Oqtay Əsədov büdcədən QHT-lərə ayrılan pulun artırılmasının tərəfdarıdır
Oqtay Əsədov büdcədən QHT-lərə ayrılan pulun artırılmasının tərəfdarıdır

Milli Məclisin bugünkü iclasında çıxış edən QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev xarici donorlar məsələsini gündəmə gətirib. Modern.az-ın verdiyi xəbərə görə, onun fikrincə, xarici donorlardan asılılığa son qoyulmasının vaxtı çatıb: "Biz QHT-lərlə bağlı qanunvericilik sahəsində bir sıra dəyişiklik etdik. Bu, zəruridir. QHT büdcəsinin 35 faizini xarici donorların ayırdığı maliyyə vəsaitləri təşkil edir. Bu da 23 milyon 500 min manat civarındadır. Düşünürəm ki, donorların bir çoxunun fəaliyyəti şəffaf deyil.
Burada bizim milli təhlükəsizlik məsələlərimiz də təhdid olunur. Vaxtı çatıb, Azərbaycan hökuməti xaricdən daxil olan donorlardan asılılığı azaltmaq üçün mühüm işlər görməlidir. Bu il QHT-lərə Dövlət Dəstəyi Şurasının da büdcəsi artıb. Bu məbləğ indi 6 milyon manatdır. 23,5 milyon manat da xaricdən gəlir. Bunun 1 milyon 400 min manata qədəri katibliyin və şuranın saxlanılmasına sərf olunur. Müsabiqə üçün qalan 4,6 milyon manat azlıq edir. Samir müəllimdən xahiş etmək istəyirəm ki, bu rəqəm 10 milyona çatdırılsın".
Spiker Oqtay Əsədov da Azay Quliyevin QHT ilə bağlı təklifinə dəstək verib. O qeyd edib ki, son zamanlar QHT-lərin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı bir sıra qanunlar qəbul edilib. Spiker maliyyə naziri Samir Şərifova müraciətlə deyib:
"Doğrudan da QHT bazarında boşluq var. Düzdür, bəzi nazirliklər QHT-lərlə bağlı layihələrlə müəyyən vəsaitlər ayırırlar. Amma bunlar azdır. Hesab edirəm ki, Maliyyə Nazirliyi QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsinə bir daha baxmalıdır".