Vətəndaşların əmək hüquqlarının tənzimlənməsi
Vətəndaşların əmək hüquqlarının tənzimlənməsi

Qanunvericilik qaydasında yalnız əmək müqaviləsi tərəfinin adı təsbit olunmayıb, həm də əmək münasibətinin ikinci tərəfi kimi işçinin qarşılaşdığı subyektin hüquqi şəxsiyyəti müəyyən olunub

Uzun illərdən bəri mövcud elmi təsəvvürlərə görə hüququn subyektləri dedikdə, adətən, hüquqla tənzimlənən ictimai münasibətlərin (hüquq münasibətlərinin) iştirakçıları başa düşülür. Hüququn subyektləri müvafiq hüquqlara, vəzifələrə malikdir, habelə qanunla müəyyən edilmiş qaydada hüquqi məsuliyyət daşıyır.
Əmək hüququnun subyekti olmaq üçün yalnız vətəndaşın deyil, həm də əmək hüququ münasibətlərinin digər iştirakçılarının (məsələn, işəgötürənin) da əmək hüquq subyektliyinə malik olması lazımdır. Əmək münasibətləri fiziki şəxsin (vətəndaşın) işəgötürənlə bağlanmış əmək müqaviləsi əsasında işçi qismində özünün əmək qabiliyyətini realizə etməsi ilə bağlı olan işin yerinə yetirilməsi zamanı əmələ gəlir. Əmək hüququnun bütün subyektləri əmək sahəsində müəyyən hüquqi statusa malik olan, müvafiq əmək hüquq və vəzifələrinin daşıyıcılarıdır. Əmək hüququ subyektinin hüquqi statusu onun həmin subyekt kimi əmək qanunvericiliyi ilə təsbit olunmuş əsas hüquqi vəziyyətinə deyilir.
Qeyd olunanları ümumiləşdirərək belə bir qənaətə gəlmək olar ki, əmək hüququnun subyekti - əmək münasibətlərinin və onlarla bilavasitə bağlı olan digər münasibətlərin hüquqi statusa (o cümlədən, əmək hüquq subyektliyinə) malik və subyektiv əmək hüquq və vəzifələrini şəxsən, yaxud qanunvericiliyin yol verdiyi hallarda nümayəndə vasitəsi ilə həyata keçirən tərəfdir. Əmək hüququnun subyektlərinə tərif verməmişdən öncə "əmək hüququnun subyektləri" və "əmək hüquq münasibətinin subyektləri" anlayışları dəqiq surətdə fərqləndirilməlidir. Əmək hüququnun subyektləri dedikdə, adətən, əmək hüquq münasibətlərinin və onlarla bilavasitə sıx bağlı olan digər hüquq münasibətlərinin potensial iştirakçıları başa düşülür.Əmək hüquq münasibətinin subyektləri isə bu bu hüquq münasibətinin real iştirakçılarıdır. Göründüyü kimi, əmək hüququnun subyektlərinin anlayışı əmək hüquq münasibətinin subyektlərinin anlayışından daha genişdir. Başqa sözlə desək, əmək hüququnun subyektləri həmişə əmək hüquq münasibətinin subyektləri qismində çıxış etmir, əmək hüquq münasibətinin subyektləri isə həmişə əmək hüququnun subyektləri olacaqdır.
Şübhəsiz, əmək hüququnun predmetini təşkil edən bəzi münasibətlərdə iştirakçı və tərəf eyni bir şəxsdə üst-üstə düşür. Məsələn, işçi əmək münasibətlərinin həm tərəfi, həm də iştirakçısıdır. Əmək hüququ sahəsinin bəzi münasibətlərində iştirakçılar və tərəflər üst-üstə düşməyə bilər. Məsələn, kollektiv danışıqların aparılması və kollektiv müqavilənin bağlanması üzrə münasibətlərin tərəfləri və iştirakçıları üst-üstə düşmür. Məsələn, kollektiv müqavilənin tərəfləri işəgötürən və həmkarlar ittifaqı təşkilatı olduğu halda, kollektiv danışıqların aparılması üzrə münasibətlərin iştirakçıları isə tərəflərin nümayəndələri, məsləhətçi, barışdırıcı, vasitəçi, mütəxəssis, arbitr və tərəflərin müəyyən etdiyi digər şəxslərdir. Beləliklə, bu və ya digər təşkilatı əmək hüququnun subyekti qismində tanıyarkən, dövlət ən azı ona həmin təşkilatın əmək hüquq münasibətinin subyekti kimi çıxış edə bilməsi üçün zəruri olan hüquqlar verir. İşəgötürən əmək hüququnun predmetini təşkil edən və əmək hüququ sahəsinə daxil olan bir sıra hüquq münasibətlərinin iştirakçısıdır. Əmək müqaviləsinin tərəfi olaraq, işəgötürən əmək hüququnun özəyini təşkil edən başlıca hüquq münasibətinin - əmək hüquq münasibətinin məcburi iştirakçısı qismində çıxış edir. Əmək münasibətlərinin yaranmasının əsaslarından biri kimi əmək müqaviləsinin tərəfləri əmək hüquq münasibətinin subyektləri olduğundan onlar müvafiq surətdə əmək hüququnun subyektləri kimi tanınır. BƏT-in 1919-cu ildə qəbul olunmuş nizamnaməsində və qüvvədə olan,həmçinin yeni qəbul edilən konvensiyalarında və tövsiyələrində işçi-sahibkar terminlərindən istifadə olunur. Əmək hüququ sahəsinə aid olan muzdlu əməyin idarə və istifadə olunmasında müstəqil mənaya malik bu termin əmək qanunvericiliyi çərçivəsində xüsusiləşmə tələb edirdi. RSFSR-in 1922-ci il ƏQM-si "müəssisələri, idarələri, təsərrüfatları", eləcə də " haqq müqabilində özgəsinin əməyini tətbiq edən bütün şəxsləri" əhatə edən "işəgötürən" anlayışını daxil etdi. Sonralar qanunverici ümumiləşdirici "işəgötürən" adından imtina edərək, "müəssisənin, təşkilatın, idarənin müdiriyyəti", yaxud sadəcə "müəssisələr, təşkilatlar, idarələr" anlayışını tətbiq etdi. "İşəgötürən" termini AR ƏQM-in 15-ci "Əmək müqaviləsinin tərəfləri və məzmunu" maddəsində dəyişikliklərin edildiyi 8 aprel 1998-ci il tarixli Qanunda normativ təsbitini tapdı. Bu dəyişikliklərin edilməsi və "işəgötürən" analyışının leqallaşdırılması onun rəsmən qəbul edilməsindən xeyli əvvəl bir çox alimlər tərəfindən tətbiq olunurdu.
Nəzərə çatdıraq ki, 1996-cı ildə "Fərdi əmək müqavilələri (kontraktları) haqqında" Azərbaycan Respublikasının Qanununda "işverən" anlayışı əmək münasibəti çərçivəsində iş təqdim edən şəxsin barəsində tətbiq olundu. Sonralar "işverən" anlayışı "işəgötürən" anlayışı ilə əvəz edildi. Lakin ƏQM-də dəyişiklik edilmədiyindən hüquq normalarının kolliziyası meydana çıxmışdı. Yəni "işəgötürən" anlayışından, onun hərfi mənası əsas götürülərək, o cümlədən mülki-hüquqi müqavilələr üzrə başqa şəxsə iş təqdim edən şəxslərin barəsində istifadə olunmuşdu.
Qanunvericilik qaydasında yalnız əmək müqaviləsi tərəfinin adı təsbit olunmayıb, həm də əmək münasibətinin ikinci tərəfi kimi işçinin qarşılaşdığı subyektin hüquqi şəxsiyyəti müəyyən olunmuşdur. Bəzi alimlər həm hüquqi, həm də fiziki şəxslərin hüququn subyekti qismində mövcudluğunu inkar etmişlər. Onların fikrincə, bu, yalnız sırf hüquqi abstraksiya, hüquq qaydasının məhsuludur. Qüvvədə olan qanunvericiliyə görə hüquqi şəxs aşağıdakı hallarda ləğv edilə bilər:
1) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq;
2) hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda;
3) lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla qadağan edilmiş fəaliyyət həyata keçirildikdə və ya qanunvericilik digər şəkildə dəfələrlə və ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya fond onun nizamnamə məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul olduqda, habelə Mülki Məcəllədə nəzərdə tutulan başqa hallarda məhkəmənin qərarı ilə.
Onu da nəzərə çatdıraq ki, hüquqi şəxs müflis olma nəticəsində də ləğv edilir. Hüquqi şəxs qeydiyyatdan çıxarıldığı andan əmək hüquq subyektliyini itirir. Beləliklə, bizim fikrimizcə, hal-hazırda hüquqi şəxs – işəgötürənlərin əmək hüquq subyektliliyi onların dövlət qeydiyyatı anından etibarən yaranır və dövlət reyestrindən xaric edilməklə xitam olunur. Fiziki şəxs – işəgötürənlər-fərdi sahibkarlar üçün əmək hüquq subyektliliyinin yaranması fərdi sahibkar qismində qeydiyyatla bağlıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi əməyin azadlığını bəyan edir. Əməyin azadlığı prinsipindən çıxış edərək əmək bazarında işçi işəgötürəni, işəgötürən isə işçini seçməkdə tam azaddır. Bu prinsip işçilərlə əmək müqaviləsinin bağlanmasını, onların şərtlərinin dəyişdirilməsini və xitam edilməsini tənzimləyən çoxlu sayda normaların mahiyyətini ifadə edir.
Həmin maddənin VI hissəsində qeyd edilir ki, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Vətəndaşların Konstitusiya ilə nəzərdə tutulmuş əmək hüquqlarını reallaşdırmaq məqsədilə işəgötürən əməyin təhlükəsizliyi və gigiyenası tələblərinə cavab verən iş şəraiti yaratmalıdır. Əməyin mühafizəsi sahəsində AR ƏM işəgötürənin aşağıdakı vəzifələrini nəzərdə tutur: əməyin təhlükəsizliyini və əməyin mühafizəsi, gigiyenası tələblərinə cavab verən şərait təmin etmək; dövlət nəzarət orqanlarının göstərişlərini vaxtında yerinə yetirmək; qanunun, digər normativ hüquqi-aktların pozulmasına görə qoyulmuş cərimələri ödəmək; müvafiq həmkarlar ittifaqları orqanlarının, işçilərin digər seçilmiş nümayəndələrinin əmək sahəsində normativ-hüquqi aktların, əməyin mühafizəsi tələblərinin pozulması barədə aşkarladıqları nöqsanların aradan qaldırılmasını təmin etmək və görülmüş tədbirlər barədə onlara məlumat vermək.
Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) vasitəsilə Amerika xalqının dəstəyi ilə Azərbaycan Hüquqşünaslar Konfederasiyası, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və Konstitusiya araşdırmaları Fondu tərəfindən həyata keçirilən "Azərbaycan Hüquqlar Konsorsiumu" layihəsi çərçivəsində İnsan Hüquqları üzrə Müvəkkilnin (Ombudsman) regional mərkəzləri ilə birgə "Hüquqi yardım almaq hüququ: Mövcud vəziyyət və problemlər" mövzusunda ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulmuşdur. Layihənin icrası dövründə Şəki və Gəncə şəhərlərində ictimai müzakirələr təşkil olunmuşdur. 30 aprel 2014-cü il tarixində Quba şəhərində keçirilən növbəti tədbirə Vəkillər, QHT-lər (hüquqi xidmət göstərən QHT-lərini hüquqşünasları), İcra Hakimiyyətinin, Bələdiyyənin,Notariat kontorlarının, Ombudsman regional Mərkəzinin, Məhkəmənin, Prokurorluğun, Daxili İşlər İdarəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli strukturlarının,Dövlət Sosial Müdafiə Fondunun və s. qurumların nümayəndələri dəvət edilmişdir. İctimai müzakirəyə həmçinin Kütləvi İnformasiya Vasitələri də dəvət edilmişdir.
İctimai Müzakirənin məqsədi Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsi və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində qeyd olunmuş hüquqların ədalətli məhkəmə tərəfindən müdafiəsinin, hüquqi yardımın göstərilməsi və onun təşkili yolu ilə hüquqi yardıma sərbəst və bərabər çatımlılığın təmin edilməsi vəziyyətinin öyrənilməsi və mövcud problemləri müzakirə etməkdir.
Tədbirdə müvafiq dövlər orqanlarını və vətəndaş cəmiyyətini təmsil edən 30 nəfərə qədər nümayəndə iştirak edib. Quba rayon Məhkəməsinin hakimi Zamin Tahirov, Vəkil bürosunun müdiri Abusalah Şahmirzəyev, Prokuror köməkçisi Rövşən Ağayev, vəkil İbrahim Aslanov, digər maraqlı tərəflərin nümayəndələri, QHT rəhbərləri çıxış edərək çoxsaylı problemlər barədə məlumat vermiş və təklif və tövsiyyələr irəli sürmüşlər. İctimai müzakirələrin nəticəsi olaraq konsepsiya sənədi və tövsiyyələr hazırlanacaq və maraqlı tərəflərə, o cümlədən Milli Məclisə, Ədliyyə Nazirliyinə, İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsmana), digər aidiyyatı dövlət orqanlarına təqdim ediləcək.