Arif Hacılı rəsmən müharibəyə start verdi
Arif Hacılı rəsmən müharibəyə start verdi

Başqanlığa keçmiş namizəd Səxavət Əlisoy "saxtakar başqan" ittihamına görə partiyadan xaric edildi

Müsavat Partiyasının qurultayından iki aya yaxın vaxt keçib, amma narazılıqlar hələ də səngiməyib.
Belə ki, Arif Hacılı başqan olandan sonra onun legitimliyini qəbul etməyənlər getdikcə aqressivləşməyə başlayıb. Yeni başqanın partiyanın digər strukturlarını da ələ keçirməsi qarşı tərəfi daha da hiddətləndirib. Ona görə də həm Qubad İbadoğlunun tərəfdarları, həm də digər başqanlığa namizədlər Arif Hacılıya qarşı aqressiyalarını açıq şəkildə sərgiləyirlər. Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy partiya rəhbərliyini yenidən tənqid edib.
"Unikal"ın məlumatına görə, Səxavət Əlisoy bu barədə özünün facebook səhifəsində yazıb. "Hacılıya xatırlatma" başlıqlı qeyddə Müsavat başqanı Arif Hacılı kəskin şəkildə tənqid edilib: "Qurultayın nəticələrini tanımıram və bu o deməkdir ki, nə sənin başqanlığını, nə divanını, nə məclisini, nə də MNTK-nı legitim hesab edirəm, qurultayın nəticələrini tanımayan hansı müsavatçının partiyadan kənarlaşdırılacağı, kimlərin töhmət, yaxud, şiddətli töhmət alacağı barədə qərarın KİM tərəfindən verildiyini, "divanınızın" hansı kabinetdə keçirildiyini də bilirik və bunu dostlarla 5 gün əvvəl ciddi müzakirə etmişik, sən adını Müsavat Partiyası tarixinə "SAXTAKAR BAŞQAN" kimi yazdırdın, partiyanın demokratik imicinə böyük zərbə vurdun və indi bizlərin əsas vəzifəsi Müsavat Partiyasını bu anormal durumdan xilas etməkdən ibarətdir, sən saxtakarlıqdan narazı olanlara istənilən cəzanı verə bilərsən və bu o anlama gələ bilməz ki, səni (saxtakarlığı) qəbul etməyənlər susmağa vadar olacaq, əmin ol, belə bir şey baş verməyəcək, nədən ki, hədəfin növbədənkənar qurultay olması barədə mübarizəyə start verilib, feysbukda baş dirijoru olduğun "instrumental ansamblın" üzvlərinin sənə biyyət etməyənlərə qarşı təhqir və təhdidlərinə son qoydur (biz lap yaxın zamanda birtərəfli qaydada moratorium elan edəcəyik), çünki elə bir bumeranq effekti yaranar ki, utandığından başını qaldıra bilməzsən, sən və tərəfdarların heç bir zaman Müsavatda söz azadlığının, plüralizmin qarşısında sipər ola bilməz. Unutma, indi 1937 yox, 2014-ci ildir".
"Unikal"ın əldə etdiyi məlumata görə, Arif Hacılı da Səxavət Əlisoyun son addımları ilə bağlı qəti tədbirlərin görülməsini tapşırıb. Artıq o, bu məsələylə bağlı Mərkəzi Nəzarət Təftiş Kmissiyasına göstəriş verib. Amma yeni başqan çox gözləməyib. Belə ki, dünən Müsavat Partiyası Divanının iclası keçirilib. Partiya başqanının müavini Elman Fəttahın verdiyi məlumata görə, iclasda partiyadaxili məsələlər müzakirə edilib. Başqanlığa sabiq namizəd Səxavət Əlisoy partiyanın ideoloji-siyasi xəttinə zidd addımlar atdığına görə partiya sıralarından xaric edilib. MNTK-nın sabiq sədri Əlövsət Talışxanlıya isə töhmət verilib.
"Mən bunu gözləyirdim. Müsavat Divanının qərarında qeyri-adi şey yoxdur. Biz bilirdik ki, bu adamlar demokratiyanı qəbul etmirlər, Müsavatı avtoritar üsulla idarə edirlər". Bunu APA-ya açıqlamasında Müsavat başqanlığına sabiq namizəd, partiya sıralarından xaric edilən Səxavət Əlisoy deyib. S. Əlisoy bundan sonra Müsavatda növbədənkənar qurultayın çağırılması üçün çalışacağını vurğulayıb: "İnanıram ki, saxtakar başqan Arif Hacılını lazım olan yerdə oturdacağıq".
Qərib Gərayzadə