Regionda insan haqlarını qoruyan QHT qıtlığı
Regionda insan haqlarını qoruyan QHT qıtlığı

Yaxud regionda fəaliyyət göstərən QHT-lər niyə fəaliyyətsizdirlər?

Azərbaycanda vətəndaş cəmiyyətinin dəstəklənməsinə və inkişafına yönələn ən mühüm addımlardan biri vətəndaş cəmiyyətinin aparıcı elementlərindən olan Qeyri-Hökumət Təşkilatlarının xarici donorlardan asılılığının azaldılması və dövlətin bu təşkilatlar üçün əsas donora çevrilməsi üçün mexanizmin formalaşdırılmasıdır. Belə ki, son bir neçə ilə qədər Azərbaycanda fəaliyyət göstərən QHT-lər öz təşəbbüslərini həyata keçirmək üçün ancaq xarici donorlardan, beynəlxalq təşkilatlardan və fondlardan maliyyə dəstəyi ala bilirdilər. Dövlətlə QHT-lər arasında tərəfdaşlıq o qədər də inkişaf etməmişdi. QHT-lərin xarici donorlardan asılı olması həm də milli təhlükəsizlik nöqteyi-nəzərindən müəyyən narahatlıqlar meydana çıxarırdı. Nəhayət geniş ictimai müzakirələrdən, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsindən sonra Azərbaycanda da bir çox inkişaf etmiş Avropa ölkələrində olduğu kimi dövlət-QHT tərəfdaşlığı üçün mexanizmin yaradılması məsələsi həllini tapıb. Azərbaycanın iqtisadi qüdrətinin artması QHT-lərin təklif etdikləri layihələrin, sosial-ictimai həyatın ən müxtəlif aspektlərinə dair faydalı təşəbbüslərin dövlət tərəfindən maliyyələşdirilməsinə də imkan yaradıb. Azərbaycan prezidentinin sərəncamı ilə "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası" təsdiqlənib, bu konsepsiya ölkədə QHT sektorunun inkişafının yeni mərhələsinin başlanması üçün baza prinsiplərini müəyyənləşdirib. Ölkədə QHT-lərə dövlət dəstəyi üçün formalaşdırılan mexanizm 2008-ci ilin aprelindən işə düşüb. Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin məqsədləri cəmiyyətdə yeni münasibətlər modelinin formalaşdırılması, vətəndaş cəmiyyəti institutlarının müasirləşdirilməsi, vətəndaş təşəbbüsünün artırılması, milli maraqların qorunması sahəsində QHT-lərin fəaliyyətinin təşviq edilməsi, onların sosial əhəmiyyətli problemlərin həllinə cəlb olunması, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən proqram və layihələrin maliyyələşdirilməsidir. Şuraya dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ilbəil artırılması da dövlətin vətəndaş cəmiyyətinin inkişafına dair uzunmüddətli strategiyasına xidmət edir. Amma təcrübə göstərir ki, QHT-lərə dövlət dəstəyi heç də bütün vətəndaş cəmiyyəti institutlarından olan QHT-lərin fəaliyyətində tərpəniş yarada bilməyib. Yəni, ölkədə 3-cü sektor inkişafda olsa da, bu ifadəni Azərbaycanda fəaliyyət göstərən bütün QHT-lərə aid etmək olmaz. Loru dildə desək, QHT sektoru heç də ölkənin bütün bölgələrində bərabər templə inkişaf etmir. Vətəndaş cəmiyyətinin inkişafı ölkədə insan hüquqlarının qorunması baxımından vacib olsa da, bu işi hələki az-çox paytaxtda fəaliyyət göstərən QHT-lər görə bilirlər. Baxmayaraq ki, regionda da vətəndaş cəmiyyətinin inkişafı və QHT-lərin fəaliyyəti vacibdir. Bəs görəsən regionlardakı QHT-lərin kölgədə qalmalarının səbəbləri nədir?
Elə bu sualla öncə regionda fəaliyyət göstərən QHT-lərdən birinə müraciət etdik. Bərdədə yaranan «İntibah" Sosial İnkişaf İctimai Birliyinin (İB) rəhbəri Əmirxan Baxşaliyev bizimlə söhbətində regionda fəaliyyət göstərən QHT-lərin problemlərindən danışdı. Birlik rəhbərinin sözlərinə görə, regionda yaranan vətəndaş cəmiyyəti institutlarının mütləq əksəriyyətinin yalnız quruca adı var: «Yəni bölgələrdəki QHT-lərin çoxu fəaliyyətsizdir. Bunun səbəbi isə regiondakı QHT-lərin layihələrinə qrantların ayrılmamasıdır. Bu gün rayonlardakı QHT-lərin çoxu «ağzı günə", nə vaxtsa layihələrinin maliyyələşdiriləcəyi günü gözləyirlər. Çox nadir hallarda regiondakı hansısa QHT-nin layihəsinə qrant ayrılır. O daki 3-5 ay layihə başa çatandan sonra yenə illərlə gözləməli olur. Ona görə də regionda QHT yaradanların çoxu bu işin «daşını atıb" başqa fəaliyyətlərlə məşğuldurlar".
Həmsöhbətimin dediyinə görə, regionlarda problem çox olsa da, həmin çətinliklərin həllinə yardımçı olmağa çalışan QHT-lərin layihələrini maliyyələşdirən yoxdur.
İmişlidə «Çıraq Humanitar və İnkişaf" İctimai Birliyinin (İB) rəhbəri Nadir Cəfərov isə artıq xeyli vaxtdır ki, bu işlə məşğul olmadığını söylədi. Deyir ki, İctimai Birliyi olsa da, layihələri maliyyələşdirilmədiyindən indi ailəsi üçün çörək pulu qazanmaq üçün çalışır. N. Cəfərov paytaxtdan fərqli olaraq regionda QHT-nin fəaliyyətinin çətin olduğunu söyləyir. Onun sözlərinə görə, regionlarda ictimai işlə məşğul olmaq istəyənlər olsa da, bu arzuda olanlar da beş-on manat çörək pulu dalınca qaçmaq məcburiyyətindədir. Çünki regionlardakı QHT-lərin layihəsinə pul ayran yoxdur. Ona görə də, N. Cəfərov indi regionda əziyyət çəkib QHT yaradanın barmaqla sayacaq qədər az olduğunu bildirdi. Onun sözlərinə görə, digər səbəb region QHT-lərinin sayının az olmasının səbəbi rayonlarda fəal gənclərin azlığıdır: "QHT-ləri yaradanlar gənclərdir. Amma regionlarda fəal gənclər azdır. Eyni zamanda yerli hakimiyyət orqanlarının mühafizəkarlığı da region QHT-lərinin yaranmasına mane olur. Amma regionda fəaliyyət göstərən elə QHT var ki, paytaxtdakı QHT-dən şəffaf və xeyirli işləyir. Hazırda regionlarda müəyyən sahələr üzrə QHT qıtlığı var. Regionlarda ekoloji, əhalinin siyasi səviyyəsinin, təhsilinin, səhiyyənin problemlərinin həllinə yardımçı olacaq QHT-lərin yaranmasına ciddi ehtiyac var".
Milli QHT Formunun prezidenti Rauf Zeyni isə deyir ki, regionlarda QHT-lərin fəaliyyətində canlanma olsa da, paytaxtdakı QHT-lərlə müqayisədə zəifdir. Səbəb isə müxtəlif bürokratik əngəllər, maddi texniki bazanın yoxluğu, stimulun olmamasıdır. Forum rəhbərinin sözlərinə görə, vətəndaş təşəbbüsünü reallaşdırmaq istəyən region QHT-ləri maliyyə dəstəyi almadıqda həvəsdən düşürlər: «Dövlətin ayırdığı vəsait bütövlükdə QHT sektorunu əhatə edə bilməz. Regional QHT-lər texniki, informasiya və sair dəstəkləri almalıdırlar ki, fəaliyyətlərini qura bilsinlər. Bundan başqa dövlət də ictimai resursun potensialından istifadə etməlidir".
7 regionda QHT-lərin durumunu araşdıran Azərbaycan Hüquqşünaslar Forumu da maraqlı nəticələr üzə çıxarıb. Araşdırma zamanı müəyyən edilib ki, təkcə Quba rayonunda 30-dan çox QHT fəaliyyət göstərsə də, onlardan cəmi 7-si müstəqil QHT kimi yaradılaraq dövlət qeydiyyatına alınıb. Digər QHT-lər isə, bir sıra respublika səviyyəli QHT-lərin bu rayonda şöbələri kimi fəaliyyət göstərir. Bu günə qədər Qusar rayonunda heç bir müstəqil QHT dövlət qeydiyyatına alınmayıb. Eyni problemlərlə digər rayonlarda fəaliyyət göstərən QHT-lər də üzləşiblər. Xaçmaz rayonunda da, əsasən respublika səviyyəli QHT-lərin rayon şöbələri mövcuddur. Lakin bu qurumların fəaliyyəti gözə çarpmır. Araşdırmalar zamanı o da üzə çıxıb ki, region QHT-lərinin beynəlxalq təşkilatlarla əməkdaşlıq təcrübəsi demək olar ki, yox səviyyəsindədir. Regionun digər rayonlarında da QHT-lərin dövlət qeydiyyatına alınması hələ də ciddi problem olaraq qalmaqdadır. Tədqiq olunan regionda QHT-lərin üzləşdikləri əsas problem qeydiyyat zamanı süründürməçilik, donor axtarışı, qrant elanlarının çatışmazlığı, maddi-texniki resursların məhdudluğu, bacarıqlı kadr çatışmazlığı, layihələrin hazırlanması təcrübəsinin aşağı olmasıdır. Yerli KİV-ləri isə regionlarda fəaliyyət göstərən QHT-lərə münasibətdə sırf kommersiya maraqlarından çıxış edir. Regionlarda fəaliyyət göstərən QHT-lərin əksəriyyəti QHT-lərə Dövlət Dəstəyi Şurasının qrant elanlarından xəbərsiz olublar, həmin müsabiqədə iştirak etməyiblər. Araşdırma zamanı müəyyən edildi ki, regionda təşkilatlanma çox zəifdir. Son dövrlərdə yeni QHT-lər demək olar ki, yaradılmır. Bunun əsas səbəbi kimi qeydiyyat və maliyyə problemləri diqqəti çəkir. Problemdən çıxış yolu kimi regionlarda fəaliyyət göstərən QHT-lərin vahid informasiya bazası yaradılması, bu bazada müntəzəm olaraq həm ölkə daxilində donorların, həm də xaricdəki donorların elan etdikləri qrant proqramları barədə məlumatlar çatdırıla bilər.