Bakıda 45 min manata satılan mirvarini hansı məmur alacaq?
Bakıda 45 min manata satılan mirvarini hansı məmur alacaq?

İmkanlı şəxslər üçün paytaxtda qiymətləri gözqamaşdıran sərgi

Azərbaycan paytaxtı Bakı bu dəfə Yaponiya şirkətlərinin istehsal etdiyi məhsulların sərgisinə ev sahibliyi edir. Sərgiyə gələn ziyarətçilər burada Yapon məhsullarından əsasən yüngül sənaye məhsulları, suvenirlər, zərgərlik məmulatları, təbii kosmetik vasitələr, texniki avadanlıqlar üçün aksessuarlar, mətbəx avadanlığı, qida məhsulları, şərablar və digər məhsullar əldə edə bilərlər.

Bu sərgidə iştirak etmək və Azərbaycanla biznes əlaqələri qurmaq məqsədi ilə Yaponiyadan 24 şirkətin 40 nəfərlik nümayəndə heyəti Bakıya gəlib. Sərginin keçirilməsində əsas məqsəd Yaponiya ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə olan dostluq münasibətləri inkişaf etdirməkdir.
Sərginin geyim əşyaları olan bölümü əsasən xanımların diqqətini çəkir. Burada dəridən olan əl çantalarının üzərində qədim yapon adət-ənənəsini özündə əks etdirən rəsmlər və cizgilər əks olunub. Xanımlar bu çantaların ən ucuzunu 350 manata, ən bahasını isə 1320 manata əldə edə bilərlər.
Sərgini dolaşdıqca burada olan yapon mətbəxinin müxtəlif təamları və içkiləri diqqətimizdən yayınmır. Bizim ağız dadımıza uyğun gəlməsə də, yaponlar bu qidaları sevə-sevə yeyirlər. Ətrafı bürüyən dəniz məhsullarının xoş ətri ziyarətçiləri bura cəlb edir.
Yapon sərgisinə gəlib burada məşhur Uyemura mirvariləri kolleksiyasına baxmamaq mümkün deyil. Alıcılar isə bura mütləq cibləri dolu pulla gəlməlidirlər. Çünki burada satılan mirvarilərin ən ucuzu 2,5 manat, ən bahası isə 45 min manatdır.
Sərginin ən dəyərli eksponatı isə qızıldan olan səsgücləndiricilərdir. Onların qiyməti 40 min avrodur. Şirkət rəhbərliyi deyir ki, maksimum 3 milyon 500 min manat dəyəri olan səsgücləndirici düzəldə bilirlər, bundan bahalısı isə hələlik onların imkanları xaricindədir".
Qeyd edək ki, "Birinci Yaponiya biznes festivalı" adlanan ikigünlük sərgi bu ölkənin "AS Global Management Co. LTD" şirkəti və "Sakura" Azərbaycan-Yaponiya İctimai Birliyi tərəfindən təşkil olunub.
Onu da deyək ki, sərgidəki məhsulların qiymətləri orta statistik azərbaycanlılar üçün əlçatmazdır. Buradakı bir çox məhsula veriləcək pulla əksər vətəndaşlarımız il ərzində ailəsini güclə dolandıra bilərlər.
Belədə güman etmək olar ki, sərgi daha çox imkanlı azərbaycanlıların cibinə uyğundur. Onların arasında isə bəzi məmurların olması da istisna deyil. Çünki müəyyən vəzifəli şəxslərin bahalı məhsullara məxsusi rəğbətinin olması heç kimə sirr deyil. Onlar belə məhsulları bir qayda olaraq xaricə istirahət xarakterli, turizm məqsədli səfərlər zamanı əldə etməyə çalışırlar.
Bu dəfə isə həmin məhsullar ayaqlarına gəlib. Yəqin ki, bu şansı dəyərləndirmək istəyən varlılarımız çox olacaq.
Ülviyyə Qasımlı