Şahin Mustafayevin nazirliyinin
Şahin Mustafayevin nazirliyinin "Herkules" müəmması

İqtisadiyyat və Sənaye Nazirliyi bu məhsulun üzərində erməni dilində olan qeydə niyə göz yumur?

Azərbaycanda satışda olan Rusiyanın "Russkiy produkt" fabrikinin məhsulu olan "Herkules" uşaq yeməklərinin üzərində xarici dillərdə, hətta erməni dilində məlumat olmasına baxmayaraq, Azərbaycan dilində qeyd yoxdur. Bu isə "Azərbaycan dili haqqında" qanunun pozulması deməkdir. Hazırda bu məhsullar paytaxtın bütün market və mağazalarında satılır.
Bu qanun pozuntusunun nə üçün baş alıb getdiyinə aydınlıq gətirmək üçün analitik.az saytının əməkdaşı ilk növbədə "Herkules"i Azərbaycana gətirən "Siren" firması ilə əlaqə saxlayıb. Firmanın nümayəndəsi Anar Kaşiyev əvvəlcə suallara cavab verməkdən yayınıb, bir qədər sonra əlaqə saxlayacağını bildirdi. İki saat gözləyəndən sonra yenidən firmaya zəng edən jurnalistin bu dəfə suallarını cavablandırmağa razılaşan Anar Kaşiyev deyib ki, üzərində Azərbaycan dilində qeyd olmayan "Herkules" uşaq yeməkləri artıq satışdan çıxarılıb: "Haqlısız, qanun pozuntusuna yol vermişik. Ermənistan bu zavodun məhsullarını daha əvvəlcədən tədarük etdiyindən orada erməni dilində qeyd var. Amma biz isə məhsul haqqında Azərbaycan dilində məlumatı stiker vasitəsilə qeyd edirdik. Hazırda şirkətimizin anbarında belə məhsullar yoxdur. Əgər haradasa marketlərdə qalıbsa, yenə də deyirəm bu köhnədən qalan məhsullardır."
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə deyib ki, sözügedən şirkətin rəhbərliyinə dəfələrlə belə məhsulların marketlərdə satışda olduğu barədə məlumat verilib, firma isə bu xəbərdarlıqlara məhəl qoymayıb: "Hazırda da bu mallar bazarda satılır. Onlar bildirirlər ki, üzərinə stiker yapışdırılır. Amma biz bazarda həmin firmanın stikerli malları ilə rastlaşmamışıq. Bu "Yeyinti məhsulu haqqında" Qanuna, eləcə də "Dövlət dili haqqında" Qanuna ziddir. Əslində belə məhsullar ölkəyə buraxılmamalıdır. Bu onu göstərir ki, çox ehtimal ki, bu firma həmin şirkətin rəsmi nümayəndəsi deyil. Rəsmi nümayəndə müqavilə bağlayanda, şərtlərdən biri odur ki, dövlət dilinin tələbləri yerinə yetirilsin. Firma qeydi tərcümə edib həmin şirkətə verməlidir və onlar da bunu etməlidirlər."
AİB sədri bəzi dövlət qurumlarının bu kimi məsələlərdə nədənsə seyrci mövqe tutduğunu vurğulayıb: "Çox təəssüf edirəm ki, bu işə nəzarət edən İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçılara Nəzarət Dövlət Xidməti belə məsələlərdə seyrci mövqe tutur. Digər müvafiq qurumlarda Azərbaycan dilinin qorunmasına diqqət etməlidir. Təəssüf ki, belə məsələlərə göz yumulur. Qanunda qeyd olunur ki, məhsulun üzərində xarici dillə yanaşı, o cümlədən erməni dilinin də olması istisna olunmur, mütləq Azərbaycan dilində də qeydlər olmalıdır. Onu da qeyd edim ki, neçə ildir Ermənistanda və Gürcüstanda dil məsələlərinə çox diqqət yetirilir. Amma Azərbaycanda ümumilikdə götürdükdə "Dövlət dili haqqında" və "Yeyinti məhsulu" haqqında Qanunun tələblərinə təxminən 50 faiz riayət olunur."
İndi maraqlı olan istər yuxarıda haqqında danışılan fakt, istərsə də buna bənzxər hallarla bağlı səslənən tənqidlərə Şahin Mustafayevin rəhbəri olduğu İqtisadiyyat və Sənaye Nazirliyinin, həmin nazirliyin əlaqədar qurumlarının hansı cavab verəcəyidir.
Günel Əkbər