Alman politoloq: "Ermənistan Putinin ittifaqından istifadə edib cəbhədə təxribatları artırır"

Berlin Azad Universitetinin dosenti, Xəzər regionunun öyrənilməsi üzrə Berlin mərkəzinin assosiativ üzvü, tanınmış politoloq Mattias Dornfeldt Azərbaycanla Ermənistan arasındakı qoşunların təmas xəttində baş verən məlum helikopter hadisəsini şərh edib.
Analitik Ermənistan tərəfinin cəbhə xəttindəki təxribat cəhdlərini Ukrayna böhranı kontekstində şərh edib. Ekspert bildirib ki, beynəlxalq oyunçuların əsas diqqəti hazırda Ukraynadakı böhrana yönəlib.
Politoloq hesab edir ki, bu mənada fürsətdən istifadə edən erməni tərəfi münaqişə zonasında provakasiya hərəkətlərini artırmağa çalışır.
"Dağlıq Qarabağ ətrafında gərgin vəziyyətlə eskalasiyanın yeni pilləsi başladı. Ukrayna böhranı kölgəsində erməni hərbçiləri Dağlıq Qarabağda və onun ətrafında mövqelərini yaşxılaşdırmağa, həmçinin öz hərəkətlərinin radiusunu genişləndirməyə çalışırlar. Bu halda onlar Azərbaycan tərəfinin reaksiyasını sınağa çəkirlər",-deyə alman analitik baş verənləri şərh edib.
Politoloqun fikrincə, təxribatçıların aktivləşməsi həm də Ermənistanın Avrasiya inteqrasiya layihələrinə sürətli girişi ilə izah edilə bilər.
"Yerevanın Avrasiya İqtisadi İttifaqına və Gömrük Birliyinə inteqrasiyası onda belə hərəkətlərin edilməsi üçün əminlik yaradır. Amma erməni rəhbərliyi unudur ki, onun bu siyasəti ittifaqın başqa üzvlərinin əksəriyyətinin xarici siyasət maraqları ilə diametral ziddiyyət təşkil edir. Bu kontekstdə, beynəlxalq cəmiyyət Ermənistanı Azərbaycan Respublikasına qarşı sonrakı fitnəkar addımlardan çəkindirməlidir. Çünki Cənubi Qafqazda indiki kövrək vəziyyət bütün əlaqədar tərəflərə ziyan vurur. Bunun üçün Rusiya, Avropa Birliyi və ABŞ arasında kooperasiya lazımdır".
Qeyd edək ki, noyabrın 12-də Azərbaycan tərəfi cəbhə xəttinin Ağdam istiqamətində Ermənistan ordusuna məxsus Mİ-24 döyüş təyinatlı helikopterini zərərsizləşdirib.