Ermənistanda nə baş verir?

Axmaqlıq dövlət səviyyəsinə qalxanda çaqqal qartala çevrilir

Hər hadisənin mahiyyəti onun sonrakı inkişafını bəlirləyir. Siyasətdə proseslərin zahiri əksər hallarda batindən fərqli olur və görünənlər kütləni aldadır.
Məsələn, xatirinizdə olar, Şotlandiya bir müddət əvvəl Britaniyadan ayrılmaq istədi, müstəqil olmağa can atdığını dedi və inad edərək referendum da keçirdi.
Səsvermənin nəticələrinə görə Şotlandiya qaldı Britaniyanın tərkibində.
İngilis politoloqlar, analitiklər və şərhçilər baş sındırır, araşdırmalar aparır, şotlandların ayrılmaq istəklərini anlamağa çalışırlar.
Aylardır ki, müzakirələr aparılır. Səbəb sadədir: şotlandların simvol kimi qəbul etdikləri nəsnələrdən biri qanqaldır. Qanqal çiçəyi Edinburqdan tutmuş, Aberdinədək geniş arealda yaşayan şotlandlar üçün mübarizə timsallarından birinə çevrilib əsrlər əvvəl.
Qanqala önəm verənlərin qəfil addım atmaları qəribə təsir bağışlamamalıdır.
Baxanda göz qarşısına yalnız uzunqulaq gələn qanqalı simvol seçən xalq müdrik, hiyləgər və gələcəyini biləndir. Britaniya təki inkişaf etmiş, faktiki olaraq dünya siyasətinin müəyyənləşdirilməsində önəmli rol oynayan bir ölkədən ayrılmaq istəyən millət qanqalla sanki ingilisləri məsxərəyə qoyur.
Müdrik millətin simvolu həmişə sadə, təvazökar olur.
Eynən Fransanın ali mükafatı Fəxri Legion ordeni dırnaq, ABŞ-ın ən üstün ordeni sayılan Al Ürək medalı xırda qəpik boyda olduğu təki.
Dövlət nə qədər azad, millət nə qədər qüdrətlidirsə, onun vətəndaşları ilə bahəm, ölkəsinə xidmət etmiş yadellilər üçün nəzərdə tutduğu mükafatlar da bir o qədər sadə və kiçik olur.
Tam əksinə, dövlət nə qədər bambılı, ölkə nə qədər kiçik, xalq nə qədər demokratiyadan uzaq və insan haqlarına teleskopla baxandırsa, onun ordenləri bir o qədər böyük, bər-bəzəkli, mükafatları "ağırçəkili"dir.
Səbəb o ki, vətəndaşlarını əzən, onları kölə bilən, sümürən dövlətciklər "böyük" mükafatın həcmi və ölçüləri ilə özünü bir o qədər ciddi göstərməyə çalışır.
Tösmərək insanlar dikdaban ayaqqabılar geyindikləri, natamamlıq kompleksi olanlar böyük maşınlar aldıqları, zövqsüz pullular gözəllik anlayışını parıldamaq və işıldamaq təki dərk etdikləri kimi.
Ermənistan balaca, bədbəxt, insanları zəlil bir ölkədir. Mənəvi deqradasiyanın iqtisadi tənəzzülə qarışdığı bu ölkənin dövlət müstəqilliyi və suverenliyi yalnız kağız üzərindəki hərflər formasında qaldığından, ermənilər özlərinə toxdaqlıq vermək, əsrlərdən bəri davam edən natamamlıq komplekslərinin acısını azacıq da olsa, səngitmək üçün boylarından böyük, olduqlarından güclü, təsir bağışladıqlarından comərd təsir bağışlamağa çalışırlar.
Bu ölkənin simvolu yoxdur. Daha doğrusu, ermənilər simvollarının olduqlarını deyirlər və onların çoxsaylı terror təşkilatları, qrupları və dəstələrinin nişanlarında, ictimai təşkilatlarının möhürlərində qartal şəkli var.
Dağlıq Qarabağ separatçılarının da "gerb"ində qartal rəsmi var.
Başqa cür ola da bilməzdi, çünki gerçəkliyin etirafı olsaydı, Ermənistanın dövlət gerbində infuzoriya tərliyi, Dağlıq Qarabağdakı terrorçuların şevronlarında da çaqqal silueti görünməliydi.
Fəqət yoxdur, Yerevan mahiyyətini hər əməlində pərdələməyə çalışdığı kimi, əməllərinin hansısa "ülvi" məqsədlərə xidmət etdiyini ən müxtəlif sahələrdə vurğulamağa çalışır.
Halbuki Ermənistan itirilmiş dövlət sayıla bilər və bunun baiskarı da erməniləri idarə edən hakimiyyətdir.
İlk baxışdan prezident Serj Sarkisyanın iqtidarı güclüdür. Pulu, ordusu, polisi, məhkəmələri, repressiya aparatı və bütün seçkiləri ucdantutma saxtalaşdıraraq hakimiyyətinin müddətini uzatmaq imkanları var. Ölkədəki insanların siyasətə laqeydliyini və müxalifətə inamsızlığını da nəzərə alanda apatiyanın bu səviyyəsi iqtidarın lehinə işləyən nüanslara çevrilir.
Sarkisyan rejimi ilə mübarizə aparası müxalifət isə əksinə, cəmiyyətin nəzərində çox zəif qüvvələr toplusu, sayğı və nüfuzunu çoxdan itirmiş insanların nədənsə hələ də səhnəni tərk etmək istəmədikləri bir balaqandır.
Ermənilərin əksəriyyəti hesab edirlər ki, sabiq prezident, indi Erməni Milli Konqresinin sədri Levon Ter-Petrosyan ümumiyyətlə fəal siyasəti tərk etməli, kənara çəkilməli, siyasətçiliklə birdəfəlik vidalaşmalıdır.
Keçmiş prezident Robert Köçəryana məxsus "Çiçəklənən Ermənistan" Partiyasının sədri Qagik Sarukyana gəldikdə isə, bu oliqarx ötən ilin ortalarından bəri müxalifətə keçdiyini bəyan etsə də, onun müxalifətçiyə çevrilməsinin prinsip etibarilə mümkünsüz olduğunu Ermənistandakı ən ucqar kənddəki çoban da dərk edir.
Bütün bunlar belədir və həqiqətdir. Zahirən hakimiyyətdəki dəstə ölkədəki vəziyyətə tam nəzarət edir.
Əslində isə Sarkisyan da bilir ki, görüntü yanlışdır. Ermənilər indi müti, başıaşağı, taleləri ilə barışmış kütlə təsiri bağışlasalar da, Liviyadan tutmuş, Burkina-Fasoyadək müxtəlif ölkələrdə devrilən, öldürülən, güllələnən və ya qaçmağa vadar edilən diktatorların timsalı Serj Sarkisyanın gələcəyinin o qədər də mübah olmadığını ehtimal etməyə imkan yaradır.
Diktatorlar və ya marionetkalar yalnız dəstək, kömək olanda ölkəni idarə edə bilirlər. Bəşər Əsəd və ya Kim Çen In kimi diktatorlar tam nəzarətlərindəki ordudan, polisdən dəstək alırlarsa, Blez Kompaore və ya Serj Sarkisyan təki marionetkalar kənardan köməkdən yararlanırlar.
Ermənistan prezidenti Serj Sarkisyan xalqın onu dəstəklədiyini vurğulayır, son seçkilərin nəticələrindən bəhs edir.
"Çiçəklənən Ermənistan" Partiyasının sədri Qagik Sarukyan nə qədər müxalifətçidirsə, Sarkisyanın istinad etdiyi rəqəmlər də bir o qədər realdır.
Belədirsə, ermənilər Sarkisyanı niyə devirmirlər və ya devirə bilmirlər?
Sualın cavabı çətin deyil: Sarkisyan ermənilər üçün siyasi mebel funksiyasını daşıyır.
Mebel köhnələndə onu yenisi ilə əvəzləmək çətin olmasa da, gətirilən əşyaların atılan əşyadan üstün olacağı şübhəli məsələdir.
Elçin Alıoğlu