Azərbaycan Müdafiə Nazirliyi erməni helikopterinin vurulması anının animasiya görüntüsünü yayıb

Nazirlik hadisə ilə bağlı təhlillərin nəticələrini də açıqlayıb

Azərbaycan Müdafiə Nazirliyi noyabrın 12-də Ağdam rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərinə hücum zamanı vurulmuş, ermənilərə məxsus Mi-24 hərbi helikopteri ilə bağlı araşdırmanın nəticəsini yayımlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, noyabrın 12-də Ermənistan Silahlı Qüvvələrinin bölmələrinə atəş dəstəyi verən Mi-24 döyüş helikopteri cütlüyü heyətlərinin uçuşları və yerinə yetirdiyi tapşırıqların təhlili ilkin nəticəni bir daha təsdiqləyir.
Ərazidə aparılan son müşahidələrə əsasən, əməliyyat-kəşfiyyat məlumatları və hərbi aviasiya mütəxəssislərinin rəylərinə istinadən hadisələrin hazırlanmış animasiya modelindən aydın görünür ki, uçuş heyəti helikopterin döyüş təyinatına uyğun olaraq cəbhənin ön xəttində yerləşən mövqelərimizə atəş zərbələri endirmək tapşırığını icra edib.
Qarşıya qoyulan döyüş tapşırığını yerinə yetirdikdən, yəni mövqelərimizə atəş açdıqdan sonra düşmən helikopterləri döyüş təlimatlarının tələblərinə tam əməl etməklə bir-birini manevrlərlə qoruyaraq atəş zonasını tərk edib.
"Erməni tərəfinin hadisə ilə bağlı məlumatları manipulyasiya etməsini, işğal olunmuş ərazilər üzərində bütün aviauçuşlara qadağa qoyulmasını, bu ərazilərdə həyata keçirilən razılaşdırılmamış uçuşların ölkəmizin hava sərhədlərinin pozulması kimi qiymətləndirilməsini nəzərə alaraq bildiririk ki, movqelərimizə atəş açan düşmən hərbi helikopteri cavab atəşilə məhv edilib", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, noyabrın 12-də Ağdamda Azərbaycan Ordusunun mövqelərinə hücum edən ermənilərə məxsus 2 ədəd Mi-24 döyüş helikopterindən biri vurulub. Helikopterdə olan 3 hərbçi hadisə yerində ölüb.