Çingiz Qənizadə: ""Human Rights Watch"un budəfəki açıqlaması da əvvəlki notlar üzərindədir"

"Çox təəssüf ki, Azərbaycanda baş verən proseslər müxtəlif beynəlxalq təşkilatlar tərəfindən başqa cür yozulur və onlar bizim uğurları görmək istəmirlər"

Bu barədə Milli Məclisin deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadə "Human Rights Watch" təşkilatının Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ilə bağlı tənqidi rəyinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, "Human Rights Watch" birinci dəfə deyil ki, Azərbaycanda hansısa problemlərin olduğunu dilə gətirir, əsassız və faktlara söykənməyən bəyanatlar yayır: "Bu baxımdan bir daha deyirəm ki, "Human Rights Watch"un budəfəki açıqlaması da əvvəlki notlar üzərindədir: Azərbaycanın uğurlarına qısqanclıqla yanaşmaq, Azərbaycanda yaxşı nəyisə dilə gətirməmək".
Millət vəkili bildirib ki, Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə altı aylıq sədrliyi müddətində fəaliyyəti ilə bir daha göstərdi ki, təkcə Azərbaycan Avropa Şurasına lazım deyil, həm də Avropa Şurası Azərbaycana lazımdır: "Yəni bu əməkdaşlıq, bu münasibət və görülən işlər onu göstərdi ki, Azərbaycanın sədrliyi özünü demokratiyanın beşiyi adlandıran bir çox Avropa dövlətlərinin sədrlik etdiyi dövrlərdən heç də geridə qalmadı. Hesab edirəm ki, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə altı ay sədrlik etdiyi dövr hətta digər dövlətlərin sədrliyindən yaxşıdır".