Maydan hadisələrinin ildönümü: itirilən torpaqlar və avrointeqrasiya arzusu
Maydan hadisələrinin ildönümü: itirilən torpaqlar və avrointeqrasiya arzusu

Rusiyanın məşhur müxalifətçisindən şok açıqlama: "Putin dünya ilə müharibəyə hazırlaşır"

Dünən Rusiya və Qərbi ciddi qarşıdurmaya gətirib çıxaran Maydan hadisələrindən bir il keçib.
Belə ki, 21 noyabr 2013-cü ildə xalq Rusiyameyilli xarici siyasi kurs aparan prezident Viktor Yanukoviçə qarşı etiraz olaraq Ukrayna Azadlıq Meydanına çıxdı.

Avropa Birliyi ilə assosiasiya haqqında razılaşmanın təsdiqinin dayandırması haqqında baş nazir Nikolay Azarovun bəyanatı etiraz aksiyaların başlanmasının başlanğıcı oldu. Qısa müddət ərzində Kiyevdə çadır şəhərciyi yarandı.
Noyabrın 30-da xüsusi təyinatlı "Berkut" gücləri Azadlıq Meydanına toplaşanlara qarşı güc tətbiq etdi. Dekabrın 1-də buna etiraz edən yüz minlərlə insan Meydana çıxdı. Yanvarın 16-da Ali Radada qəbul olunan qərarlar isə vəziyyəti daha da pisləşdirdi. Sözügedən qanunlar insanların etiraz aksiyalarda iştirak etmək hüququnu məhdudlaşdırırdı. Yanvarın 22-də Kiyevin Qruşevski küçəsində "Berkut" ilə yenidən qarşıdumalar yaşandı. Qarşıdurmalarda 3 nəfər ölmüşdü.
18 fevralda Kiyevin hüquq-mühafizə orqanları isə aksiya iştirakçıları arasında toqquşmalar oldu. Səhəri gün isə Ukrayna Təhlükəsizlik Xidməti antiterror əməliyyatı rejimi tətbiq elan etdi. Fevralın 18-dən 20-nə qədər olan vaxt ərzində 75 insan həlak oldu.
21 fevralda Ukraynada siyasi böhranın nizama salınması haqqında razılaşma imzalanmışdı. Razılaşma Ukrayna prezidenti Viktor Yanukoviç və Maydan hərəkatının liderləri olan Vitali Kliçko, Arseniy Yasenyuk və Oleq Tyaqnibok arasında imzalandı.
22 fevral gecəsi isə Maydan fəalları hüquq-mühafizə əməkdaşları tərəfindən tərk edilmiş hökumət binasını tutaraq bir sıra yeni tələblər irəli sürdü. Onlardan biri də prezident Yanukoviçin təcili istefası tələbi idi. Proseslərin dönməz olduğunu başa düşən Yanukoviç canını qaçmaqla qurtardı.
Kiyevdə Yanukoviç kimi müttəfiqini itirən Rusiya Krım planının icrasına başladı. Martın 16-da Krım Muxtar Respublikası və Sevastopolda referendum keçirməyə nail olan Rusiya iki gün sonra yarımadanı özünə birləşdirdi. Eyni vaxtda Donetsk, Luqansk və Xarkov vilayətlərindən Kiyev üçün pis xəbərlər gəlməyə başladı. Xarkov vilayətində prosesləri nəzarət altına almaq mümkün olsa da, digər iki vilayətdə dövlət binaları bir-birinin ardınca separatçıların əlinə keçdi. Aprel ayında başlayan antiterror əməliyyatları sentyabrın 5-də imzalanan Minks razılaşması ilə demək olar ki, uğursuzluqla nəticələndi.
Düz bir il bundan əvvəl başlanan Maydan hadisələrinin nəticəsi ortadadır: Krım əldən gedib, Luqansk və Donetsk vilayətlərinin əhəmiyyətli hissəsi üzərində nəzarət itirilib və bərpasına da ümid olduqca azdır. Yeni hakimiyyətin isə avrointeqrasiya kursunun isə Ukrayna xalqına nə verəcəyi qaranlıq olaraq qalır.

Nemtsovdan şok açıqlama

"Putin 10 il müddətində sanksiyalara hazırlaşmağı söyləyib". Bunu məşhur rusiyalı müxalifətçi Boris Nemtsov deyib. Nemtsovun fikrincə, Rusiya İkinci Soyuq Müharibəni yaşayır: "Bu isə o deməkdir ki, Putin bütün dünya ilə müharibə və qarşıdurma aparacaq; O, iqtisadiyyatı və sanksiyalardan əziyyət çəkən vətəndaşların problemlərini vecinə almayacaq; 2024-cü ilə kimi Rusiyaya başçılıq edəcək. Biz İkinci Soyuq müharibənin reallığında yaşayırıq. Əvvəlki soyuq müharibədə SSRİ uduzub. Ona görə də yeni soyuq müharibəni uduzmaq şansı yüksəkdir. Çünki Qərblə Rusiyanın iqtisadi potensialı arasında çox böyük fərq var. Rusiya Avropa və Amerikanın iqtisadiyyatının 6%-i qədərdir. Buna görə də çoxmüddətli sanksiyalar baxımından İranın həyat təcrübəsini öyrənmək lazımdır".

Ukraynada koalisiya
NATO-nu prioritet elan etdi

"Pyotr Poroşenkonun Bloku", "Xalq cəbhəsi", "Qarşılıqlı Yardım", "Radikal" və "Batkivşina" partiyaları bu gecə mövqelərini uyğunlaşdıraraq koalisiya razılaşması imzalayıblar. Bu barədə Ali Radadakı mənbə bildirib.
Koalisiya üzvlərinin Ukraynanın neytral statusunun ləğvi barədə razılaşması diqqət çəkir. Razılaşmaya əsasən, Şimali Atlantika İttifaqına (NATO) giriş bundan sonra Ukrayna xarici siyasət kursunun prioritetlərindən olacaq.
Siyasi güclər həmçinin yeni parlamentdə deputat toxunulmazlığını ləğvi barədə razılaşıb. Koalisiya prezidentin impiçmentinin prosedurunu təsdiq edəcək. Razılaşmanın daha bir bəndi Avropa Birliyi ilə imzalanan assosiasiya haqqında razılaşmanın bütün bəndlərinin icrası ilə bağlıdır.
"Bundan başqa, razılaşmaya əsasən, deputatlar yeni seçki sistemini qəbul edəcək və majoritar seçki sistemi ləğv olunacaq. Koalisiya üzvləri Ukraynada mərkəzləşmədən uzaqlaşmağın həyata keçirilməsi barədə razılaşıblar. Tərəflər razılaşıb ki, Ukrayna Krım üzərində nəzarəti qaytaracaq və Rusiyaya qarşı iddialarla çıxış edəcək. Həmçinin Ukrayna şərqdə hərbi hissələrin daimi dislokasiya yerlərini yaradacaq və müdafiə ehtiyaclarına xərclənəcək vəsait ümumi daxili məhsulun 3 faizindən az olmayacaq. Korrupsiyaya qarşı büro və Daxili İşlər Nazirliyində keçiriləcək islahatlar çərçivəsində Milli polis yaradılacaq", - parlamentdəki mənbə bildirib.

Qorbaçovdan Putinlə bağlı maraqlı açıqlama

"Rusiya prezidenti Vladimir Putin özünə həddindən artıq güvənmə xəstəliyinə tutulmağa başlayıb və özünü Allah hesab edir". "ukrinform.ua" saytının verdiyi məlumata görə, bu sözləri SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov "Kremldən sonra" adlı yeni kitabının Moskvada keçirdiyi təqdimat mərasimində deyib.
"Bizdə prezident Putin var. Fikrimcə, o, bir vaxtlar mənim tutulduğum xəstəliyə tutulmağa başlayıb və ozünü Allah hesab edir. Ən azından Allahın müavini, amma hansı məsələlər üzrə olduğunu bilmirəm", - deyə M.Qorbaçov bildirib.
Keçmiş prezident həmçinin qeyd etdi ki, Vladimir Putin Boris Yeltsinin prezidentliyindən sonra Rusiyanı dağılmaqdan xilas etmək üçün çox şey etdi: "Yeltsindən sonra vəziyyəti sabitləşdirmək üçün Putin böyük rol oynadı. Faktiki olaraq, o, Rusiyanı dağılmaqdan xilas etdi. Bunun üçün "nüfuzlu metodlar"dan istifadə olunurdu".

Ukraynada münaqişələr
zamanı 4.317
nəfər həlak olub

Şərqi Ukraynada münaqişə başlayandan noyabrın 18-dək 4.317 nəfər həlak olub, 9921 nəfər yaralanıb. Bu barədə BMT-nin dünən yaydığı hesabatında bildirilir.
Hesabata əsasən 4.300 nəfərdən əlavə 1000 nəfər sentyabrlə vurulub, 5 nəfər isə atəşkəs elan ediləndən sonra öldürülüb.
Bundan başqa hesabatda bildirilir ki, Ukraynanın şərqində işgəncə, adam oğurluğu, insan haqlarının pozulması halları davam edir.
Sentyabrın 5-dən atəşkəsin elan olunmasına baxmayaraq məcburi köçkünlərin sayının əhəmiyyətli dərəcədə artdığı bildirilir.
Hesabatda Ukraynanın şərqində qanunsuz məxvi həbsxanaların fəaliyyət göstərdiyi, həmin həbsxanalarada saxlanılanlara işgəncə verildiyi, minlərlə adamın itkin düşdüyü qeyd olunur. Münaqişə zonasına daxil olan rayonlarda minlərlə QİÇS və vərəm xəstələrinə tibbi yardımın göstərilmədiyi sənəddə xüsusilə vurğulanır.

Rusiyalı zabitdən
sensasion etiraf

Rusiya silahlı qüvvələrinn Baş qərargahı nəzdində Baş Kəşfiyyat İdarəsinin (QRU) zabiti, Ukrayna separatçılarının keçmiş rəhbəri İqor Strelkovdan şok bir açıqlama gəlib.
Rusiya mediasının verdiyi məlumata görə, Strelkov Donbas hövzəsindəki müharibə üçün özünün məsuliyyət daşıdığını bildirib.
İ.Strelkov qeyd edib ki, münaqişənin əvvəlində Ukrayna sərhədini keçən dəstəsi Donbasda hərbi əməliyyatların başlanmasına görə günahkardır. "Müharibənin tətiyini mən çəkdim. Əgər bizim dəstəmiz sərhədi keçməsəydi, nəticədə hər şey Xarkov və Odessada olduğu kimi başa çatardı. Bir neçə on nəfər öldürülə, yandırıla və həbs edilmiş olardı. Biz masadakı bütün kartları qarışdırdıq", - deyə avqustun ortasında Donbas hövzəsini tərk edən rusiyalı zabit bildirib.
O, həmçinin etiraf edib ki, 5 iyula qədər separatçılar çətin vəziyyətdə olublar. Strelkov daha sonra Rusiya hərbçilərinin gəldiyini vurğulayb.

Kənan Rzaquliyev