Əli Kərimlini divara dirəyiblər
Əli Kərimlini divara dirəyiblər

AXCP daxilindəki əks-qrup partiya sədrini qurultayı təxirə salmağa məcbur edib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) noyabr ayında keçirilməsi nəzərdə tutulan qurultayı təxirə salınıb. Bu isə ictimai-siyasi düşərgədə birmənalı qarşılanmayıb.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib ki, qurultayın keçirilməsi üçün təşkilati işlər hələ yekunlaşmayıb: "Partiyanın rayon təşkilatlarında konfranslara hazırlıq üzrə təşkilat komitələrinin yaradılması prosesi gedir. Bu proses bir qədər uzandığına görə, qurultay təxirə salındı. Konfranslarda qurultay nümayəndələri seçildikdən sonra qurultayın vaxtı ilə bağlı yekun qərar veriləcək. Yəqin ki, qurultay gələn il keçiriləcək".
"Unikal"ın əldə etdiyi məlumata görə isə AXCP sədri Əli Kərimli qurultayı təxirə salmaq məcburiyyətində qalıb. Çünki hazırda partiya daxilində ona qarşı olan qrup kifayət qədər yaxşı hazırlaşmışdı və qurultayda ona problem yarada bilərdilər. Ona görə də Əli Kərimli rəqiblərini zərərsizləşdirmək üçün vaxt udmağa çalışır. Bunun üçünsə hələlik qurultayı təxirə saldırıb ki, özünə yönələn təhdidləri aradan qaldırsın.
Xatırladaq ki, bir müddət öncə bu barədə məlumat vermişdik. Həmin məqalədə nəzərə çatdırmışdıq ki, AXCP-ni yaradanlar, sadəcə olaraq, hazırda kənara çəkilən cəbhəçilər Əli Kərimlinin yürütdüyü siyasətdən bezdikləri üçün yeni plan üzərində işləyirlər. İnternetdə var-gəl edən 5-6 gənclə meydanda olmağa çalışan Əli Kərimli ciddi narazılıq yaradıb: "Bildiyiniz kimi, son bir neçə ildə nüfuzu,siyasi arenada çəkisi olanların hamısı Əli Kərimlidən uzaqlaşdılar. Ötən il əslən Naxçıvandan olan Asəf Quliyevin də AXCP-dən getməsi bir mənalı qarşılanmadı. Məsələ ondadır ki, Əli Kərimlidən uzaqlaşanların hamısı partiyada hakim olan siyasi kursdan narazılıqlarını ifadə edirdilər. Əslində, doğrudan da belədir. Biz özümüz abrımıza qısılıb bir təhər dayanmışıq. 5-6 uşağı önə verməklə siyasət aparmaq olmaz. Əli Kərimlinin yanlış siyasəti AXCP-ni bu bərbad vəziyyətə saldı. İndi AXCP-nin vitrini uşaq-muşaqdan ibarətdir. Funksionerlərin siyahısına baxanda da hər şey aydın olur". Bir müddət öncə xəbər vermişdik ki, qurultayda Əli Kərimliyə qarşı alternativ namizəd irəli sürülməsi planlaşdırılmışdı. Əli Kərimlinin siyasətindən narazı olanlar namizədlərini də müəyyənləşdiriblər, amma hələlik hücumlara məruz qalmamaq üçün onun adı gizli saxlanılırdı.
Əldə etdiyimiz məlumata görə, AXCP sədri həmin qrupun planından xəbər tutub və nəmizədinin də kimliyini bilib. Aydın məsələdir ki, ona qarşı alternativ namizəd kimi irəli sürüləcək şəxsin keçmiş cəbhəçilərdən olan nüfuzlu ziyalılardan biri olduğu üçün Əli Kərimlinin ona qalib gələcəyi şübhə yaradıb. Bunu nəzərə alan Əli Kərimli hələlik qurultayı təxirə saldırıb ki, prosesləri öz xeyrinə çevirə bilsin. Amma görünən odur ki, AXCP daxilindəki qrup Əli Kərimlini sözün əsl mənasında divara dirəyib.

Qərib Gərayzadə