Rövnəq Abdullayevin təəccübləndirən açıqlaması
Rövnəq Abdullayevin təəccübləndirən açıqlaması

Azərbaycanın benzin ixracındakı ziddiyyətli məqamların pərdəarxası

Ölkədə daxili bazarın neft məhsulları, xüsusən də avtomobil benzini ilə təminatı məsələsində ilin əvvəlində deyilənlər real vəziyyətə uyğun gəlmir. Belə ki, keçən il ölkədə daxili tələbatın son 10 il ərzində ardıcıl genişlənməsi və bunun hər il 10-11 faiz təşkil etməsinə əsasən, benzin ixracında problem yarandığı və bu ildən Dövlət Neft Şirkətinin (SOCAR) hətta xam neft ixracını da belə dayandıracağı bildirilsə də, bu gün yaxşı qiymət təklif olunarsa 5-10 min ton benzinin ixracı problem olmadığı deyilir.

Halbuki, xaricə benzin satışının bu il tamamilə dayandırılacağı bəyan edilmişdi. SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov da daxili bazarda tələbatı ödəməyin əsas şərt olduğunu qeyd etmişdi.
Qazaxıstanın Azərbaycandan benzin istəməsi ilə bağlı Rövnəq Abdullayevin bu günlərdə verdiyi açıqlama isə təəccüb doğurdu. O baxımdan ki, SOCAR prezidenti hazırda ölkəmizdən benzin ixrac olunmasa da və istehsal sırf daxili tələbat üçün hesablansa da Astana yaxşı qiymət təklif edərsə bunu həyata keçirmək mümkün olduğunu bildirib. O, fikrini bununla əsaslandırmışdır ki, söhbət, cəmi 5-10 min tondan gedir.
Məsələ isə bundan ibarətdir ki, SOCAR-ın öz saytından əldə etdiyimiz məlumata görə, 2014-cü ilin yanvar-oktyabr ayları ərzində 9 min 332 ton avtomobil benzini ixrac edilib. Ümumiyyətlə isə cari ilin demək olar, hər bir ayı ərzində keçən il söylənilənlərin əksinə olaraq, benzin ixracı dayandırılmayıb.
Odur ki, sual yaranır: ötən 10 ay ərzində xaricə 9 min 332 ton benzin satıldığı halda, əlavə olaraq Qazaxıstana da qısa müddətə 5-10 min ton görəsən, hardan və necə tapılır? Sözümüz bunda deyil.
Əvvəlki şərhlərimizdə də yazmışıq ki, daxili bazarı təmin etməkdə çətinlik olsa da ciddi problem yoxdur. O mənada ki, daxili bazarı yanacaq məhsullarıyla təmin etməyə mövcud emal infrastrukturun gücü yetir. Və SOCAR-ın həm çıxardığı neft həcmi, həm də emal zavodlarının potensialı buna kifayət edir.
Sadəcə, daxildə istehlaka nəzarəti gücləndirmək tələb olunurdu ki, ölkədə neft məhsullarına, xüsusən də benzinə tələbatın nizamsız artmasının qarşısı alınmalı və yanacaq tutumlu sahələrə nəzarət gücləndirilməli, enerji istehsalı, nəqliyyat sektorunda fəailiyyət və daşımalarda benzindən və dizeldən istifadə maksimum səmərəli təşkil edilməlidir.
Bu şəraitdə, ixrac üçün hər zaman benzin tapmaq mümkündür. Ancaq bir cəhət var. O da bundan ibarətdir ki, Qazaxıstanda 42 sayda kiçik həcmli neftayırma zavodu (NEZ) olduğu və bunun 20-sindən çoxu işləmədiyi deyilir. Bunlarda təqribən, 1 milyon tona yaxın neft emal edilir və keyfiyyəti olduqca aşağı səviyyədə sayılır. Keçən ilin yekununa görə, sözügedən ölkədə 81,8 milyon ton neft çıxarılmışdır ki, bunun da 15,3 milyon tonu emal edilib. Bu ölkədə 3 nəhəng NEZ də fəaliyyət göstərsə də, Astana özünü nə benzinlə, nə də dizel yanacağı ilə təmin edə bilmir. Odur ki, hər il bunları xaricdən idxal etmək məqsədilə 2,5 milyard ABŞ dolları məbləğində vəsait xərclənir. Çünki Qazaxıstanın dövlət büdcəsi xam neft ixracından çox asılı vəziyyətdədir.
Azərbaycanda da vəziyyət demək olar ki, eynidir. Belə ki, yanacaq məhsullarının qiymətləri keçən il dekabrın 3-dən 25-33 faiz artırıldıqdan sonra ölkədə cari ilin ilk 2 ayı ərzində yanacaq istehlakı 6,7 faiz azaldı. Keçən ilin yanvar-fevral aylarında 2012-ci ilin eyni dövrünə nisbətdə 28 faizdən çox artım əldə olunmuşdusa, bu ilin əvvəlindən daxili bazarda avtomobil yanacağının istehlakı az təşkil etdi.
Ancaq qiymətləri yüksəltmək çıxış yolu deyil... Bazarda tələb fasiləsiz olaraq artır. Odur ki, Aİ-98 kimi, Aİ-95 markalı benzin də bu ildən kənardan gətirilməyə başlandı və Aİ-95 markalı benzinin qiymətini də Aİ-98 kimi sərbəst buraxmaq qaçılmaz oldu.
Yəni, məhz istehsala diqqət yetirmək və bunu artırmaq lazımdır. Bəllidir ki, ölkədə neft emalı SOCAR-ın tərkibində fəaliyyət göstərən 2 neftayırma zavodu tərəfindən həyata keçirilir ki, bunların ikisinin birgə emal gücü təxminən ildə 7 milyon ton təşkil edir.
Bu il benzin ixracını davam etdirmək həm də ona görə mümkün oldu ki, Heydər Əliyev adına Bakı neft emalı zavodunda əsaslı təmir işləri həyata keçirilir.
D.Məmmədov demişdi ki, 2014-cü ildə neft emalının keçən illə müqayisədə 5,5 faiz, yəni təxminən 300 min ton artacağı və 100 min ton əlavə benzin istehsal olunacağı, o cümlədən istehsal həcminin 1,5 milyon tona çatması idxalı aradan qaldırmayacaq.
Ancaq məsələ bundadır ki, ölkəmizdən bu il neft ixracı dayandırılmadı. Hətta, deyilir ki, Aİ-95-in də istehsalı bərpa oluna bilər. Belə ki, Bakı neft emalı zavodunda rekonstruksiya və modernləşdirmə işlərindən sonra bu da mümkündür. Deməli, Aİ-92-yə olan tələbat artıq tam ödənilir. Əgər, ötən 10 ay ərzində 9 min tondan çox ixrac etmişiksə və üstəlik, Qazaxıstan üçün də 5-10 min ton "heç" sayılırsa demək, Aİ-95-in də istehsalını bərpa etmək realdır.
Ancaq əsas, Aİ-92 markalı benzini artırmaqdır. Sözümüz bunda da deyil. Bütün bunlara əsasən də istənilən halda, yeni neft-qaz emalı və kimya kompleksinin işə düşməsinə ehtiyac var. Maraqlıdır ki, bunun da vaxtı hər dəfə bir az uzağa çəkilir.
Yeri gəlmişkən, gücü 8,6 milyon ton olacaq Bakının 60 kilometrliyində - Səngəçal terminalının şimalında, Qaradağ-Abşeron ərazisində tikilib istifadəyə veriləcək 3 emaledici müəssisəyə və istilik elektrik stansiyasına malik olacaq bu kompleks əvvəl 2017-ci ildə nəzərdə tutulsa da, sonra 2023-2025-ci illərdə fəaliyyətə başlayacağı deyilmişdi.
Son məlumata əsasən isə SOCAR-ın bu mühüm strateji layihəsi 2030-cu ildən tez başa gəlməyəcək. Düzdür, Bakı Neft Emalı Zavodunda aparılan yenidənqurma və modernləşdirmə işləri OGPC-nın tikintisinin gec başa çatmasını kompensasiya edəcək.
Kompleksin tam olaraq fəaliyyətə başlama tarixinin dəyişdirilməsi yaxın illərdə həyata keçiriləcək "Şahdəniz 2", TANAP, TAP layihələrinə iri məbləğdə investisiyanın tələb olunması ilə izah olunur.
Ülviyyə Qasımlı