Ramil Usubov gürcü nazirlə görüşdü
Ramil Usubov gürcü nazirlə görüşdü

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonaqları səmimi salamlayan nazir xalqlarımız arasındakı dostluğun qədim tarixə malik olduğunu, ikitərəfli münasibətlərin qurulmasında və inkişafında ulu öndər Heydər Əliyevin danılmaz xidmətlərini xatırladıb. R.Usubov bu münasibətlərin ölkə başçılarının siyasi iradəsinə, müəyyənləşdirdiyi strategiyaya uyğun uğurla inkişaf etdiyini, qarşılıqlı səfərlər nəticəsində daha da dərinləşdiyini bildirib. O, qeyd edib ki, ölkəmizdə müxtəlif dinlərə və dillərə məxsus xalqlar əsrlər boyu tolerant bir mühitdə, dostluq və mehribanlıq şəraitində yaşayır, bu gün respublika daxili işlər orqanlarının sıralarında həmin millətlərin nümayəndələri də layiqiqncə xidmət edirlər.
Daha sonra nazir R.Usubov ölkədəki kriminogen durum, sabitliyin dönməzliyinin təmin olunması üçün ötən dövr ərzində görülən işlər və həyata keçirilən islahatlar barədə qısa məlumat verib. O, dost və qardaş xalqlarımızın mənafelərinə, bölgədə təhlükəsizliyin təmini işinə xidmət edən əməkdaşlığın daha da genişlənməsinin vacibliyini bildirib.
Səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edən G.Dumbadze 2001-2005-ci illərdə ölkəsinin respublikamızdakı səfirliyində müşavir kimi fəaliyyət göstərməsini xatırladaraq, ulu öndər Heydər Əliyevlə bağlı xoş xatirələrini bölüşüb, Azərbaycanın, o cümlədən paytaxt Bakının tanınmaz dərəcədə dəyişdiyini və dinamik templə inkişaf etdiyini məmnunluqla qeyd edib.
Görüşdə Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze də iştirak edib.