Meriya 11 partiyaya
Meriya 11 partiyaya "yox" dedi

Bakı şəhər İcra Hakimiyyətinin mitinqə icazə verməməsi Mirmahmud Mirəlioğlunun işinə yarayıb

Bakı Şəhər İcra Hakimiyyəti Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin piket keçirilməsi üçün müraciətinə mənfi cavab verib. Bu barədə "Unikal"a Mərkəzdə təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyasından (KXCP) məlumat verilib.
Qeyd edək ki, Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində təmsil olunan partiyaların yalnız sədrlərinin iştirakı nəzərdə tutulan piket planlaşdırılmışdı. Həbsdəki siyasilər və QHT-lərlə bağlı piket keçirmək istəyən partiya sədrləri aksiyanı Prezident Admnistirasiyası, Milli Məclis və Ali Məhkəmənin qarşısında icra etmək istəyiblər. Amma BŞİH qeyd olunan ünvanlarda aksiya keçirilməsini məqsədəuyğun saymayıb. Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi noyabrın 18-də növbədənkənar toplanacaq və BŞİH-nin cavabından sonra yaranmış vəziyyət müzakirə olunacaq.
Onu da qeyd edək ki, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Bakı Şəhər İcra Hakimiyyətinin noyabrın 19-da Demokratiya və İnsan Haqları Mərkəzinin keçirmək istədiyi aksiyaya razılıq verməməsini pisləyib. "Media forum" saytına açıqlamasında partiya lideri deyib ki, meriya aksiyaya icazə verməməklə qanunu pozur: "İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov bizə göndərdiyi cavabda bildirib ki, piketə icazə verilmir. Meriya rəsmisi bu cavabı ilə qanunları pozur. Biz bu məsələni müzakirə edib uyğun qərar çıxaracağıq".
Bakı Şəhər İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov noyabrın 17-də açıqlamasında bildirib ki, müraciət "Sərbəst toplaşmaq haqqında" qanunun 5-ci maddəsinə cavab vermədiyindən piket məqsədəuyğun hesab edilməyib. Bakı Şəhər İcra Hakimiyyətinə müraciətdə piket ünvanı kimi Prezident Administrasiyasının, Ali Məhkəmənin, Baş Prokurorluğun qarşısı göstərilmişdi.
"Unikal"ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin mitinqə icazə verməməsi Mirmahmud Mirəlioğlunun işinə yarayıb. Çünki bu mitinq təşəbbüsü ondan gəlmişdi və təşkilatçılıq da onun boynuna düşürdü. O isə mitinqə hazırlıq işlərini həyata keçirə bilməmişdi. Bu barədə bizi bilgiləndirən KXCP fəalının sözlərinə görə, Mirmahmud Mirəlioğlu Bakı Şəhər İcra Hakimiyyətinin mitiqə icazə verməməsini arzulayırmış: "Diqqət etdinizsə, Mirmahmud Mirəlioğlu mitinq məsələsini gündəmə gətirəndən az keçmişdi ki, hələ qəti qərar verilmədiyini, sadəcə, liderlərin iştirakı ilə piket keçiriləcəyini deməyə başladı. Amma sonradan gördü ki, heç piket keçirməyə də gücü çatmır. Nəzərə alsaq ki, hazırda Müsavat Partiyasının başı partiyadaxili gərginliyə qarışıb, o zaman KXCP sədrinin təkbaşına mitinq keçirmək imkanlarının məhdud olduğunu anlamaq olar. Bu gün Bakı Şəhər İcra Hakimiyyəti mitinqə icəzə vermədiyini açıqlayanda Mirmahmud bəy çox sevindi. Amma mətbuata açıqlama verərək meriyanı qanunları pozmaqda, sərbəst toplaşmaq azadlığının təmin olunmamasında ittiham edir. Halbuki mitinqə icazə verilsəydi, çıxılmaz vəziyyətə düşəcəkdi".
Müsahibimiz onu da bildirib ki, M.Mirəlioğlu mitinq məsələsini bir daha gündəmə gətirmək fikrində deyil. Çünki bu dəfə Bakı Şəhər İcra Hakimiyyətinin mitinqə icəzə verəcəyi şübhəsizdir. Bu isə o deməkdir ki, KXCP sədri ya mitinqi keçirmək üçün hərəkətə keçməlidir, ya da biabırçılığı boynuna alıb geri çəkilməlidir. Onun ikinci dəfə belə bir risq alacağı gözlənilən deyil.
Qərib Gərayzadə