Hacıbala Abutalıbovun
Hacıbala Abutalıbovun
"parkomat biznesi"nə ağır zərbə
Bakıda bəzi duracaqların yığışdırılmasına qərar verildi

Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun paytaxtda yaratdığı parkomatların başı üzərində qara buludlar sıxlaşır. Bu barədə kifayət qədər ilginc sayıla bilən xəbəri bir qədər sonra təqdim edəcəyik.
Hələliksə onu deyək ki, merin önəmli gəlir sahələrindən biri kimi göstərilən parkomatlarla bağlı narazılıqlar son vaxtlar xeyli artmışdı. Hələ ötən həftə "Unikal" olaraq bildirmişdik ki, BŞİH başçısı Hacıbala Abutalıbovla nəqliyyat naziri Ziya Məmmədov arasında ixtilaf yaranıb. İxtilafa isə Məmmədovun nazirliyinin BŞİH-in Bakıda quraşdırdığı parkomatlarla bağlı səsləndirdiyi iradlar olub.
Hər şey ondan başlayıb ki, mətbuata açıqlamasında Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov nəqliyyatda yaranmış problemlərə görə meriyanı suçlayıb: "Nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş cibliklər mövcuddur. Lakin onların yerində mülki avtomobillər dayanır. Həmçinin avtobuslara, taksilərə imkan verilməməsi, parklanma ilə bağlı böyük çətinliklər yaşanır. Parkomatların ucbatından parklanan nəqliyyat vasitələri az qala avtobusların içinə girir. Onların fəaliyyətinə imkan vermir".
Ə.Cəfərov qeyd edib ki, bununla bağlı quruma xeyli sayda şikayətlər daxil olub. O, deyib ki, yaxın zamanda Bakı şəhər İcra Hakimiyyəti, Nəqliyyat Nazirliyinin müvafiq qurumu və Bakı Şəhər Dövlət Yol Polis İdarəsi ilə birgə müzakirələr aparılacaq.
BŞİH-in isə Ziya Məmmədovun nazirliyinə cavabı kifayət qədər sərt olub. Meriyanın Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin (XTAİ) rəisi Həsən Abdullayev Nəqliyyat Nazirliyinə tabe qurumların nümayəndələrinin onların ünvanına səsləndirdikləri paytaxtda ödənişli müvəqqəti duracaqlarda quraşdırılan parkomatların nəqliyyat vasitələrinin hərəkətinə maneə törətməsi, taksilərə parklanmaya imkan verilməməsi, parkomatlarla avtobus dayanacaqları arasında məsafənin az qoyulması kimi ittihamları qəbul etmir: "Danışırlar e, amma hüquqi cəhətdən əsaslandırmaları yoxdur. Hamının fikir söyləməyə hüququ var. Amma sözü deyəndə fikirləşmək lazımdır. Axı parkomatın onlara nə aidiyyəti var?!"
Dünən isə bu məsələ ilə bağlı olduqca maraqlı bir açıqlama gəldi. Belə ki, Son günlər ölkə mətbuatında Bakı küçələrində qeyri-əlverişli ərazilərdə pullu parklama yerlərinin yaradılması ilə bağlı məlumatlar yer alır. Belə ki, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, son dövrlərdə paytaxtda tıxacların qarşısının alınması, avtomobillərin maneəsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə bir neçə yeraltı avtomobil duracağı yaradılaraq sürücülərin və avtomobil sahiblərinin istifadəsinə verilib: "Bununla yanaşı, çox yaxşı haldır ki, paytaxt sakinlərinin gündəlik həyat və fəaliyyəti, eləcə də yol kənarlarında uzunmüddətli durmaların qarşısının alınması ilə əlaqədar yeraltı duracaqlardan kənar ərazilərdə tələbatdan asılı olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 300-dək yerüstü parketmə yerləri müəyyənləşdirilərək pullu xidmətlər təşkil edilib. Qeyd olunan xidmətlərin fəaliyyətinin nəqliyyatın hərəkətinə təsiri ilə bağlı keçirdiyimiz növbəti müayinələr zamanı 80-dən çox yerüstü pullu parklanma yerlərinin mövcud tələblərə cavab verməyən ərazilərdə təşkil edildiyi müəyyən olunub ki, bu da xüsusilə pik saatlarında nəqliyyatın fasiləsiz hərəkətinə manelər yaradır".
K.Əliyev deyib ki, belə yerlərlə bağlı BDYPİ tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti qarşısında məsələ qaldırılıb və onların ləğvi ilə bağlı müvafiq tədbirlər görülür: "Hesab edirik ki, mərkəzdəki bəzi duracaq yerləri ləğv edilsə də, duracaqlara olan tələbatın ödənilməsi baxımından paytaxtın digər yerlərində də razılaşdırılmış qaydada yeni parklanma yerlərinin yaradılmasına ehtiyac var və bu məqsədlə araşdırmalar aparılır".
Görünən odur ki, Abutalıbovun quraşdırdığı parkomatların bir xeyli hissəsi ləğv olunacaq. Bu isə həm də müəyyən qədər Bakı merinin nəqliyyat naziri qarşısında məğlubiyyəti kimi dəyərləndirilə bilər.
Ülviyyə Qasımlı