Allahşükür Paşazadə: "Bəzi gənclərimiz bizdən uzaqlaşaraq təsir altına düşür və cihad adı ilə başqa ölkələrə yollanırlar"

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində fəaliyyət göstərən Din Xadimlərini Təkmilləşdirmə Kurslarının bu gün növbəti - dördüncü buraxılışı olub.
QMİ-dən verilən məlumata görə, bununla bağlı keçirilən tədbirdə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək bildirib ki, kursların fəaliyyəti Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyədə olmasının bariz nümunəsi kimi dəyərləndirilir.
Bu layihəyə verdiyi maddi-mənəvi dəstəyə görə prezident İlham Əliyevə minnətdarlığını bildirən QMİ sədri təkmilləşdirmə kurslarını bitirən müdavim-ruhanilərin qarşısında böyük öhdəliklər olduğunu, müqəddəs İslam dininin cəmiyyətimizə doğru-düzgün çatdırılmasının vacibliyini vurğulayıb: "İslamın düzgün təbliğ olunmamasının nəticəsidir ki, hələ də bəzi gənclərimiz bizdən uzaqlaşaraq təsir altına düşür və cihad adı ilə başqa ölkələrə yollanırlar. Biz dinimizi düzgün təbliğ etsək, belə halların qarşısı alınar".
Şeyxülislam təkmilləşdirmə kurslarının din xadimlərinin bilik və dünyagörüşü səviyyəsinin daha da artırılması baxımından olduqca mühüm rol oynadığını və kursların bundan sonra da davam etdiriləcəyini qeyd edib. Sonra QMİ sədrinin birinci müavini, müfti Hacı Salman Musayev müdavim-ruhanilərə öz tövsiyələrini verib. Daha sonra din xadimlərinə təkmilləşdirmə kurslarını bitirmələrini təsdiq edən sertifikatlar təqdim olunub.
Tədbirdə QMİ sədrinin müavini Hacı Fuad Nurullah, QMİ-nin Aparat rəhbəri Simran Həsənov, QMİ-nin Təşkilat şöbəsinin müdiri Hacı Əlirza Qafarov və digərləri də iştirak ediblər.