İsa Qəmbərin ekspermenti Müsavatı alt-üst etdi
İsa Qəmbərin ekspermenti Müsavatı alt-üst etdi

Hikmət Hacızadədən sonra ağırçəkili digər funksionerlər də partiyanı tərk edəcək

Xəbər verildiyi kimi, Müsavat Partiyasında çökmə prosesi davam edir. Dünən Müsavatın ən böyük fiqurlarından sayılan politoloq Hikmət Hacızadə partiyadan istefa verib.
H.Hacızadə partiyanın təşkilat şöbəsinə ünvanladığı ərizədə istefasının səbəbini açıqlayıb: "Yazıb sizə bildirirəm ki, partiyamızda Söz Azadlığının kobud və birtərəfli pozulmasına, fərqli fikrə dözümsüzlük kampaniyasına etiraz olaraq Müsavat Partiyasının üzvlüyündən istefa verirəm. Partiyada qalan qəlbən azad və fədakar insanlara mübarizələrində uğurlar arzulayıram".
Qeyd edək ki, bu gün Müsavat başqanlığına sabiq namizəd Səxavət Əlisoy partiyadan xaric edilib, Əlövsət Talışxanlı isə baş verən haqsızlıqlara etiraz əlaməti olaraq istefa verib.
Məsələylə bağlı "Unikal"a açıqlama verən "İnformasiyalı Cəmiyyət Uğrunda" İctimai Birliyin sədri, BAXCP fəalı Mehman Muradlı Müsvatda baş verənləri keçmiş başqan İsa Qəmbərlə ələqaləndirib. Onun sözlərinə görə, İsa Qəmbər partiyada eksperiment aparmaq istədi və bunun nəticəsi partiya üçün çox pis old: "İsa Qəmbər çox da uzaq olmayan tarixə baxsaydı hesab edirəm ki, bu addımı atmazdı. Əbülfəz Elçibəyin ölümündən sonra AXCP-nin 5 yerə parçalanması, AMİP sədri Etibar Məmmədovun partiya sədriliyindən getməsindən sonra partiyadan qopmaları nəzərə almalı idi. İsa Qəmbərin bu cür eksperimenti "seyid cəddinə arxayın olmaq" prizmasından yanaşdı. Amma yadından çıxardıb ki, Azərbaycan cəmiyyəti həmişə "ağ atlı oğlan" axtarışında olub və Müsavat partiyasının üzvlərinin bəziləri Arif Hacılını "ağ at"da görmürlər. İsa Qəmbər məncə, illər əvvəl verdiyi bir sözə görə istefa verib. Bu sözün acı nəticəsini isə illərini o partiyaya vermiş şəxslərə dəydi".
Müsahibimiz istefa verənlərlə bağlı fikirlərini bildirib: "Partiyadan istefa verənlər orada söz azadlığının olmamasından, repressiyalardan danışırlar. Amma gəlin baxaq görək ki, partiyada hansı repressiya var. Arif Hacılı partiya başqanı seçilib, istefa verənlər sakit formada gedə bilərdilər. Lakin onlar tamam başqa yol tutdular. Məncə, bu mesajın konkret ünvanı məlumdu. Ola bilər ki, Arif Hacılı partiyanın idarəetməsində düzgün istiqamət götürməyib. Burada yenə günahkar İsa Qəmbərdi. Bildiyim qədər İsa bəy hələ də partiyanın qərərgahında başqan kabinetini tərk etməyib.Sıravi partiya üzvünün bu imtiyazı əlində saxlaması Arif Hacılının zəif fiqur obrazının yaradılmasına xidmət edir. Arif Hacılının da bu vəziyyətlə barışması onun həqiqətən ancaq icraçı olmasına heç bir şübhə qoymur".
"Unikal"ın məlumatına görə, Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu partiyanın nüfuzlu simalarından olan Hikmət Hacızadənin Müsavatdan istefasına münasibət bildirərkən deyib ki, Hikmət Hacızadə Müsavatda başlayan repressiyaları dayandırmağa cəhd etsə də, özü onun ən böyük qurbanı oldu. O, qeyd edib ki,H. Hacızadə söz azadlığının kobud və birtərəfli pozulmasına və fərqli fikrə dözümsüzlük kampaniyasına etiraz olaraq Müsavat Partiyası üzvlüyündən istefa verib: "Müsavatın ən dözümlü, sadə və rasional üzvü, 60 illik şərəfli ömrünün təntənəsi hələ də davam edən, ömrünün yarısından çoxunu demokratiya, azad və müxtəlif fikirlilik uğrunda mübarizəyə sərf edən, böyük və pozitiv şəxsiyyət Hikmət Hacızadə də partiyamızla vidalaşdı. İtirən Müsavat oldu. Bu, çox ağır itkidir. Hələ zaman-zaman bu itkinin ağrısını yaşayanda onun miqyasını dərk edəcəyik və onda Hikmət Hacızadənin yerini də görəcəyik. Hikmət Hacızadə çox nadir şəxsiyyətdir, xoşbəxtlikdən o, Müsavatın payına düşmüşdü. Müsavatı onsuz təsəvvür etmək bizlərə və sayı on minlərlə olan fədakar, sədaqətli müsavatçılara çətin olsa da, əminik ki, o, harada olmasından asılı olmayaraq demokratiya, Azərbaycan amalı uğrunda mübarizəsini davam etdirəcək".
Q.İbadoğlu tezliklə Müsavatda ədalətin bərpa olunacağına inandığını vurğulayıb: "Repressiyalara son qoyulacaq, heç kim dediyi sözə, ifadə etdiyi fikrə görə cəzalandırılmayacaq. Yetər bəylər və xanımlar, nəticə çıxarın, sonra gec olacaq, ən azı növbəti dəyərlərimizi itirməmək üçün qisasçılıq və intiqam hissindən kənar, soyuq başla qərarlar verin və elə mühit yaradın ki, partiya əvvəlki axarı ilə yoluna davam etsin. Unutmayın ki, bu yol yalnız partiyadaxili demokratiyadan, birlik və həmrəylikdən keçir".
Qərib Gərayzadə