İran yenə "atəşkəsi" pozdu
İran yenə "atəşkəsi" pozdu

Cənubi azərbaycanlılarından istifadə cəhdi

Deyəsən, İranın Azərbaycana yönəlik təxribat kampaniyasının ikinci raundu başlayıb. Bir neçə həftə öncəyə qədər iki ölkə arasında yaranmış siyasi gərginlik məlum olmayan səbəblərdən sakitləşdi. Daha doğrusu, Türkiyənin İranla sıx əməkdaşlığından sonra İran Azərbaycana yönəlik avantürist addımlarına ara verdi. Belə bir rəy yarandı ki, İran artıq Azərbaycanla razılaşmaya gəlib və qarşılıqlı ittihamlara ara verilir.

Qeyd edək ki, İran Azərbaycanı İsraillə əməkdaşlıqda ittiham edirdi və belə bir rəy yaradılmışdır ki, İrana hərbi müdaxilə olan zaman Azərbaycanın ərazisindən istifadə olunacaq.
Amma prezident İlham Əliyev çıxışlarında bildirdi ki, Azərbaycan öz ərazisindən kiminsə İrana qarşı istifadə etməsinə yol verməyəcək. Bundan sonra atəşkəs açıq-aşkar hiss olundu. Amma bu da müvəqqəti oldu. Bir neçə gün öncə gözlənilmədən İrana səfər edən iki gənc azərbaycanlı şair İranda oğurlandı. İndiyə qədər də onlardan xəbər yoxdur. İran rəsmiləri isə susmağa üstünlük verir. Şairlərin gələcək taleyi ilə bağlı isə heç bir məlumat və ya proqnoz yoxdur.
Bu məsələ həllini tapmamış İran tərəfindən ikinci yaylım atəşi açıldı. Belə ki, İranın Təbriz şəhərindəki Azərbaycan konsulluğu qarşısında yaxınlarda Bakıda keçiriləcək "Eurovision-2012" müsabiqəsinə qarşı mitinq keçirilib.
İran mediası yazır ki, "minlərlə insan homoseksualların Bakıya toplaşması"na etirazlarını bildirib. Onlar üzərinə "İsrailə ölüm!", "Hicab bizim fəxrimizdir!" yazılmış və Azərbaycan prezidenti İlham Əliyevi "sionist" adlandıran şüarlar da qaldırıblar.
Etirazçılar Azərbaycan rəhbərliyindən mayın axırında Bakıda keçiriləcək "Eurovision" yarışmasını ləğv etməyi tələb ediblər.
Təbriz, əsasən, Azərbaycan türklərinin yaşadığı şəhərdir. Aksiyadakı şüarların da çoxu azərbaycanca olub.
Amma İran mediası etirazların kim tərəfindən təşkil edildiyi barədə məlumat vermir.
"Eurovision"un homoseksual fanatları da çox olduğu üçün bəziləri bunu "gey parad" adlandırır.
Bundan əvvəl bəzi İran ruhaniləri də Bakıda keçiriləcək mahnı yarışmasının əleyhinə fikirlər səsləndirmişdilər.
Ekspertlər hesab edirlər ki, İranda məhz Təbrizdə aksiyanın keçirilməsi təsadüfi deyil. Çünki burada əsasən azərbaycanlılar yaşayır və bunun bir siyasi mənası var.
Həmçinin hesab edilir ki, bu aksiyadan sonra Bakı kəndlərində də bu tip etiraz aksiyaları təşkil olunacaq. Yəni bu bir başlanğıc siqnalı idi. Maraqlıdır, İranın yenidən belə aktivləşməsi nə ilə bağlıdır?
Ekspertlər hesab edirlər ki, əslində İran hər zaman bu siyasətini davam etdirəcək və burada iki başlıca səbəb var. Birincisi, İranın hər zaman olduğu kimi bu gün də Azərbaycanı dövlət kimi tanımaq istəməməsi, ikincisi, prezident İlham Əliyevin İranda yaşayan azərbaycanlılar tərəfindən də qəbul olunması.
Qeyd olunur ki, bu, İranı hər zaman düşündürüb və bu proseslər hələ ilk anlardan başlayıb.
Bildirilir ki, hələ İlham Əliyev prezident seçiləndə İranda prezidentə ikili yanaşma oldu. Bir qanad İlham Əliyevin prezidentliyinin İran üçün rahat olacağını düşünürdüsə, digər qanad təhlükə hiss edirdi. Amma birincilər daha çox üstünlük təşkil edirdi. Bu səbəbdən Təbrizdə nümayəndəliyin açılmasına və İlham Əliyevin Təbrizə getməsinə soyuqqanlı yanaşma oldu.
Amma … amma sonra aydın oldu ki, İLham Əliyev dediyi sözü hər gün reallaşdırmaqdadır. İlham Əliyev bildirmişdi: "Mən tək Azərbaycanın yox, dünyada yaşayan azərbaycanlıların prezidentiyəm".
Artıq buna heç kəsdə şübhə yeri qalmamışdı. İran nə qədər yanlışlıq buraxdığının fərqində idi və bunun qarşısını almaq üçün konkret addımların atılmasına start verdi.
Bu gün İranın Azərbaycana yönəlik apardığı siyasətə, informasiya savaşına diqqət yetirin. Məqsəd nədir? Sadəcə olaraq, İranda yaşayan azərbaycanlılar arasında İlham Əliyevin nüfuzuna zərbə vurmaq.
Bir ay ərzində İran daxilində Azərbaycan əleyhinə aparılan informasiya savaşının 80 faizdən çox yükü, İlham Əliyevin nüfuzunu aşağılamağa yönəlib. Və bu təbliğat əsasən azərbaycanlıların sıx yaşadığı Təbriz, Ərdəbil kimi iri şəhərlərdə aparılır. Dünən Təbrizdə təşkil edilən mitinqin də kökündə məhz bu məsələ dayanır.
Amma ekspertlər hesab edirlər ki, bu gün İranın atdığı bu addımlar çox təsirsizdir və əks effekt verir.
İlham Əliyevin İranla bağlı siyasətində İran elitasını qıcıqlandıran səbəblərdən biri də budur ki, dünənə qədər Avropa və ABŞ-da fəaliyyət göstərən İran azərbaycanlılarının diaspora təşkilatları Azərbaycan azərbaycanlılarının yaratdıqları diaspora təşkilatlarından kənarda fəaliyyət göstərirdi. Bu gün isə bunun tam əksini görürük. Artıq bu diaspora təşkilatları birgə fəaliyyət göstərir və yaxın zamanlarda bu əlaqələr daha da güclənəcək. İrandan kənarda azərbaycanlılar nə qədər mərkəzləşmiş fəaliyyət göstərirlərsə, sabah İranın daxilində də bu proses baş verəcək.
Ekspertlərin fikrincə, məhz bu faktora görə də İranın rahatlığı yoxdur və hər zaman bu cür təxribatları gözləməyə dəyər.
Mehdi Əli