Şok! Separatçılar Ukrayna prezidentini duelə çağırdılar

Kreml yeni mərhələyə start verdi: "Leopard"lar Donetskdə!

"Luqansk Xalq Respublikası" separatçı qurumun "dövlət başçısı" İqor Plotnitski Ukrayna prezidenti Pyotr Poroşenkonu duelə çağırıb. Rusiya mediasının verdiyi məlumata görə, bu barədə separatçı liderin Poroşenkoya açıq məktubunda deyilir.
Plotnitskinin fikrincə, təkbətək döyüşün nəticəsi silahlı qarşıdurmanın qalibini müəyyən edəcək və müharibəyə son qoymağa imkan verəcək. "Gəlin qədim slavyan rəhbərləri və kazak atamanlarının nümunəsi üzrə təkbətək döyüşə çıxaq. Kim qalib gələrsə, o, qarşı tərəfə öz şərtlərini diktə etsin. Niyə insanları, iqtisadiyyatı və şəhərləri məhv edək? Bu yaralar sağaltmaq üçün sizə və bizə onilliklər lazım olacaq. Təkbətək döyüşdə bütün fikir ayrılıqlarına son qoymaq daha yaxşı deyilmi?" - deyə "dövlət başçısı" yazıb.
O həmçinin bildirib ki, təkbətək döyüşün televiziya ilə birbaşa yayımına etiraz etmir.
Rusiya mediası qeyd edir ki, Plotnitskinin məktubu Kiyevin müharibəyə hazırlaşdığı barədə bəyanatlarına cavabdır. Noyabrın 16-da Ukrayna prezidenti bildirib ki, Ukrayna ordusu hadisələrin inkişafına hazırdır.

Nazirin məsləhətçisi: "Putini elə vəziyyətə çatdırmalıyıq ki…"

Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşenko Krım və Donbas hövzəsinin Kiyev hakimiyyətinin nəzarətinə qaytarılması barədə danışıb.
Nazirin məsləhətçisi "5-ci kanal"ın efirində Rusiya prezidenti Vladimir Putinin nəinki Krım və Donbas hövzəsini qaytaracağını, həmçinin Kiyevi razı salmaq üçün əlavə güzəştlərə gedəcəyini deyib.
"Bəli, biz hazırda bu əraziləri hərbi yolla qaytara bilmirik, çünki orada Rusiya qoşunları var. Amma xarici partnyorlarla birlikdə Putini elə bir vəziyyətə çatdırmalıyıq ki, onun özü Novorossiya ideyalarından imtina etməyə və Kiyevə kompensasiya ödəməyə məmnuniyyətlə razı olsun", - deyə Qeraşenko vurğulayıb.

"Leopard"lar Donetskdə!

Ukraynanın Donbas hövzəsindəki münaqişə təhlükəli mərhələyə daxil olur. Rusiyanın yeni Rusiya hərbi texnikası Donetsk ətrafına çatıb. Bu barədə ABŞ-ın nüfuzlu "Foreign Policy" nəşri yazıb.
ABŞ nəşrinin yazdığına görə, "Interpreter" qəzetinin iki jurnalisti Şərqi Ukraynada dünən yeni hərbi texnikanı görüb. Jurnalist Menahem Kahana Donetskdən şərqdə yerləşən Toreze şəhərində "Leopard" 1RL232 yerüstü artilleriya kəşfiyyat stansiyasının şəklini çəkib. Hollandiyalı müstəqil jurnalisti Stefan Xeybom isə "Leopard" 1RL232 ilə yanaşı "Rıs" 1RL239-in şəkillərini çəkə bilib.
Hərbi ekspertlərin fikrincə, bu silahlar Rusiya tərəfindən dəstəklənən separatçıların arsenalını ciddi şəkildə gücləndirəcək. Sözügedən zirehli və silahlı radiolokasiya kompleksləri düşmən qüvvələrinin yerdəyişmələrini, həmçinin vertolyotlar və pilotsuz təyyarələrin hərəkətlərini izləmək imkanına malikdir. Bu silahlar həmçinin düşmən hədəflərinin dəqiq nişan alması funksiyasını icra edirlər. Bu funksiya separatçılara sadə artilleriya və "Qrad" raketlərini daha öldürücü silaha çevirməyə imkan verəcək. "Leopard" 1RL232 faktiki olaraq hava, quru və dənizdə 40 kilometrə qədər məsafədə olan hədəfləri dəqiq seçir.
"Foreign Policy" qeyd edir ki, Ukraynada bir neçə ədəd "Leopard" 1RL232-nin olması barədə iddiaların olmasına baxmayaraq, onların istifadəsi haqqında heç bir məlumat yoxdur: "Xüsusilə əhəmiyyətlidir ki, Şərqi Afrikada bu günə qədər bu texnika görməyiblər. Qeyd edək ki, tərəflər arasında barışıq əldə olunmasına baxmayaraq, Donetsk beynəlxalq aeroportu uğrunda döyüşlər davam edir. Döyüşlərdə artilleriya sistemlərindən də istifadə olunur. "Leopard" 1RL232 və "Rıs" 1RL239 kimi sistemlərdən bu döyüşlərdə istifadə olunması separatçılar üçün son dərəcə faydalı ola bilərdi. Ancaq onlar haqqında indiyə kimi heç kəs danışmayıb".
Son zamanlar şəkillər və videolardan görmək olar ki, Rusiyanın Donbas hövzəsində olduğu iddia edilən hərbi texnikaların bortlarında "H-2200" yazısı var. Kiçik yükü ifadə edən bu nişandan "Rusiya dəmir yolları" şirkətində istifadə olunur. Şirkətin rəhbəri Vladimir Yakunin isə Ukrayna böhranında iştiraka görə ABŞ-ın sanksiyaları altına düşüb. "VICE News" nəşrinin jurnalisti Saymon Ostrovski 9 noyabrda bir şəkil çəkib. Şəkildə Rusiyanın Rostov vilayətində "H-2200" nişanı ilə qatarlara yüklənilən "T-72" tankları görünür. ABŞ-ın Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı nümayəndəsi Daniel Ber də dəmiryol platformalarında eyni nişanla yüklənilən "T-72" tanklarını görüb.
Ukraynanın şərqinə Rusiya hərbi texnikasının bu cür genişmiqyaslı hərəkəti barədə NATO-nun Avropadakı güclərinin komandanlığı, general Filip Bridlavın bəyanatı təhlükənin ölçüsünü daha açıq şəkildə ortaya qoydu. NATO generalı iki həftə əvvəl Sofiya keçirdiyi bir mətbuat konfransında bildirdi ki, Ukraynanın ərazisinə daxil olan Rusiya tankları, artilleriya və zenit kompleksləri, həmçinin Rusiya döyüşçülərinin böyük partiyaları müşahidə olunur. ATƏT Rusiya müdaxiləsi barəsində daha ətraflı məlumat verib. Qurum Donbas hövzəsində fərqləndirici nişanları olmayan 43 hərbi yük maşınının qeydə alındığını açıqlayıb. Məlumata görə, kolon separatçıların nəzarət etdiyi Donetsk şəhərinə hərəkət edib. Kolonda beş ağır qaubitsa və beş reaktiv yaylım atəş sistemi qeydə alınıb.
ABŞ Müdafiə Nazirliyindəki mənbə "Daily Beast" nəşrinə bildirib ki, Ukraynada hazırda təxminən 7000 Rusiya hərbçisi, həmçinin 100 qədər tank, 400-dən çox zirehli avtomobil, 150-dən çox özüyeriyən artilleriya və reaktiv yaylım atəş sistemi yerləşdirilib. Həmin mənbə iddia edir ki, Rusiya-Ukrayna sərhədində isə zirehli maşınlar və artilleriya sistemləri ilə 40-50 min Rusiya hərbçisi var.
"Niyə Rusiya birdən-birə öz marionetkalarını belə güclü silahlarla təchiz etməyə başladı? RLS və "T-72"lər separatçılara nəzarət etdikləri ərazilərdə mövqeləri möhkəmləndirməyə, həm də Kiyev hakimiyyətinin nəzarətində olan əraziləri ələ keçirməyə imkan verir. Kremlin ehtimal edilən niyyətləri haqqında putinçilərin özləri danışırlar. Noyabrın 10-da "Daily Beast"a danışan politoloq Sergey Markov bildirib ki, Peski, Avdeyevka və Sçaste qədər olan ərazilərin tədricən nəzarət altına alınması planlaşdırılır. Sçastedə isə istilik elektrik stansiyası yerləşir. Maraqlıdır ki, Luqanskda son həftələr demək olar ki, ciddi döyüşlər getmir. Döyüşlər yalnız elektrik stansiyasının ətrafında gedir. Ehtimal ki, stansiya separatçılara elektrik enerjisi təchizatında Kiyevdən asılılıqdan qurtulmaq üçün lazımdır. RLS və "T-72"lər də ehtimal ki, məhz enerji mənbəyinin tutulması üçün lazımdır", - deyə "Foreign Policy" nəşri yazıb.
ABŞ nəşrinin qənaətinə görə, Putin çətin ki, ağır sanksiyalardan çəkinərək özünün imperiya layihəsinin iflası ilə barışmağa hazır olacaq: "Hazırda Qərbin əsas diqqəti Yaxın Şərqə yönəlib. Avropa Birliyi inandırır ki, sanksiyaları gücləndirməyi planlaşdırmır. Qərb həmçinin Ukraynaya sızan Rusiya qoşunları haqqında xəbərlərdən təngə gəlib. Rusiya lideri isə güman edir ki, onun uduşuna zəmanət verilib".

Kənan Rzaquliyev