Təhsil naziri: "Müəllimlərin maaşı ilə bağlı konkret qərar veriləcək"
Təhsil naziri: "Müəllimlərin maaşı ilə bağlı konkret qərar veriləcək"

Milli Məclisin 2015-ci ilin dövlət büdcəsi ilə bağlı keçirilən plenar iclasında təhsil naziri Mikayıl Cabbarov çıxış edib.
Nazir deputatların təklif və iradlarına cavab verib. Mikayıl Cabbarov müəllimlərin əmək haqlarının müəyyənləşməsi məsələsinə toxunarkən bildirib ki, 12 saat olan üçün minimal əmək haqqı 155 manat, maksimal isə 207 manatdır.
Nazir qeyd edib ki, bütün respublika üzrə müəllimlərlə bağlı rayon və kənd məktəblərində vakant ştatların sayı 3%-dən 1%-ə enib. Onun sözlərinə görə müəllimlərin həvəsləndirilməsi istiqamətində işlər görülüb.
Mikayıl Cabbarov sınaq qiymətləndirilməsi ilə bağlı səslənən təkliflərə də münasibət bildirib:
"Biz sınaq qiymətləndirmədən keçməyən müəllimlərin təkmilləşdirilməsi üçün imkan yaradırıq. Yalnız bundan sonra attestasiyanı həyata keçiririk. Gördüyünüz kimi, biz sosial yanaşmaya üstünlük veririk. Sınaq qiymətləndirmədən keçən müəllimlər üçün əmək haqlarının artımına gəldikdə isə deyə bilərəm ki, bu istiqamətdə müvafiq müzakirələr gedir. Müvafiq qərar layihəsi qısa müddət ərzində razılaşdırılacaq. Sınaq qiymətləndirmədən keçmiş müəllimlərin mərhələli olaraq əmək haqlarının artırılması istiqamətində konkret qərar veriləcək. Güman edirəm ki, biz buna nail ola biləcəyik".
Təhsil naziri qeyd edib ki, bu model gələcəkdə bütün respublika ərazisində tətbiq oluna bilər. Mikayıl Cabbarovun sözlərinə görə, Təhsil Nazirliyi yeni müəllimlərin işə götürülməsi istiqamətində də iş aparır.
Hərbi hazırlıq və bədən tərbiyəsi üzrə tədrisin aşağı səviyyədə olması barədə deyilən tənqidləri də dəyərləndirən Mikayıl Cabbarov deyib ki, rəhbərlik etdiyi qurum bu yöndə problemlərin aradan qaldırılması üçün gərəkli addımlar atır.
Nazir deyib ki, xaricdən professorlar Azərbaycan ali məktəblərinə cəlb ediləcək. Mikayıl Cabbarov orta məktəblər üçün dərs vəsaitlərinin çəkisinin ağır olmasına da diqqət çəkib: "Azərbaycanın ümumtəhsil məktəblərində birinci sinifdə tədris vəsaitlərinin ümumi çəkisi 1 kq 240 qramdır. Gələcəkdə bunun mümkün qədər daha da optimallaşdırılmasına çalışırıq".