Təmənnalı yaxşılıq savaba yazılmır

"Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir"

Xalq kimi bizim çox yaxşı xüsusiyyətlərimiz var, arkadaşlar. Ürəyiyuxayıq, qonaqpərvərik, insansevərik, mədəniyyətə, oxumağa meyliliyik. Başqa dillərə, mədəniyyətlərə qarşı dözümsüzlüyümüz yoxdur. Heç bir dini radikal baş bəlasına çevirmirik. Səmavi dinlərin, səmavi olmayan dinlərin hamısı Azərbaycan torpağında şəkil dəyişiminə məruz qalıb.
Kəsəsi, gözəlim Azərbaycan xalqının qəşəng xüsusiyyətləri çoxdur. Ancaq mənfi xüsusiyyətlərimiz də var. Ən pisi düşmənə qarşı birləşə bilməməyimizdir. İnsanlarımız xırda hisslərdən uzaqlaşa bilmir. Bilmirəm bəlkə də bütün dünya millətləri belədir. Ancaq aşıq gördüyün çağırar da, mən bunları məmləkətimizdə görmüşəm.
Məsələn, görürsən ki, iki dost illərdir, bir yerdədirlər. Aralarından su keçmir. Çox mehribandırlar. Ailəvi dostdurlar. Dostluğu bəzən qohum olub möhkəmləndirirlər. Hamı bilir ki, bu adamlar möhkəm dostdurlar, bir-birindən ötrü ölümə gedərlər. Amma bir gün hansısa səbəbdən (çox vaxt pul üstündə) dostların arası dəyir. Əgər dostlar ünlü adamdırlarsa, müğənni, aktyor, futbolçu, siyasətçi pah, aləm dəyir bir-birinə. Başlayırlar, bir-birinin ətini didməyə. Minnət vurmağa. "Filan vaxt filan yaxşılığı elədim, burnundan gəlsin onun", "Bir dəfə borca düşmüşdü, qardaşları yaxın durmadı, banka girdim, faizə pul götürdüm, ödədim", "Bütün qohumlarının toyunda iştirak elədim, amma qanmadı" və s, və ilaxır.
Bu durum siyasi partiyalara da aiddir. Görürsən 20-25 ildir yol gəlirlər, ağrılı-acılı günləri birgə yaşayıblar. Bir-birinin güclənməsinə kömək ediblər. Amma günlərin bir günü aralarından biri bir balaca önə çıxır, sədr olur, deputat seçilir. Sədr ola bilməyən, mandat ala bilməyən partiyadan çıxır və bütün gücü ilə illərini verdiyi partiyanı dağıtmağa çalışır. Səhərdən-axşama kimi mənsub olduğu təşkilatı yıxıb-sürüyür, islahat qoymur. Rayona gedir, qohumlarını toplayır, "partiyadan çıxın" göstərişini verir. "Niyə" sualına cavabları da belə olur: "Filan bəy yaxşı adam döyül, avtoritardı, diktaturaya meyylidir". A balam, bunu 5 il qabaq niyə demirdin? Filankəs səndən güclü çıxıbsa, təşkilatı dağıtmalısan? Yeri gəlmişkən, bir siyasətçi kəndçim var, 24 ildir ki, müxalifətdədir. 8 partiya dəyişib. Keçən il kəndə gedib mənsub olduğu partiyanın kursunu təbliğ edirmiş: "Biz yeni müxalifətik. Bizim partiyaya gəlin, bizimlə yürüyün". Bu il partiyadan çıxıb. Kəndə gedib deyirmiş ki, yeni müxalifət zad boş şeydi, o partiyaya dəstək verməyin. İnsan harda olur-olsun elə danışar, elə vədlər verər, birini elə tərifləyər ki, sonra peşman olmasın. İnsan övladı yaxşılığı sonra nə zamansa başa qaxmaq üçün etməməlidir. "Qurdlar vadisi"nin Ömər babası demiş, "insan yaxşılığı yaxşı olduğu üçün edir". Yaxşı görsənmək üçün yaxşılıq edən, təmənnalı yaxşılıq edən bir müddətdən sonra özünü bildirir. Onu yaxından tanımağa ehtiyac yoxdur. Ayağı daşa dəyən kimi dostunu tapdayacaq, ona elədiklərini bir-bir başına qaxacaq.
Odur ki, arxadaşlar, yaxşılığı təmənnalı etməyin. Belə yaxşılıq savaba da yazılmır.