Müsavat Partiyası qarşıdurmaya gedir
Müsavat Partiyası qarşıdurmaya gedir

İsa Qəmbər partiyadaxili gərginliyi arxa plana keçirmək üçün qarışıqlıq yaratmaq planı qurub

Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Divan üzvü Səxavət Soltanlı deyib ki, iclasda ictimai-siyasi məsələlər, dünən keçirilən ümumrespublika müşavirəsi barədə müzakirələr aparılıb.

Onun sözlərinə görə, partiya 10 Dekabr - Beynəlxalq İnsan Haqları günü ilə bağlı dekabrın 14-nə mitinq təyin edib. Mitinqin keçmiş "Məhsul" stadionunda keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndəriləcək.
Məsələylə bağlı "Unikal"a açıqlama verən BAXCP fəalı,tanınmış hüquqşünas Mehman Muradlı deyib ki, son dövrlər Müsavat Partiyası eksperimentlər üzərində fəaliyyətini qurmaq istəyir. Amma bu da çox ciddi problemlərlə müşayiət olunur. Onun sözlərinə görə, ilk eksperiment uğursuz nəticələnib: "Qurultaydan sonra partiyadan istefa verənlərin sayı çoxaldı. Hətta partiyanın son ümumrespublika müşavirəsində başqanlığa keçmiş namizəd Qubad İbadoğluyla keçmiş başqan İsa Qəmbər arasında olan mübahisə partiyanın əvvəllər qürurlandığı monolitliyindən əsər əlamətin qalmadığını göstərdi. Partiyanın bu vəziyyətində lazımsız mitinqə getmək xarekerilikdən başqa bir şey deyil. Bu səbəbdən də həmin mitinqdən ciddi nəsə gözləmək lazım deyil".
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə bildirib ki, ölkədə təxribat xarakterli aksiyalar təşkil edən partiyalara və onların funksionerlərinə qarşı çıxmaq üçün hər zaman hazırdırlar: "Bizdə olan məlumata görə, Müsavat Partiyası da mitinqə hazırlaşır. Hesab edirəm ki, artıq "Müsavat" sıradan çıxmış bir partiyadır. İstəkləri də gündəmdə qalmaqdır, başqa heç nəyə nail ola bilməyəcəklər. Üzdə olan simaları da ya yeni partiya yaradacaqlar, ya da bizimlə birləşəcəklər. Müsavat Partiyası mitinq keçirsə, Arif Hacılı və onun qardaşlarından başqa meydana heç kim gəlməyəcək. Onlardan fərqli olaraq, Müasir Müsavat Partiyasının mitinq keçirməsi hər zaman gündəmdədir. Ölkədəki situasiyanı nəzərə alaraq, Azərbaycana edilən basqılara cavab vermək üçün biz də mitinqə hazırlaşırıq. Əgər bəlli şəxslər Azərbaycan dövlətçiliyinə xələl gətirmək üçün aksiya keçirsələr, onların əksəriyyətini məhv edəcəyik. Hətta bunun üçün lazım olsa baş da kəsəcəyik. Biz imkan vermərik ki, Azərbaycanda bugünkü sabitlik pozulsun. Bizim boçkalardan düzəltdiyimiz çox gözəl tribunamız var. Əgər Milli Şura bir daha mitinq keçirsə və onlara icazə verilsə, bizə verilməsə, meydanın digər tərəfində öz tribunalarımızı qurub aksiyamızı keçirəcəyik".
"Unikal"ın əldə etdiyi məlumata görə, Müsavatın təkbaşına mitinq keçirmək planı İsa Qəmbərin təşəbbüsüdür. Bu barədə bizi bilgiləndirən şəxsin sözlərinə görə, İsa Qəmbər partiya ətrafında yaranan gərginlikdən diqqəti yayındırmaq üçün belə bir addım atıb. "Gördüyünüz kimi, Müsavatda iki tirəlik yaranıb. Hər iki tərəf bir-birini qırırı. Prosesə müdaxilə edə builməyən İsa Qəmbər çıxış yolunu mitinq keçirərək camaatın başını qatmağa çalışır. Amma onun ikinci bir planı da var. Belə ki, İsa Qəmbər hazırda məsuliyyəti özü daşımadığına görə,mitinqdə qarşıdurma yaranmasına da cəhd edəcək. Bunun üçün müəyyən qurupların yaradıldığı da bildirilir. Çox güman ki, mitinqə icazə verilməyəcək, onlar da icazəsiz aksiya keçirəcək, bir qrup gənc asayişi pozan hərəkətlər edəcək. Polis müdaxiləsindən sonra ara qarışacaq. İsa Qəmbər belə bir plan cızır ki, həm müəyyən dairələrin sifarişini yerinə yetirsin, həm də Müsavatla bağlı diqqətyayındırıcı hadisə olsun", - deyə mənbi fikrini tamamlayıb.

Qərib Gərayzadə