Deputat baş nazir müavininin təklifinin əleyhinədir

"İndiki inzibati-ərazi bölgüsünün mahal, quberniya adlandırılması keçmişə qayıtmaqdır. Bu zaman regionlar keçmiş adlarını bərpa edəcək". Bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib.
Deputatın fikrincə, indiki şəraitdə ərazilərin mahal və quberniya adlandırılması məqsədəuyğun deyil:
"Çünki tarixən mahallar olub və müəyyən birləşmiş ərazi vahidlərini nümayiş etdirib. Bəziləri deyir ki, rayon, region sözünü dilimizdən çıxarıb mahal sözü ilə ifadə edək. Elə bilirəm ki, bu cür dəyişmələr dövlət səviyyəsində həll olunmalı və inkişaf sürətlənməlidir. Bu gün mahal sözünə keçmək sözdə asan görünə bilər. Adların dəyişdirilməsi üçün külli miqdarda vəsait lazımdır. Adlarla yanaşı, xəritə, müəyyən sənədləşmə işləri də dəyişməlidir. Bugünkü şəraitdə ərazilərin mahal və quberniya adlandırılması məqbul sayıla bilməz. Bunun üçün sənədləşmə kökündən dəyişməlidir".
Tahir Rzayev regionların mahal və quberniya adlandırılmasının əhəmiyyətinin nə dərəcədə real görünə biləcəyini də vurğulayıb: "Doğrudan da tarixi keçmişimizə qayıtmaq istəyiriksə müəyyən adların bərpa olunması əlbəttə, vacibdir. Bu, tarixilik baxımından və Azərbaycan terminologiyası üçün əhəmiyyətli ola bilər. Nə fərqi var, ya Qarabağ mahalı, ya Gəncə mahalı, ya da Şirvan mahalı olsun. Bunun o qədər də əhəmiyyəti yoxdur. Bu ad ancaq tarixilik baxımından dəyişməlidir. Çünki tarixi baxımdan mahal sözü dilimizə daha uyğundur. Başqa sahədə əhəmiyyətini görmürəm. Tutaq ki, hansısa rayon yerində qalıb və biz onun adını dəyişib mahal, quberniya qoyduq. Bu, həmin ərazilərin inkişafına kömək edən məsələ deyil. Hətta müəyyən istehsal şəraitinin yaradılmasına da kömək etməyəcək. Sadəcə, ad dəyişəcək".
Qeyd edək ki, zaman-zaman Azərbaycanda ərazi vahidlərinin mahal və quberniya adlandırılması gündəmə gəlir.
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov da bir müddət öncə təklif etmişdi ki, rayon sözündən imtina edilməli, tarixdə olduğu kimi, respublikanın bölgələri mahal, qəza və digər sözlərlə əvəzlənməlidir.