Azərbaycan məmurlarının "yaxta sevgisi"

Onlar da "bahalı oyuncaqlarını" Mübariz Mənsimovun "qarajında"park edəcəklərmi?

Azərbaycanlı milyarder, "Palmali" şirkətlər qrupunun sahibi Mübariz Mənsimovun Türkiyənin Bodrum bölgəsində açdığı "Palmarina Bodrum" yeddiulduzlu istirahət kompleksi öz dəbdəbəli yaxtaları ilə dünya turunda olan zənginlərə maraqlı təklif edib.

Bu təklifə görə yaxınlaşan qış aylarında açıq dənizdə qalmaq istəməyən yaxta sahibləri öz üzən sarayları ilə birlikdə Mənsimovun istirahət kompleksinə yan ala və qışı burada keçirə bilər.
Azərbaycanlı milyarderin dəbdəbəli turizm obyekti bu zaman həmin zənginlərin üzən saraylarının da qayğısına qalacaq. "Palmarina Bodrum" Türkiyədə eni 10.5 metr, su tutumu 260 tona qədər olan meqayaxtalar üçün dayanacaq təklif edən yeganə turizm kompleksidir. Zənginlər öz nəhəng yaxtalarını Mənsimovun kompleksində xüsusi olaraq nəzərdə tutulmuş yaxta dayancağında park edə, üstəlik qış aylarında yaxtalarının orada qalmasına görə endirim əldə edə bilərlər. "Palmarina Bodrum"un yaxta dayanacağında 710 yaxta və motorlu qayığın lövbər salması üçün şərait var. Bu limanda uzunluğu 40 metrdən çox olan 70-ə qədər böyük yaxtanın lövbər salması mümkündür.
Türkiyə mətbuatı xəbər verir ki, artıq Mənsimovun yaxta dayanacağında bir neçə meqa yaxta lövbər salıb və onun sahibləri quruya çıxaraq Bodrumda istirahət edirlər. Bunların arasında ərəb şeyxlərinin də yaxtaları var.
Qeyd edək ki, azərbaycanlı bir çox imkanlı şəxslərin (onların arasında bəzi iri məmurlar da var) də yaxtaları mövcuddur.
Hələ bir neçə il əvvəl mətbuatda yayılan məlumatda bildirilirdi ki, Azərbaycanda yaxtası olan məmurlar arasında artıq görəvindən uzaqlaşdırılmış Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin keçmiş "şef"i Aydın Bəşirovu göstərmək olar: "Hazırda dənizdə onun qiyməti milyonlarla ölçülən yaxtası var. Yaxtası ilə gəzintiyə çıxanda təsadüfən qarşısına başqa gəmi çıxırsa, az qalır üsyan qaldırsın. Çağırır həmin gəmini idarə edənə, bir kəlmə deyir - qovuldun".
Bundan başqa ARDNŞ prezidenti Rövnəq Abdullayevin də yaxtası olduğuna dair məlumatlar var. Hələ 2010-cu ildə KİV-də yayılan məlumatlarda bildirilirdi ki, onun yaxtasının qiyməti 2 milyon dollardan artıq olar.
Bundan başqa, nəqliyyat naziri Ziya Məmmədovun da yaxtasının olduğuna dair məlumatlar var.
Eyni zamanda bəzi komitə sədrlərinin də yaxtalarının olması haqqında müxtəlif zamanlarda mətbuat yazıb.
Bir sözlə, Azərbaycan məmurlarının yaxta sevgisi yeni deyil. Onlar olduqca bahalı yaxtalara sahibdirlər. İndi maraqlı olan odur ki, görəsən, bizim imkanlı şəxslər də öz yaxtalarını Mübariz Mənsimova məxsus olan "qarajda" park edəcəklərmi?
Qeyd edək ki, yaxta" holland sözüdür, qovmaq, təqib etmək mənasını verir. Motorlu, yaxud yelkənli yüngül gəmidir. Yelkənli yaxtalar daha geniş yayılıb. İlk yelkənli yaxtalar 17-ci əsrdə meydana çıxıb. Hazırda yaxta əsasən imkanlıların istifadə etdiyi su nəqliyyat növüdür. Müasir dövrdə yaxtaları üç qrupa bölmək olar: yelkənli, yelkənli-motorlu və motorlu yaxtalar. Amma bütün müasir yelkənli yaxtaların da, demək olar, hamısının köməkçi motoru olur.
Azərbaycanlı məmurların yaxtalara xüsusi sevgisinin olduğunu isə yuxarıda özünə yer alan iddialar təsdiqləyir. Daha maraqlı bir fakt: bu ilin sentyabrında Türkiyədə "İnternational Boatshow" adlı beynəlxalq sərgidə müxtəlif növ yaxtalar ictimaiyyətə təqdim olunub. Türk yaxtaları İndoneziya, Rusiya və İordaniyadan olan iş adamlarının diqqətini çəkib. Sərgidə satışa çıxarılan yaxtaların qiyməti 3 milyon avroya qədər yüksəlirmiş. Ümumilikdə isə 380 yaxta və motorlu qayığın qiyməti 1 milyard türk lirəsi civarında dəyərləndirilib.
Bu faktı maraqlı edən isə yaxta sahibi olmaq istəyən varlılar arasında azərbaycanlı oliqarxların ön sırada qərarlaşmasıdır. Həmin varlı azərbaycanlıların arasında müəyyən vəzifəli şəxslərin, yaxud onların övladlarının olması qətiyyən istisna edilməməlidir.
Görünür elə məmurlar imkanlı şəxslərimizin yaxtalara xüsusi sevgisindən idi ki, bu ilin mayında Bakıda ilk dəfə olaraq 1-ci Xəzər Beynəlxalq Katerlər və Yaxtalar sərgisi də keçirilib. Sərgi Dövlət Dəniz Administrasiyası tərəfindən dəstəklənib. Tədbirdə 14 ölkədən 44 şirkət iştirak edib.
Həmin sərgidə nümayiş etdirilən lüks yaxtalara varlılarımızın gözünün düşməsi və sonradan həmin "bahalı oyuncaqlardan" özləri üçün sifariş etmələri tamamilə realdır.
Ülviyyə Qasımlı