ermənilərin qondarma soyqırım təbliğatına qarşı mübarizə bu gün bizim fəaliyyətimizin prioritet istiqamətlərindən biridir. Xüsusilə, ermənilərin uydurma soyqırımın yüzüncü ilini qeyd etməyə hazırlaşdıqları bir ərəfədə biz Türkiyə və türk diasporu ilə birgə fəaliyyət xətti yürütməyə üstünlük veririk. Bu müddəa Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına uzv ölkələrin ortaq fəaliyyət planında da öz əksini tapıb. Türk və türkdilli ölkələrin bu və digər məsələlərlə bağlı fəaliyyətini koordinasiya etmək üçün 8 ölkədə koordinasiya mərkəzləri açılmaqdadır. Bundan başqa, Avropanın bəzi şəhərlərində beynəlxalq konfransların keçirilməsini nəzərdə tutmuşuq. Hesab edirəm ki, biz erməni diasporu və lobbi qurumlarının kampaniyalarina cavab addımlarından daha çox, diqqəti Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş terror və soyqırım aktlarının təbliğinə və bunun daha geniş coğrafiyada tanınmasına yönəltməliyik. Dünya ictimai fikirində formalaşan yalançı "erməni mifi"ni tamamən darmadağın etməli, Azərbaycan həqiqətlərini, reallıqlarını tam olaraq beynəlxalq fikirdə təsdiqlətməliyik. "Erməni mifi"nin dağılması elə "soyqrımı mifi"nin də dağılmasına gətirib çıxaracaq. Bir sözlə, bütövlükdə Azərbaycan dövlətinin, Azərbaycan cəmiyyətinin, o cümlədən də Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti buna yönəlib, hesab edirəm ki, həyata keçirilən tədbirlərin nəticəsini görəcəyik".